Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.
Versus.Az xəbər verir ki, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib.
Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır.