Laçının laçın vaxtları hələ indi başlayır

18:37 23-06-2023 | icon 437 | Qarabağ
Laçının laçın vaxtları hələ indi başlayır

Laçın şəhərinin sürətli dirçəlişi, inkişafı hər zaman ürəyimizdə daşıdığımız ümidin əbəs olmadığının bariz nümunəsidir. Laçınlılar heç zaman inamlarını itirmədilər və bu gün isə inamlarının bəhrəsini görürlər.

 

Versus.Az xəbər verir ki, Qarabağ bürosu xəbər verir ki, Laçında həyata keçirilən layihələri, aparılan quruculuq işlərini gördükdə bu şəhərin nəinki laçınlıların həyatında, eləcə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını əminliklə söyləmək olar.

 

Laçına səfər zamanı ilk dayanacağımız olan Həkəri çayının ətrafında salınan çaykənarı bulvara nəzər saldıqda artıq şəhərdə görülən işlərin yüksək səviyyədə olduğunu sezmək mümkündür. Çay hövzəsində salınan bulvar, əsaslı təmir edilən iki körpüdə görülən memarlıq işləri diqqətimizi çəkir.

 

 

Şəhərin küçələri ilə irəlilədikcə görünən texnikalar, həvəslə çalışan insanlar, ətrafa yayılan çəkic səsləri buranı böyük tikinti meydançasına bənzədir. Bu işlərin nəticəsidir ki, artıq laçınlı sakinlər mərhələli şəkildə şəhərə köçürülür. 31 ildən sonra yenidən qurulan, gözəlliyi ilə göz oxşayan Laçına 50-dən çox ailə köçürülüb. Hazırda da işlər davam etdirilir, tikintisi başa çatan evlər öz sakinlərini gözləyir.

 

“Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov ilə söhbət etdik, hazırda rayon mərkəzində görülən işlərlə bağlı məlumat aldıq.

 

O deyir ki, Laçında təmir işləri davam edir: “Bununla bərabər ailələrin köçürülməsi prosesi də həyata keçirilir. Ailələrin köçürülməsi bizi daha da ruhlandırır, işlərimizi daha həvəslə və keyfiyyətlə görməyə səbəb olur. Tikdiyimiz və bərpa etdiyimiz evlərdə Laçının doğma sakinlərinin rahat yaşadığını düşünəndə çox sevinirik”.

 

Şəhərdə aparılan kompleks tikinti işləri zamanı kommunikasiya xətlərinin də paralel olaraq inşası davam edir. Müsahibimiz qeyd etdi ki, artıq kommunikasiya xətlərinin çəkilməsi prosesində yekun işlər aparılır. Hazırda bu sahədə ümumi işin 90%-dən çoxu yerinə yetirilib.

 

 

“Laçında kommunikasiya xətlərinin 90-95%-i artıq başa çatıb. Bütün kommunikasiya sahələrində aparılan işlər müasir tələblərə tam cavab verir. Müasir avadanlıqlardan və yeni materiallardan istifadə etməklə görülən işlər sakinlərə göstərilən xidmətin daha keyfiyyətli olacağını deməyə əsas verir”, - deyə müsahibimiz əlavə edib.

 

Bəzi fərdi yaşayış evlərinin də yaxın vaxtlarda təhvil verilməsinin nəzərdə tutulduğunu bildirən idarə rəsmisi onu da qeyd edib ki, hazırda 600-ə yaxın ev təmir edilir, son tamamlama işləri aparılır.

 

Laçında evlərlə yanaşı inzibati binaların, obyektlərin tikintisinə şahid olduq. İşğal zamanı ermənilərin dağıdaraq məhv etdiyi təhsil müəssisələri də yenidən qurulur.

 

“Laçında təmir olunan əsas binalar içərisində məktəblər də var. Hazırda əsas iş 2 saylı məktəbdə aparılır. Əvvəllər 600 şagird yerlik olan məktəb indi 900 yerlikdir. Burada da təmir işləri artıq son tamamlanma mərhələsindədir. Tezliklə bərpa prosesini tam başa çatdırıb yeni tədris ilinədək tam hazır etməyi planlaşdırırıq. Vaxtı ilə məzunu olduğum məktəbin yenidən bərpasında əməyim olduğu üçün çox sevinirəm”, - deyə Nəsimi Əsədov diqqətə çatdırıb.

 

 

Laçın şəhəri azad edildikdən dərhal sonra təmir bərpa işlərinə başlanılan ən vacib obyektlərdən biri də xəstəxanadır.

 

Laçın şəhərində ilk istifadəyə verilən müəssisələrdən birinin xəstəxana olduğunu söyləyən “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini bildirib ki, şəhərdə ilk olaraq modul tipli xəstəxana inşa edilib:

 

“Həmin xəstəxana ən son müasir tibbi avadanlıqlarla təmin olunub. Hazırda xəstəxananın tibbi personalı burada çalışan işçilərlə bərabər məskunlaşan sakinlərin də tibbi ehtiyaclarını qarşılayır. Eyni zamanda şəhərin əsas mərkəzi xəstəxanasının da tikinti işləri davam edir”.

 

31 illik işğal dövründə ermənilər qədim tikililəri də məhv etməyə çalışıblar. Şəhərin mərkəzində olan bu cür tarixi yerlər bərpa işləri zamanı əvvəlki görkəmi saxlanılmaqla restavrasiya olunur.

 

 

“Şəhərin əsas mərkəzi küçələrindən biri “Azərbaycan” küçəsidir. Layihəyə uyğun olaraq həmin küçədə bərpa prosesi xüsusi həssaslıqla aparılır. Küçənin açıq hava muzeyi kimi saxlanılması nəzərdə tutulur. Buranın təkcə rayon sakinlərinin deyil, həmçinin turistlərin də cəlb ediləcəyi bir məkana çevrilməsi nəzərdə tutulub. Avtomobillərin girişinin tam məhdudlaşdırılacağı həmin küçədə, sakinlərin gəzintisi üçün park, həmçinin amfiteatr, konsert zalı kimi məkanların tikintisi planlaşdırılıb”, - deyə həmsöhbətimiz vurğulayıb.

 

Nəsimi Əsədov Laçın şəhərinin dağlıq relyefdə olmasına baxmayaraq, burada çoxmənzilli yaşayış binalarının da inşasının aparılacağını bildirib:

 

“Prezident İlham Əliyevin mayın 28-də Laçına səfəri zamanı çoxmənzilli yaşayış binalarının təməli qoyuldu. Həmin binaların tikintisi ilə bağlı yaxın vaxtlarda inşaat işlərinə start verəcəyik. Təxminən 38 çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulub”. /Report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN

Taksi bahalaşdı, marşrutların intervalı isə...

Putindən gözlənilməz açıqlama