Xankəndidə təhsillə bağlı təkliflər

17:41 27-02-2024 | icon 309 | Təhsil
Xankəndidə təhsillə bağlı təkliflər

Qarabağ Universitetində 20 ixtisasa nələr daxil ola bilər?

 

Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

 

Ölkə başçısının sərəncamı ilə regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılacaq.

 

Elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisasın tədris olunacağını bildirib:

 

“Növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq. Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur. Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar. Eləcə də Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq”.

 

Bəs sözügedən 20 ixtisas hansılardır və ilkin mərhələdə konkret hansı ixtisaslar üzrə qəbul elan ediləcək?

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması çox böyük hadisədir. Ekspertin sözlərinə görə, təhsil dövlətçilik siyasətinin əsas vuran qolu olduğundan bu məsələnin bir neçə rakursdan faydaları var:

 

“Əvvəla, dövlətçiliyə dəstək baxımından, ikincisi, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, üçüncüsü isə tədrisin keyfiyyəti rakursundan. Qarabağ Universiteti, bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq.

 

Nazir Qarabağ Universiteti barədə açıqlamaları tibbi təhsil konfransında verdiyinə görə orada yalnız tibb təhsili barəsində danışıb. Amma həmin universitetdə dövrün əsas tələbatlarından olan İT istiqaməti üzrə ixtisaslar, mühəndislik və s. də tədris olunacaq.

 

Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq. Bu brendin özəllikləri kimi tələbə mərkəzli universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən ali məktəb, təhsilin əsas keyfiyyət amili sayılan hər bir təhsilalanın “təhsil izi”, XXI əsrin vərdiş, bacarıq və kompetensiyalarının formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar.

 

Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet; dünyada öndə olan ali məktəblərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti; rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi; xətti-funksional idarəetməni proseslərin idarəedilməsi ilə əvəzləyən universitet; “smart universitet”; şəhid övladlarının təhsil aldıqları universitet. Mən əminəm ki, Qarabağ Universiteti güclü bir brend olacaq”.

 

Təhsil eksperti düşünür ki, bu universitetdə ilk növbədə Qarabağ regionunun inkişafına töhfə verə biləcək kadrlar yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir:

 

“Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdırlar.

 

İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmin ərazilərdə sürətlə məskunlaşması deməkdir. Eyni zamanda, orada xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarının təhsil almaları üçün şəraitin yaxşılaşdırılması vacibdir. Hər kəsə məlumdur ki, ölkə başçısı İlham Əliyev hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri kimi işğaldan azad olunmuş ərazilərimizin bərpasını qeyd edib. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir.

 

Düşünürəm ki, indiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyəti stimullaşdırılmalıdır. Çünki oraya gedəcək müəllimlər ilkin olaraq həmin ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əməkhaqlarına xüsusi əlavələr olunmalıdır.

 

Eyni zamanda, Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri işğaldan azad edilmiş ərazilərimizdə işlərə cəlb edə bilər. Qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələri (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, həm yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda da orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsil almaq imkanı əlçatan olsun”.

 

“Bir faktı da qeyd edim ki, düşmən tapdağından azad etdiyimiz ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, yeddi orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Təbii ki, birdən-birə bu infrastrukturun bərpası mümkün deyil. Bunun üçün azı üç-beş il vaxt lazımdır”, - deyə ekspert vurğulayıb.

 

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı üçmərhələli təkliflər paketini hazırlayıb:

 

“İlk mərhələdə dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərin yaradılması məqsədəuyğun olar. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin tikilməsi həm uzun vaxt aparacaq, həm də tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. Amma hər kəsin birdən-birə azad olunmuş ərazilərə köçürülməsi mümkün deyil.

 

İkinci təklif bundan ibarətdir ki, biz işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Yəni tezliklə oradakı məktəblərdən məzunlar olacaq, şərait yaradılmalıdır ki, həmin abituriyentlər yaxınlıqdakı ali məktəblərə daxil olsunlar. Yəni gələcəkdə mütləq şəkildə Qarabağ Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Laçında, Qubadlıda Azərbaycan Pedaqoji Universitetinin, İqtisad Universitetinin filiallarını açmalıyıq.

 

Təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda, həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet təşkil etmişdilər. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə abituriyentlərin pulsuz təhsil ala biləcəkləri Şuşa Dövlət Universiteti, həmçinin, hərbi kadrların, aqrar sahə üzrə mütəxəssislərin hazırlanacağı təhsil müəssisələri yaratmalıyıq.

 

Həmçinin, hüquq fakültələri açılmalıdır. Hətta orada Polis Akademiyası da yaratmaq olar. Bundan başqa, Qarabağda həmişə əkinçiliyə və şərabçılığa xüsusi diqqət olub. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Aqrar sahə üzrə mütəxəssislər Gəncədə hazırlanırlar, lakin Qarabağda müvafiq universitetin açılması bu sahə üzrə təhsil almaq istəyən abituriyentlərin paytaxta axınının qarşısını alacaq.

 

Şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar.

 

Üçüncüsü, Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələr, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələr üzrə kadrların hazırlanması üçün fakültələrin yaradılmasına ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Gəncə idmanında yeni mərhələ

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65