"Bu üç ölkə bir yerdədirsə..."
Üzeyir Cəfərov: “...Regionda hər hansı təhlükənin olacağını düşünmürəm”
Regionun geosiyasi mənzərəsi Azərbaycanın bölgədə yaratdığı yeni reallığa uyğun olaraq qurulur. Regionda marağı olan güclər mövcud sakitliyi pozmaq üçün çabalar edir, bölgədə cərəyan edən proseslərə yan müdaxilələr edərək, təzyiqi artırmaqla gündəmi ələ almağa çalışırlar. 44 günlük savaş və daha sonra 1 günlük antiterror əməliyyatından keçən vaxtdan bu yana xarici qüvvələrin Ermənistanı silahlandırıb, qızışdırıb güc və təhdidlərinin nümayişi üzərindən regionu hələ də hərbi təhlükəyə ata biləcəyi ehtimalını yaradırlar. Əslində bu gün regionda nələr baş verir?
Versus.Az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov müsahibəsində mühüm məqamlara diqqət çəkib.
- 44 günlük savaşdan keçən 3 il, 1 günlük hərbi əməliyyatdan keçən 3 ay ərzində Azərbaycan sərhədlərində və bölgədəki vəziyyət nədir?
- Artıq qeyri-qanuni erməni silahlı birləşmələri bölgəni tərk ediblər. Azərbaycan dövləti öz əraziləri daxilində lazım olan işləri -infrastrukturun bərpası, hərbi hissələrin yerləşdirilməsi və sair mühüm olan tədbirləri görür. Bu gün Azərbaycan dövləti, xalqı üçün əvvəlki naharatlıq, təhlükə yoxur. Həmin ərazilərdə həm hərbçilər, həm də mülki əhali öz üzərinə düşəni edir. Bəli, bir çox dövlətlər çalışırlar ki, Qarabağda, sərhəd rayonlarımızda gərginlik artsın. Azərbaycan bu cür təsirlərə, istəklərə qarşı sakit dayanmır. Lazım olan təkliflərini, şərtlərini verib. İndi daha çox qabardılan ermənilərin ərazilərimizdə yaşaması ilə bağlı hansı qərarın veriləcəyi məlum deyil.
Azərbaycan təklif eləmişdi ki, mülki ermənilər qalıb burda yaşaya bilərlər. Amma o da məlumdur ki, ermənilər öz istəkləri ilə ərazilərimiz tərk etdilər. İndi isə görünən odur ki, Rusiya, Amerika, Fransa kimi böyük dövlətlər çalışır ki, ermənilər yenidən ərazilərimizə qayıtsın. Rusiya sülhməramlılarının ərazilərdən çıxmamasının səbəblərindən biri də odur ki, düşünürlər ki, erməni millətindən olan insanlar yenidən Qarabağa qaytarılacaq. Bununla yanaşı elə bir gərginlik yoxdur, rahat şəkildə bərpa quruculuq işlərimizi görürük. Bərpa prosesində bəzi rayonlarda yeni-yeni silah sursatlar aşkar olunur. Elə bu yaxınlarda Qubadlıda silah -sursat aşkar olunub. Sonuncu 1 günlük antiterror əməliyyatından keçən 3 ay ərzində hələ də bəzi ərazilərdən erməni separatçıların qoyub getdiyi silah sursat yığılır.
Bu yaxınlarda bir məlumat diqqətimi cəlb elədi. Qondarma qurumun sonuncu rəhbəri Şahramanyan Ermənistanda istintaq komissiyasına verdiyi açıqlamada bildirib ki,separatçıların bəzi rəhbərləri hal – hazırda Rusiya sülhməramlılarının yerləşdiyi qərərgahda məskunlaşıblar. Separatçıların rəhbərləri o ərazilərdə necə qalır. Əgər doğrudan da silahlı separatçılar sülhməramlıların içərisində ərazilərimizdə qalıbsa, niyə təhvil verilmirlər. Müqaviləyə əsasən guya yanvara qədər sülhməramılar orda nə varsa tam şəkildə Azərbaycana təhvil verib gedəcəklər. Təbii ki, bu məsələ düşündürücüdür.
