“Ermənistan regionda maraqlı olan güclərin təsiri ilə əsas hədəfdən yayındırılır”

14:00 04-04-2024 | icon 141 | Siyasət
“Ermənistan regionda maraqlı olan güclərin təsiri ilə əsas hədəfdən yayındırılır”

Aqil Abbas: “Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsindən müharibə yaratmaq istəyir”

 

44 günlük savaşından sonra Cənubi Qafqazda yaranan yeni reallıq, yenilənmə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi müstəvisində davam edir. Geosiyasi, geoiqtisadi maraqların toqquşduğu bu coğrafiyada beynəlxalq güclərin maraqları, təsir və təzyiqlərinə baxmayaraq hədəflər erməni təcavüzünün, revanşizminin nəticələrinin aradan qaldırılmasına, bərpa-quruculuq işlərinə yönəlib. Bu gün region gərginliyi ilə mühüm məqamlara şahidlik edir. Azərbaycan öz gücü ilə işğal faktını aradan qaldırsa da, bütün dəhlizlərdə Azərbaycanın ərazi bütövlüyü qəbul edilsə də, Ermənistan və havadarları boş xülyalarından, sərsəm iddialarından əl çəkə bilmir.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən deputat Aqil Abbas daxildə və beynəlxalq müstəvidə cərəyan edən məsələlərə diqqət çəkib.  

 

- Aqil müəllim, bu gün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar hansı müstəvidə davam edir. Mövcud vəziyyətə diqqət çəksək gözləntiləriniz nədir?

 

- Azərbaycan sülhə hazırdır və təkliflərini verib. Ermənistan tərəfi isə regionda maraqlı olan güclərin təsiri ilə əsas hədəfdən yayındırılır. Avropa İttifaqı, Fransa mülki missiya və müxtəlif bəhanələrlə Ermənistana əsgər, silah-sursat göndərir, Azərbaycana qarşı qərəzli çıxışlar edərək işğalçı dövləti yenidən revanşizmə həvəsləndirir. Mülki missiya adı ilə sərhəddə durub bizim ərazilərə durbinlə baxanlar bölgədə gərginlik yaratmaq istəyi ilə çabalayırlar. Eyni zamanda sərhəddə hərbi təxribat yaratmaqla atəşkəsi pozaraq, bundan istifadə edib 5 apreldə keçirilən üçlü görüşdə Azərbaycana qarşı “bizə güllə atırlar” deyə növbəti əsassız yalanlarını tirajlayırlar. Azərbaycan bizə qarşı yönələn diplomatik təxribatlara hələ ki, səbrlə yanaşır. Görünən odur ki, Ermənistan ordusunn bölmələri Azərbaycanla sərhəd ərazilərində yenidən səngər qazmağa başlayıblar. Əslində Paşinyan da istəyərdi ki, Azərbaycanla sülh müqaviləsi bağlansın ki, heç olmasa Ermənistanın indiki mövcudluğunu qoruyub saxlaya bilsin. Amma NATO, ABŞ, Fransa kimi “böyük bacıları” buna ciddi maneə yaradırlar. Paşinyan həmin qüvvələrdən qorxur və onların şirin vədlərinə inanaraq verilən təlimatlarla hərəkət edir. Eyni zamanda NATO Ukraynada Rusiyaya məğlub olduğu üçün yeni müharibəyə Qafqazdan daxil olmaq istəyir. Lakin buna nail ola bilməyəcək. Sülh danışıqları nə vaxta qədər davam edə bilər, artq istər prezidentlər, istər xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. Ermənistan tərəfi danışıqlarda bir-birini təkzib edən mövqelər sərgiləyirlər. Eyni zamanda üçtərəfli bəyanatın əsas bəndlərini yerinə yetirmək istəmirlər.  Azərbaycan məcbur qalıb həmin bəyanatın bəzi bəndlərini, o cümlədən separatçıların ərazilərimizdən çıxarılması ilə bağlı müddüanı özü icra etdi. Hazırda gündəmdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın götürdüyü öhtəliyi icra etməsi məsələsi var. Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsindən müharibə yaratmaq istəyir. Düşünürlər ki, Zəngəzur dəhlizini açmasalar, yenə də Azərbaycanı hərbə əl atmağa vadar edə biləcəklər. Amma bu məsələ proseslərin gedişindən asılı olacaq və Azərbaycan buna getməyəcək. 

 

- Avropa və Qərbin regionla bağlı apardığı siyasətin bölgədə yaratdığı gərginliyi, sülhün əldə olunmasına maneə yaratdıqlarını söylədiniz. Məsələyə həm də Ermənistanın yenidən silahlandırılması kontekstindən yanaşsaq, yenidən müharibə baş verə bilərmi?

 

- Biz müharibə istəmirik, amma mümkündür. Əgər Ermənistan tərəfi dəfələrlə sərhədi pozarsa, postlarımıza hücum edərsə, ilkin olaraq 4 kəndimizi geri qaytarmazlarsa, üstəlik səngər qazıb, ardıcıl sərhədə qoşun yığmaqda davam edərsə, müharibənin ola biləcəyi ehtimalı çox yüksəkdir. Ermənistan qoşunları işğal altında olan Füzulidə, Ağdamda “Ohonyan səddi” adlandırdıqları 5 səngər qazmışdılar. O səngərlərin hamısını şəxsən əyani görmüşəm. Bizim əsgərlər o səngərləri bir neçə günün içində müəyyən elədilər. Ermənilər öz köstəbək havadarları ilə nə qədər səngər qazırsa qazsın, bizim əsgər onları istənilən vaxt müəyyən edə bilər. Əvvəldə dediyim kimi, dövlətimiz müharibə tərəfdarı deyil. Amma Məhəmməd Peyğəmbərin belə bir sözü var, deyir: -Savaş, sənə qarşı savaşanlarla savaş. Türklərin də belə bir sözü var: -savaş istəyirsənsə, onu alacaqsan…

 

- Aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistanın Brüsseldə üçlü görüşünə toxundunuz və regionda erməniləri silahlandırdıqlarını, gərginlik yaratmaq cəhdlərini vurğuladınız. Əgər bu kontekstə müharibə olarsa, beynəlxalq güclərin müdaxiləsi nə dərəcədə ola bilər?

 

- Nə Qərb, nə Avropa bölgəyə hərbi müdaxilə edə bilməz. NATO Ermənistana qoşun göndərəcəkmi, əlbəttə ki, mümkün deyil. Hələ 2 ildir ki, Ukraynaya dəstək üçün hərbi qüvvə göndərmir. Ermənistana Avropa İttifaqı, Fransa kimi mülki missiya göndərə bilərlər. Amma qoşun göndərsə, dünya ayağa qalxar. Bütün hallarda Azərbaycana münasibətdə ikiüzlü, ikilistandartlı, həyasız yanaşmalarını görəndə bunlardan hər şeyi gözləmək olar. Təbii ki, biz bütün tədbirlərimizi görürük.

 

- Qarabağdan öz xoşu ilə köçüb gedən erməni azlığının hüquq müdafiəçisi kimi çıxış edən Avropanın bəzi dövlətləri, təsisatları bu məsələni ölkəmizə qarşı təsir mexanizmi kimi “itiləyir”. Necə hesab edirsiz, azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündür?

 

- Belə bəhanələrlə heç kəs Azərbaycana təsir göstərə bilməz. Vaxtilə Azərbaycan ərazilərində yaşamış ermənilər torpaqlarımızın uzunmüddətli işğalı başa çatandan sonra özləri könüllü olaraq ərazilərimizi tərk ediblər. Amma ölkə başçısı bəyan edib ki, gedən ermənilər vətəndaşlığımızı, konstitusiyamızı qəbul edib sülh şəraitində yaşamaq istəyərlərsə, gəlib Qarabağda və ətraf rayonlarda yaşaya bilərlər. Amma onu da qeyd edim ki, demək olar ki, Ağdərədə, Xankəndidə, Əsgəranda evlərin hamısından silah-sursat aşkar edilib. Qarabağdan köçən ermənilər az qala bir ordunu təmin edə biləcək silah-sursat qoyub gediblər. Görünür, belə planlaşdırıblar ki, Ermənistandakı Qarabağ erməniləri geri gəlsələr, evlərdə saxladıqları silahları götürüb yenidən müharibəyə başlasınlar. Amma Azərbaycan Daxili İşlər Nazirliyi əməkdaşları çox çevik və ayıq-sayıq işləyir. Demək olar ki, hər gün ərazilərdə axtarışlar zamanı ermənilərin qoyub qaçdığı tank, BTR, qrad kimi hərbi ağır texnikalar aşkarlanır. O ki qaldı azərbaycanlılarla ermənilərin birgə yaşayışının nə dərəcə mümkün olmasına, bu o zaman ola bilər ki, üzr istəməlidilər və dağıtdıqlarını gəlib bərpa etməlidirlər. Çünki hətta münaqişə zamanı da Azərbaycanın digər bölgələrində ermənilər yaşayıb. Necə ki, əvvəllər yaşayıblar, bundan sonra da deyilən şərtlərlə yaşaya bilərlər. Amma mənim şəxsi fikrim budur ki, erməniləri Qarabağa buraxmaq lazım deyil.

 

- Ermənilərin Qarabağa geri qayıtması ilə İrəvandan deportasiya edilən azərbaycanlıların öz yurduna qaytarılmasının paralel şəkildə aparılması məsələsi də tez-tez önə çəkilir.

 

- Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı birinci növbədə təhlükəsizliyin təmin edilməsindən sonra mümkün ola bilər. Əslində bu prosesin paralel aparılması doğru olardı. Ermənistan və havadarları ermənilərin Qarabağa qayıtmasını istəyirsə, zəhmət çəkib eyni istəyi İrəvandan məcburi qovulan azərbaycanlılar üçün də düşünməlidirlər.

 

- İşğaldan azad edilən ərazilərin yeni idarəetmə modelində hansı məqamların olmasını istərdiniz?

 

- İndi işğaldan azad olunmuş ərazilər Qarabağ, Şərqi Zəngəzur iqtisadi zonalarına bölünüb. Hər bir ərazi üzrə Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb. Artıq sonrakı dövrlərdə idarəetmə modelinin necə olacağı barədə dəqiq fikir bildirə bilmərəm.

 

- Yeni idarəetmə modelində bələdiyyələrə xüsusi səlahiyyətlərin verilməsi məsələsi öz əksini necə tapa bilər?

 

- Gərək əhali öz kəndinə, şəhərinə qayıtsın ki, orda bələdiyyələr də fəaliyyət göstərə bilsin. Hələ kemiş köçkünlər tam olaraq öz yurdlarına geri qayıtmayıb. Yalnız Laçına, Füzuliyə, Zəngilana Zabuxa, Suqovuşana, Talışa qayıdışlar olub. Gərək əhali azad olunmuş ərazilərdə tam yerləşsin ki, bələdiyyələri də formalaşdıra bilsinlər. Məsələn, mən Ağdamın Əhmədağalı kəndindənəm. Gərək camaat ora qayıtsın ki, orada bələdiyyələr yaradılsın və fəaliyyət göstərsin.

 

- Bu gün Ağdamda bərpa-quruculuq işləri necə gedir və görülən işlər, yeniliklər hansı yerdədir?

