Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU
Masallıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Eminli kəndinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.
Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan əlavə, şöbə əməkdaşlarının qanunsuz ovun, mülki silahın saxlanması, daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini R.Rəhimovun Ərkivan qəsəbəsi ərazisində qanunsuz ov etməsi aşkarlanıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.
Keçirilən profilaktiki tədbirlər nəticəsində digər bir nəfər rayon sakini isə qanunsuz saxladığı ov silahını könüllü təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"