- Avropa, Qərbin təzyiq və təhdidlərin olması, Ermənistanın silahlandırılması, gərginlik ocağının saxlanılmasına edilən cəhdlərə istinad edən ekspertlər. hətta yeni müharibənin baş verə biləcəyi ehtimalını qeyd edirlər. Müharibə yenidən alovlandırıla bilərmi?
- Yeni müharibənin olacağını ehtimal etmirəm. Lokal xarakterli təxribatlar törədilə bilər. Ermənistan 44 günlük müharibədən sonra revanşist hazırlıqlara yeni başlayıb. Yəni silah-sursat alır, əsgər və zabitlər hazırlayırlar. Paşinyan bir fransız jeneralını özünə müşavir götürüb. Bunlar hamısı yaxın illərə hesablanmış addımlardır. Ona görə də hesab edirəm ki, başqa qüvvələr Ermənistanı təhrik, yaxud məcbur eləməsə, indiki zamanda müharibə riski yoxdur. Ermənistan indi bu riski gözə almaz.
Düzdür, son vaxtlar belə bir ajotaj yaradılıb ki, Qərb Ermənistanı birbaşa Azərbaycanla toqquşmaya sövq edir. Bununla belə mən belə bir təhlükəni də görmürəm. Birinci ona görə ki, Ermənistanın gücü yoxdur və hələ ordusunu toparlaya bilməyib. Ermənistan Azərbaycana qarşı hər hansı bir zorakılığa əl atacaqsa, yenə də ağır zərbə alacaq.
- Bakıda Azərbaycan Gürcüstan Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi. Bu üçlü hərbi ittifaq bizə nə edir?
- Bu görüşlər aylar öncə başlamış uğurlu layihədir. Əvvəl Azərbaycan qardaş Türkiyə ilə birlikdə tədbirlər keçirirdi. Sonradan Gürcüstan da Azərbaycanla birlikdə təlimlərə, görüşlərə, müxtəlif tədbirlərə cəlb edildi. Bu görüşlər həm 2023-ci ildə görülən işlərin yekunlarına, həm də gələn il üçün nəzərdə tutulmuş Bakı, Gürcüstan-Türkiyədə keçirilməsi nəzərdə tutulmuş təlimlərə hazırlıqdır. Üç ölkənin müdafiə naziləri bir araya gəlib bu istiqamətdə sənəd imzaladılar. İndi əlaqədar qurumlar öz işlərini planlaşdırıb hazırlıq işlərinə başlayacaqlar.
Əlbəttə ki, bu, çox önəmli bir formatdır. Həm Gürcüstan, eyni zamanda NATO-nun ikinci aparıcı dövləti olan Türkiyənin təcrübəsinən yararlanırıq. Döyüş qabiliyyətimizi, vərdişlərimizi təkmilləşdiririk, artırırıq. Gürcüstan da bu prosesdə əlavə şans, imkandır. Onlar da bundan ağıllı şəkildə istifadə edirlər. Onsuz da 2025-ci ilə qədər Azərbaycan müdafiə nazirinin Türkiyədə, Türkiyə müdafiə nazirinin Azərbaycanda hər həftə olmasa da hər ayda bir neçə dəfə rəhbərliklərinin keçirdiyi görüşlərinin şahidi olcağıq. Çünki 2025-ci ilə qədər Azərbaycan ordusu qardaş silahlı qüvvələrinin modelinə uyğunlaşdırılacaq. Ona görə də gürcülər də bu prosesdən kənarda qalmaq istəmirlər. Eyni zamanda əlavə imkanlar əldə edirlər. Onların məqsədləri aydındır. Bu barədə açıq danışmasalar da biz bu gün bilirik ki, Gürcüstan ordusunun əsas hazırlıq işlərini, modernləşdirilmsini, döyüş hazırlığının artırılmasını qardaş Türkiyə uğurla həyata keçirdir. Bu, NATO tərəfindən qardaş Türkiyəyə tapşırılmış bir vəzifədir.
Eləcə də bu üç ölkə bir yerdədirsə, regionda hər hansı təhlükənin olacağını düşünmürəm. Çünki bu üç ölkə gələcəkdə yarana biləcək təhlükələri aradan qaldırmaq imkanı əldə edəcək. Bu ölkələrin orduları birgə təlimlər keçirirlərsə, sabah hər hansı bir antiterror tədbirləri zamanı, hər hansı bir təhlükəni aradan qaldırmaq üçün əlaqəli şəkildə çalışa bilərlər. Bu istiqamətdə də işlər görülür.
- Ermənistanin silahlandırılması nə dərəcədə realdır və region üçün təhdiddir?
- Ermənistanın silahlandırılması prosesi bu ölkənin dərhal döyüş hazırlığına malik olması anlamına gəlmir. Bu silahlar təlimlərdə sınaqdan keçirilməlidir. Bunu döyüş meydanında gösətərməli, parametrlər müəyyənləşdirilməlidir. Bu, qeyd etdiyim kimi, yaxın 5 -10 ilə hesabanmış addımlardır. Ermənistan Fransadan, Yunanıstandan, Hindistandan silahlar alır. Düzdür, işğalçı, revanşist düşüncədə olan bir ölkənin silahlanması region üçün açıq narahatlıq doğura bilər. Amma onların tez bir zamanda o silahlardan istifadə edə biləcəyini düşünmürəm. Xırda narahatçılıqlar yarada bilərlər, amma aktiv toquşmalar, ağır silahların istifadəsi qeyri-mümkündür.
- Ermənistanın KTMT-dən uzaqlaşması bu prosesə nə vəd edir?
- Ermənistan KTMT-dən uzaqlaşacaq. Ermənistanın KTMT-dən uzaqlaşmaq meyli hələ general Xaçaturovun həmin təşkilatda olduğu dövrdən aydın göründü. Xaçaturov KTMT-dən geri çağrıldı və ona qarşı cinayət işi qaldırıldı. Minskdə keçirilən KTMT sammitində Ermənistanın xarici işlər naziri, müdafiə naziri, Paşinyanın özü belə iştirak eləmədi. Ermənistan KTMT-nin bütün tədbirlərini faktiki olaraq baykot edir. Moskva isə utanmadan deyr ki, bu siyasi qərar deyil, texniki məsələdir. Ermənistan KTMT-dən çıxacaq və bu gün digər ölkələrdən aldığı silahlar o anlama gəlir ki, onlar Qərblə daha çox yaxınlaşacaqlar və çalışacaqlar ki, KTMT kimi ölü qurumdan uzaqlaşsınlar. KTMT adı olub, özü olmayan təşkilatdır. O təşkilatın yeganə cəhdi 2022-ci ilin yanvarında Qazaxıstanda oldu. Ondan başqa fəaliyyəti olmayıb. Ona görə də Ermənistanın, yaxud başqa bir dövlətin o qurumdan çıxmasının hansısa bir nəticələrə gətirib çıxaracağını düşünmürəm. Bu Rusiya tərəfindən NATO-ya alternativ olaraq düşünülmüş təşkilatdır. Amma NATO-nun bir qanadı da ola bilməz. Orada olan ölkələr də bir neçə ildən sonra başqa yolu seçəcəklər. Mən türk dövlətlərini də nəzərdə tuturam. Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, həmin ölkələr də yaxın illərdə həmin təşkilatla yollarını ayıracaqlar.
- Rusiya sülhməramlılarının sonrakı taleyi necə olacaq?
- Rusiya sülhməramlıların bölgədə qalması üçün çaba göstərir. Son vaxtlar Rusiyanın Azərbaycana qarşı riyakar, bəzi hallarda yaltaqlığı da ondan irəli gəlir ki, sülhməramlıların qalması rəsmi şəkildə tanınsın və müddəti uzadılsın. Hələ Azərbaycan öz sözünü deməyib, amma mən bir Azərbaycan vətəndaşı kimi onların burda qalmasının qəti əleyhinəyəm. hesab edirəm ki, sülhməramlıların bölgədə qalması bizim üçün əlavə narahatlıq deməkdir. Çünki bu ordu başıpozuq dəstədir, əyyaşlığa, alkoqalizmə meyillidir. Onlar bölgədə qalmaqla bizim insanlarımıza müəyyən problemlər yarada bilərlər. biz onların Qarabağda olan separatçılara hansı dəstəyi verdiyini yaddan çıxara bilmərik. Ona görə də burdan yola salınmalıdırlar. Amma prezident Putin, Lavrov, Peskov açıqlamalarında bildiriblər ki, Rusiya sülhmramlıların fəaliyyətini bundan sonra yalnız Azərbaycanla müzakirə edəcəyik. Başa düşmürəm, əgər erməni silahlıları Qarabağdan çıxıbsa, sülhü bərpa etmişiksə sizinlə nəyi müzakirə edəcəyik. Görünən odur ki, hansı formada olursa olsun qalmaq istəyirlər. Burada qalmaqla regional baxımdan özləri üçün “biz sülhməramlıyıq” imicini formalaşdırmaq istəyirlər. Rusiya bu gün Ukraynada həyata keçirdiyi işğal siyasətindən sonra onlara qarşı münasibət tamam fərqlidir. Rusiya sülhməramlıları getməldir. Hətta nə olursa olsun onların getməsini tələb etməliyik. Amma təəssüflər olsun ki, burda qalmaq üçün kənd təsərrüfatı işi, yol təmiri, elektrik xəttlərinin çəkilməsi ilə belə məşğul olmaq istəyirlər. Sülhməramlı nədir, onların fəaliyyət missiyasına uyğun olmayan işlərin görülməsi nədir. Düzdür, Azərbaycan üçtərəfli sazişə əsasən sülhməramlıların 2025-ci ildə qalacağını elan edib. Sülhməramlılar da 2025-ci ilə qədər burda qalıb öz dövranını sürmək istəyirlər.
Unutmamalıyıq ki. indiyə qədər sülhməramlılar separatçıara mina, silah -sursat daşıyırdılar. Ermənistandan Qarabağa 10 minlərlə ermənini ruslar gətirmişi.
- ABŞ Azərbaycana hərbi yardımlarını dayandırdı. Bu yardımlar nə qədər bizim üçün önəmli idi və bu yardımlara ehtiyacımız varmı?
- ABŞ keçmiş SSRİ ölkələrinə hər il müəyyən yardımlar göstərirdi. O sırada Azərbaycan da var idi. Bu, əsasən Xəzər dənizində Dövlət Sərhəd Xidmətinin mühafizəsinə, o cümlədən qaçaqmalçılığa, qeyri-qanuni silah dövriyyəsinə, narkotiklərdən mübarizəyə, hərbi təhsil sahəsinə şamil edilirdi. Əlbəttə ki, zabitlərimizin, hərbi həkimlərin gedib ABŞ-ın müəyyən kurslarında təcrübə keçməsi, bilgi toplaması yaxşı bir hal idi. İndi ABŞ o yardımları dayandırıb. Amma burda daha çox siyasi məqamlar var. Məlumdur ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunmuşdu. Zaman-zaman o düzəlişin fəaliyyəti dayandırılırdı. İndi isə daha sərt qərar verilib. Düşünürəm ki, bir müddətdən sonra yumşalmalar olacaq.
ABŞ -ın Azərbaycana verdiyi yardımlar daha çox ikitərəfli münasibətlərin, əlaqələrin müsbət yöndə inkişafı baxımından əhəmiyyətli idi. Lakin bu gün cüzi olan yardımlarını dayandırırsa, bu daha çox ABŞ üçün xoş olmayan mənzərəni yarada bilər. ABŞ-ın Azərbaycana yardım etmək istəməməyi bizim üçün faciə deyil.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"