Qiymət artacaq, endirim olmayacaq

10:00 04-09-2023 | icon 277 | İqtisadiyyat
Qiymət artacaq, endirim olmayacaq

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 23-cü sərgi-satış yarmarkası keçiriləcək. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Xatırlayırsınızsa, bir müddət əvvəl arıçılar bu il ölkədə bal qıtlığı olacağını bildirmişdilər. Buna səbəb kimi havaların qeyri-sabit və küləkli keçməsi göstərilmişdi. Hava şəraiti ilə əlaqədar arılar yetəri qədər məhsul toplaya bilməyib.

 

Bəs bu vəziyyət yarmarkaya necə təsir edəcək? Satış üçün kifayət qədər balımız varmı?

 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

 

“Necə olacağını oktyabrın 2-də görəcəyik”

 

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, balın çox və ya az yığılması yarmarkaya təsir etmir:

 

“Azərbaycanda 23 min arıçı var. Yarmarkada isə 250 nəfər arıçı iştirak edəcək. Yarmarkada iştirak edənlər ölkə üzrə fermerlərin bir faizi qədər belə deyil. Kim istəyirsə, yarmarkada iştirak edə bilər. Qeydiyyat hələ yeni başlayıb. Biz yalnız təşkil edirik, qiymətə və digər məsələlərə qarışmırıq. Keçən il yarmarkada 15 manata da, 50 manata da bal var idi. Balın çox və ya az olmasının da yarmarkaya aidiyyəti yoxdur. Çünki yarmarkada limit var. Elə insan var limitdən az, elə adam var limit qədər gətirir. Necə olacağını oktyabrın 2-də görəcəyik. Keyfiyyətə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir ki, yarmarkada saxta bal olmasın”.

 

 

Arıçılar üçün əsas müştərilərini itirməməkdir

 

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı dedi ki, yarmarkaya 50 kiloqram bal gətirmək də mümkündür:

 

“Yarmarkada 400 kiloqram bal elə də çox deyil. 50 arısı olan arıçı bu qıtlıqla 500-600 kiloqram bal süzüb. Elə adam var 200 arı pətəyi var. Bəzi arıçılar yarmarkaya çox az bal gətirir. Sadəcə, daimi müştəriləri var. Həmin müştəriləri qorumaq üçün iştirak edirlər. Bəzi arıçılar başqalarından bal götürür. Məsələn, üç arıçıdan yarmarkada biri iştirak edir. Həmin iştirak edən digərlərindən bal götürür. 400 kiloqramdan az bal çıxarılması problem deyil. Bəzi adamlar çox bal gətirirdi deyə, hədd qoyuldu. Onsuz da artıq qalırdı və arıçılar geri aparmalı olurdular. Çox güman ki, bu il arıçılar yarmarkaya keçən ilə nisbətən az bal gətirəcəklər. Arıçılar üçün əsas yarmarkada iştirak etmək, müştərilərini itirməməkdir. Yarmarka daha çox arıçıların görüşü, bayramıdır. Ona görə hamı yarmarkada olmaq istəyir”. Yarmarkada 5-10 manat bahalaşma olacaq E.Bayramlının sözlərinə görə, bal satışından bu il daha az gəlir əldə ediləcək: “Ümumi bal qiymətləri minimum 5 manat da olsa, bahalaşıb.

 

Yarmarkada da 5-10 manat bahalaşma olacaq.

 

Bu da məcburiyyətdəndir. Yarmarkada əvvəlki illərdəki kimi endirim olmayacaq. Arıçı hər il yarmarkada 400 kq balı 20 manatdan satırdısa, 800 manat gəlir əldə edirdi. Bu il 300 kq bal çıxarıbsa, 25 manatdan satsa, 750 manat qazanmış olur. İstənilən halda gəlir azalacaq”.

 

 

Bu il yarmarkada aşağı keyfiyyətli bal çox olacaq

 

Müsahibimiz qeyd etdi ki, bəzən məcburiyyətdən aşağı keyfiyyətli balı da yarmarkaya qəbul edirlər:

 

“Kimsə keçən ilin qiymətləri ilə - 10-15 manata bal satsa, deməli, onun balı aşağı keyfiyyətlidir. Hər il balların 30 faizi ən aşağı keyfiyyətli ballar olur. Bu il daha çox olacaq. Amma yarmarkada ən keyfiyyətli ballar iştirak etməlidir. Bu il balların daha diqqətlə yoxlanılması tapşırılıb. Çünki bu il şəkər verilən arılar daha çoxdur. Yemləmə daha çox edilir ki, arılar həyatda qalsın”.

 

AQTA diastaza fermentini yoxlayır

 

E.Bayramlının fikrincə, bu il arılara şirə ilə daha çox yemləmə edilir deyə, keyfiyyəti aşağıdır:

 

“AQTA diastaza fermentini yoxlayır. Diastaza keçidi altıdır. Keçid altıdırsa, heç olmasa balın keyfiyyəti 8 olmalıdır. Arıya şərbət verilsə də, balı istehsal edəndə ağzından mürəkkəb şəkərin sadə şəkərlərə parçalanması üçün diastaza fermentini qatır. Amma təbii olanda ağacdan, çiçəkdən də həmin ferment gəlir. Arı da əlavə edəndə daha keyfiyyətli olur. Amma yalnız arı qatanda, o zaman keyfiyyətsiz və aşağı göstəricili bal alınır. Belə balların bəzisi yoxlamadan keçib qəbul edilir, amma keçməyib geri qaytarılanlar da var”.

 

Baldan daha ehtiyatla istifadə edəcəklər

 

Həmsöhbətimiz həmçinin bildirdi ki, insanlar bu il qıtlıqla əlaqədar daha çox bal alıb saxlaya bilərlər:

 

“Yarmarkaya çıxarılacaq ballar ümumi Azərbaycanda istehsal olunan məhsulun təxminən yetmişdə bir hissəsidir. Bu da çox cüzi göstəricidir. Keçən il 10 kq bal istifadə edirdisə, bu il 5 kq istifadə edəcək. Yəni, bal azalsa da, ondan daha ehtiyatla istifadə edəcəklər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR