15 yaşlı şair-publisistin yetkin aləmi

11:15 02-12-2023 | icon 456 | Cəmiyyət
15 yaşlı şair-publisistin yetkin aləmi

Sevindiyin yaradıcılıq uğurları hamını sevindirir

 

İstedadı və çalışqanlığı ilə yaşından yetkin görünən, necə deyərlər, yeniyetməliyi vaxtından əvvəl arxada qoyan gənc yazar Sevindik Nəsiboğlu dünən anası ilə redaksiyamıza qonaq gəlmişdi. Parlaq istedadı ilə hamını heyran qoyan 15 yaşlı bu qələm sahibi yaradıcı heyətlə görüş zamanı müəllifi olduğu şeir və publisistika kitablarından bir neçəsini redaksiyamıza hədiyyə etdi.

 

Görüşdə XQ-nin baş redaktoru, Əməkdar Jurnalist Əflatun Amaşov hələ 10-cu sinif şagirdi olsa da, artıq 2 ildir ki, Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuş Sevindiklə ilk dəfə bir müddət öncə Azərbaycan Mətbuat Şurasında görüşüb tanış olduğunu bildirdi. O, gənc yazarın uğurlu yaradıcılıq yolunda ilk inamlı addımlarından danışaraq ona daha böyük nailiyyətlər arzuladı.

 

Sonra Sevindik Nəsiboğlu ilə ümumi tanışlıqdan öyrəndik ki, köçkünlük həyatı yaşayan Xocavənd rayonunun Muğanlı kənd orta məktəbinin vunderkind (möcüzə uşaq) şagirdi artıq bir neçə kitabın müəllifidir. Bunlar müəllifin 10 yaşında çap olunan və AMEA-nın Ədəbiyyat İnstitutunda görkəmli alimlərin iştirakı ilə təqdim edilən “Dünyamsan, Azərbaycan”, eləcə də “Hərdən uçmaq istəyirəm”, “Könüllərə yol gəzirəm”, “Ulu Naxçıvanım”, “Möhtəşəm Zəfərin nişanəsi” və “Zəfəri nurlandıran Nurlan” kitablarıdır. Hazırda daha bir kitabı – “Dirçələn xarıbülbül” nəşr olunması üçün Mədəniyyət Nazirliyinə təqdim edilib.

 

Sevindiyin yaradıcılıq nümunələri ilə ötəri tanışlıqdan onun şeir, esse, povest və poemalarında ifadə edilən istedad və qabiliyyəti aşkar boy göstərir. Gənc müəllifin yaradıcılıq güzgüsündə cilvələnən “Cavid”, “Çin olmayan yuxu”, “Gündüz”, “Qayıt”, “Kor məhəbbət” kimi poemaları hədsiz maraq, həm də yaşının azlığı baxımında heyrət doğurur.


Redaksiyamızın əməkdaşları öz çıxışlarında yetərincə təvazökar və ünsiyyətcil olduğunu müşahidə etdikləri gənc həmkarları Sevindik Nəsiboğlunun ilk qələm təcrübələrinin böyük ümid verdiyini vurğuladılar. Fərəhlə qeyd olundu ki, belə istedadlı gəncliyin uğurları hər kəsi sevindirir. Bu ağıllı və yurdsevər oğlanın çoxsaylı məqalələri, araşdırma yazıları, oçerk və şeirləri müxtəlif media orqanlarında dərc edilib. O, nüfuzlu ictimai və yaradıcılıq birliklərinin “Gənc istedad”, “Ən yaxşı gənc yazar”, “İlin şagirdi” diplomlarına layiq görülüb. İstedadlı yazar “Kredo” qəzeti redaksiya heyətinin üzvü, bir neçə informasiya portalının müxbiridir. İki ay öncə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı onu “Ulu öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə” medalı ilə təltif edib.

 

Əməkdaşlarımızın suallarına səmimi, yetkin cavablar verən Sevindik Nəsiboğlu fəxrlə bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra şəhidlərimizin xatirəsinə çoxlu yazılar həsr edib. Onun 700-dən artıq səhifəsi olan irihəcmli “Möhtəşəm Zəfərin nişanəsi” kitabında maraqlı oçerkləri ilə bərabər, azad elektron ensiklopediya – Vikipediya üçün hazırladığı 365 şəhid haqqında materiallara da yer verilib. Göründüyü kimi, 15 yaşlı yazarın özünəməxsus publisistik düşüncəsi, yetərli söz ehtiyatı, ümidverici özünüifadə tərzi var.

 

Yeni Azərbaycanın yetirməsi olan gənc istedad gələcəkdə hüquqşünas olmağı arzulayır. Bədii yaradıcılığı isə qarşısıalınmaz mənəvi ehtiyacı, vətəndaşlıq borcu sayır. Belə bir hobbi insanın könlünün istəyi ilə məşğul olduğu və böyük zövq aldığı fəaliyyətidir. Görüşümüzün nəticəsi olaraq gəldiyimiz nəticə budur ki, hansı sahədə çalışacağından asılı olmayaraq, Sevindik Nəsiboğlu öz istedad və qabiliyyəti ilə həmkarlarından fərqlənəcək, daha da məşhurlaşacaq və Azərbaycanımızın tərəqqisinə gərəkli töhfələr verəcək.

 

 

Əli NƏCƏFXANLI
/Xalq Qəzeti/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hoçaz döyüşü haqqında XATİRƏLƏR

Daxili xəstəliklərdən biri haqqında - REVMATİZM

Vətən, Bayraq uğrunda ŞƏHİDLİYƏ UCALDI

Seçkisonrası mediada görünməzlik və ANA MÜXALİFƏTÇİLİK hədəfi

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

Süni intellektdə yeni mərhələ

Ümid Partiyası Konstitusiyaya bu dəyişiklikləri TƏKLİF EDİR

Bu gün Qaradağlı faciəsinin 32-ci ilidir

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

"Prezidentin verdiyi mesajları ciddi şəkildə nəzərə almalıdırlar"

Millimiz Avropa çempionatında 4-cü yeri tutub

Hövsana su basdı

Nə təcili yardım gəlir, nə də taksi

Şəraitsiz həyət, qanunsuz tikili

Daxilə və xaricə yönəlik ciddi MESAJLAR