 

- Mən Ağdam şəhərinə tez-tez gedirəm. Orada böyük bərpa-quruculuq işləri gedir. Amma cənab Prezidentin iradəsi ilə ilk olaraq sərhəd bölgələrdəki ərazilərin bərpa edilərək, əhalinin yerləşdirilməsi nəzərdə tutulub. Çünki ordu arxasında xalqın nəfəsini hiss edəndə daha da güclü olur. Bununla yanaşı digər işğaldan azad olunan ərazilərimizdə, o cümlədən Ağdamda da güclü tikinti işləri davam edir. Artıq yaşayış üçün evlər, məktəblər, konfrans binaları, otellər hazırdır. Ağdamda tədbirlər keçirilir, qonaqlar qəbul olunur. Ağdamda 7 fevral Prezident seçkiləri də keçirildi və mən orada səs verdim… Yəni işlər uğurla irəliləyir. Qeyd etməliyəm ki, biz işğaldan azad etdiyimiz ərazilərin yendən tikilməsi, bərpası üçün heç bir xarici dövlətdən borc almırıq. Bütün işləri öz maliyyə gücümüzlə həyata keçirdirik. Çünki borc almaqla kimlərdənsə asılı vəziyyətə düşmək istəmirik. Bəzi türk dövlətlərinin məktəb və sair məntəqələrin tikintisi ilə bağlı bizə dəstəyi olsa da, heç bir Qərb, Avropa dövlətlərindən ölkəmizə bərpa, quruculuqla bağlı humanitar yardım edilməyib. Azərbaycanın şəhər və kəndləri erməni işğalı nəticəsində dağıdılıb, talan edilsə də, biz başqalarına qarşı humanist davranmağı seçirik. Biz Türkiyədə baş verən zəlzələdə zərərçəkən türk qardaşlarımıza evlər tikirik. Azərbaycan dövləti öz hesabına bu problemləri də həll etmək gücündədir.

Bütövlükdə işğaldan azad olunan ərazilərdə aparılan bərpa işləri tam olaraq 2040-cı ilə qədər başa çatmalıdır. Amma mənə elə gəlir ki, yaxşı işləsək və camaat öz yurduna köçürülməyə başlasa, bu vaxtı önə çəkə bilərik. Çünki camaat öz torpağına köçəndən sonra maldarlıq, pambıqçılıq, üzümçülüklə məşğul olub öz təsərrüfatını yaradacaq və həyat şəraitini yaxşılaşdıracaq. Sənaye obyektləri işləyəndən sonra bərpa daha sürətlə gedəcək.

Unutmayaq ki, sovet hökuməti kəndlərdə heç kimə ev tikməyib. Camaat kəndlərdə evini öz qazandığı pulla tikirdi. Ağdam işğal olunmasaydı indi Azərbaycanın dövlət büdcəsi 34 milyard yox, 50 milyard olardı. Çünki Ağdam dövlətə hər il 150 min ton üzüm, 100 min ton pambıq verirdi. 10-15 sənaye obyekti, şərab zavodları var idi. O müəssisələr yenidən tikiləndə inkişaf, bərpa prosesi daha sürətlə gedəcək.

 

- Bu gedişlə Ağdamı paytaxt kimi görmək istəyənlər də var.

 

- Bizim Paytaxtımız Bakıdır. Amma Ağdam mərkəzi şəhər statusunda nəzərdə tutulur. Bunun üçün Ağdamda 100 min əhalinin yaşaması nəzərdə tutulur. Amma inanıram ki, Ağdamın əhali sayı bu həddi keçəcək. İşğaldan əvvəl Ağdam şəhərində 60 min əhali yaşayırdı. Yəqin ki, indi şəhər əhalisi 89 min olub. Kənardan da gələnlər olacaq. Çünki həmişə Ağdamda kənardan gəlib işləyənlər, yaşayanlar olub. Beləcə Ağdam böyüyəcək, inkişaf edəcək.

 

- Ağdama ilk köç nə zaman olacaq və ilkin olaraq kimlər köçürüləcək?

 

- Gələn ildən Ağdama köç başlayacaq. İlkin olaraq köçürülən insanlar yataqxanalarda, inzibati binalarda, zirzəmilərdə yaşayanlar olacaq. Düzdür, Qobu və digər ətraf kəndlərdə salınan şəhərciklərdən də köçürülmələr olub. Amma bu günə qədər əsasən yaşayış yeri ağır olanların köçürülməsinə üstünlük verilib.

 

- Qarabağın bərpa prosesində öz evini tikmək istəyən keçmiş məcburi köçkünlərə müraciət ediləcəyi deyilirdi. Gələn il Ağdama köç başlayacaq. Bununla bağlı kimlərə müraciət edilib?

 

- Torpaqlar işğaldan azad olunandan sonra bununla bağlı ilk müraciəti mən eləmişdim. Ağdam camaatına müraciət etmişdim ki, kimin ev tikməyə imkanı varsa öz evini, hətta qonşusunun da evini tiksin. O zaman mənə bəlkə də 500-600 adam zəng elədi ki, hazırıq. Ağdamlılar fərasətli adamlardır, pul xərcləməyi də bilirlər, qazanmağı da.

Amma indi Ağdam başqa cür tikilir. Hərə gedib özünə bir ev tiksə şəhərdə fərqli mənzərə yarana bilər. İndi Ağdam şəhər tipində tikilir. Amma əvvəllər Ağdam kənd şəhəri idi. Füzuli də onun kimi. Ona görə də hər kəs gedib öz bildiyi kimi evlər tikə bilməz. Amma yəqin ki, gələcəkdə insanlara öz şəxsi evlərini tikmələri üçün kənar yerlərdə imkanlar yaradılacaq. Şəhərə insan nəfəsi dəyəndən sonra yəqin ki, bunlar da olacaq. Ağdamın kəndləri tikilir. Şübhəsiz ki, ailələr böyüdükcə insanlar kənarlarda aldığı torpaq sahələrində öz övladlarına evlər tikəcəklər. Beləcə kəndlər böyüyəcək.

 

- Qarabağda yaşayış məntəqələrinin sayının azaldılacağı müzakirə edilir. Bu proses Ağdamda da yaşanacaqmı və ağdamlılar bu qərarı necə qarşılayır?

 

- Ağdamda yaşayış məntəqələri azaldılmayacaq. Çünki Ağdamda 5 min, 10 min əhalisi olan kəndlər var. Təkcə Qərvənd kəndində 10 mindən çox adam yaşayır. Ona görə də o kəndləri birləşdirmək mümkün deyil. Amma deyək ki, Qubadlıda, Kəlbəcərdə gedib dağın başında 5 nəfər özünə ev tikib, başqa bir yerdə 20 nəfər bir kənd salıbsa, onları təbii ki, birləşdirmək olar.

 

- Bir müddət əvvəl “İmarət” stadionuna “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun, yaxud Milli Qəhrəman Allahverdi Bağırovun adının verilməsi müzakirə olunurdu. Bu məsələ ilə bağlı yekun qərar varmı?

 

- Bu məsələni çox müzakirə edirlər. Əvvəla Ağdamda tarixi əhəmiyyəti olan “İmarət” kompleksi futbol oynamaq üçün stadion olmayıb.

“İmarət” konsertlər, şənliklər üçün nəzərdə tutulan məkandır. Kompleks Pənah Əli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olub. İndi “İmarət” adında 15 min nəfərlik stadion tikilir. Həmin ərazi Ağdamın Əhmədavar kəndi istiqamətindədir. Belə fikirlər var ki, ora Qurban Qurbanovun adı verilsin. Allahverdi Bağırov “Qarabağ” futbol komandasının oyunçusu, kapitanı, məşqçisi, sonra sponsoru olub. Müharibə zamanı hətta gəlib komanda heyəti ilə görüşüb qayıdıb. Şəhiddir, Ağdamın Milli Qəhrəmanıdır. Allahverdi Bağırov təkcə Ağdamda yox, Qarabağda bir əfsanədir. Təbii ki, “İmarət” stadionu Allahverdi Bağırovun adını daşıya bilər. Qurban Qurbanova gəlincə, onun adına Uşaq Futbol Akademiyasının adı verilə bilər. Adamlar Qurban Qurbanova heykəl də qoymağa hazırdır. Yəni bütün hallarda hər kəsin haqqı özünə verilməlidir.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM