Regionda yeni cəbhə AÇILIR?

13:05 18-04-2024 | icon 414 | Siyasət
Regionda yeni cəbhə AÇILIR?

Elşad Mirbəşir: “Azərbaycanla tam həcmli mübarizə aparmaq Ermənistanın imkanı xaricindədir”

 

Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəkir. Bu, Qərb, Avropanın regionda lövbər salmaq cəhdləri və bunun üçün “qarmaq” atdığı ölkələrdə yeni müharibə ocaqlarını yaratması ilə müşahidə olunur. Artıq “buqələmun” Ermənistan Cənubi Qafqaz regionunda oyunlar quran kollektiv qərbin “rəngini alıb” və təxribatlar törətməklə gərginlik yaradır.

 

Kollektiv Qərb regionu nəzarətə almaq üçün hansı planlar hazırlayır və mövcud vəziyyət regiona Azərbaycan-Ermənistan arasında gözlənilən sülh şərtlərinin təminatı üçün nələri vəd edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən deputat Elşad Mirbəşir mühüm məqamlara diqqət çəkib.

 

- Elşad müəllim, bu gün Qərb və Avropanın Ermənistan üzərindən Azərbaycana qarşı yönələn geosiyasi təsirləri regionla bağlı hansı oyunlardan xəbər verir?

 

- Biz Qərbin Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratma cəhdlərini Rusiyaya qarşı aparılan mübarizənin bir hissəsi kimi nəzərdən keçirə bilərik. Bunun üçün bütün əsaslar mövcuddur. Unutmayaq ki, bu gün regionda yaranan gərginlik elementlərini böyük geosiyasi mübarizələr şərtləndirir. Yəni bu gün kollektiv Qərblə Rusiya Federasiyası arasında gedən mübarizə dünyanın müxtəlif coğrafiyalarında müşahidə olunmaqdadır. Qərbin Rusiyaya qarşı mübarizəsinin əsas taktikalarından biri Rusiya sərhədlərinin perimetri boyunca müxtəlif münaqişələrin yaradılmasıdır. Bu mənada Azərbaycanla Ermənistan arasında olan keçmiş münaqişə vəziyyəti imkan verirdi ki, regiondan kənardakı ölkələr bu coğrafiyada özlərinin mövcudluqlarını təmin edə bilsinlər. Azərbaycan öz gücü ilə münaqişə vəziyyətini aradan qaldırdıqdan sonra bu vəziyyət Qərbi qane etmədi. Azərbaycan münaqişəni aradan qaldırmaqla Qərbin Cənubi Qafqaz regionuna müdaxilə imkanlarını aradan qaldırmış oldu. Ona görə də Qərb əvvəlki imkanlarını yenidən bərpa etməyə çalışır. Regionda gərginlik qalmalıdır ki, kollektiv Qərb Cənubi Qafqaza yenidən müdaxilə edə bilsin.

Biz 2020-ci ildə öz torpaqlarımızı işğaldan azad etdik. Əslində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etmiş olduq. Halbuki bunu BMT özü etməli idi. Amma biz müşahidə etdik ki, BMT Təhlükəsizlik Şurasında düz 6-7 dəfə Azərbaycana qarşı qərəzli müzakirələr aparıldı. Və müxtəlif platformalarda ölkəmizlə bağlı ya qərəzli qətnamələr qəbul olundu, ya da bu qətnamələrin qəbul olunmasına cəhdlər edildi. Deməli, bütün bunlar, elə həmin qətnamələrin qəbul olunması da  deklarativ xarakter daşıyırdı. Bu, Qərb tərəfindən siyasi gediş idi. ATƏT-in Minsk Qrupunu yaradanda da məqsəd münaqişə vəziyyətini maksimum saxlamaq idi. Əslində ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsi ilə deyil, idarə edilməsi ilə məşğul olurdu. Görünən budur ki, kollektiv Qərb sadəcə olaraq münaqişə amilindən öz maraqları üçün istifadə etməyə çalışır və bu gün də Minsk Qrupunun bərpa edilməsini istəyirlər.

Diqqət etsək görərik ki, erməni separatçılar Azərbaycan ərazisində qalanda Qərb deyirdi ki, onların hüquq və təhlükəsizliyi təmin olunmalı, bunun üçün beynəlxalq mexanizmlər tətbiq olunmalıdır. Bunlar “beynəlxalq mexanizmlər” deyərkən özlərinin regiondakı mövcudluqlarını nəzərdə tuturlar. Hesab edirlər ki, regionda olmaqla prosesləri istədikləri kimi tənzimləyə bilərlər. Biz antiterror tədbirləri keçirib separatizmin kökünü kəsəndən sonra da həmin o məsələ üzərindən Azərbaycana hücumlar başladı. Yenə də kollektiv Qərbin təlimatları əsasında Ermənistan işğaldan azad olunan ərazilərdə qalan mülki erməniləri köçürtdü. Azsaylı ermənilər könüllü olaraq Qarabağdan Ermənistana keçdilər. Bu gün isə həmin o ermənilərdən Azərbaycana qarşı silah kimi istifadə edirlər. Əgər erməni sakinlər  Azərbaycan ərazisində qalsaydılar, dövlətimiz onların hüquqi vəziyyətini müəyyənləşdirəcək, reinteqrasiyasını təmin etmək üçün bir sıra addımlar atacaqdı. Azərbaycan hökuməti əvvəlcədən bildirmişdi ki, ermənilər Azərbaycan vətəndaşları kimi ərazilərimizdə yaşamaq istəyirlərsə, bu ölkənin pasportlarını almalı, Azərbaycan qanunlarına əməl etməlidirlər. Belə olan halda bu təsir aləti də Qərbin əlindən çıxmış olacaqdı. Ona görə də öz ssenarilərinə əsasən erməniləri ərazilərimizdən çıxartdılar.

 

- Qərbin, Avropanın Ermənistan vasitəsi ilə regiona daxil olması, Azərbaycanla sərhəddə silah toplaması, təlimlər keçirməsi bölgəmiz, eləcə də digər dövlətlərin region maraqları üçün hansı təhdidi yaradır? ABŞ-İran, İran-İsrail, Rusiya-Ermənistan-Qərb münasibətlərindəki ziddiyyətlər fonunda Qərblə Rusiya Cənubi Qafqazda nədə uzlaşa bilər?

 

- Əvvəla, Rusiya ilə Qərbin Cənubi Qafqazda maraqlarının uzlaşması ilə bağlı heç bir əlamət yoxdur. Əksinə, Rusiya ilə Qərbin maraqları regionda toqquşur. Çünki həm dünyada, həm də Cənubi Qafqazda geosiyasi vəziyyət başqadır. Kollektiv Qərblə Rusiya arasında çox kəskin geosiyasi mübarizə, müharibə getməkdədir. Çünki Ukrayna cəbhəsində döyüşən Rusiya ilə kollektiv Qərbdir. Belə olan halda dünyanın heç bir coğrafiyasında Qərblə Rusiya arasında hər hansı əməkdaşlıqdan danışmağa əsas yoxdur. İndi vəziyyət tamamilə başqadır. Rusiya çox gözəl dərk edir ki, Qərb sərhədlərində gərgin vəziyyət yaranıb. Fillandiyanın, İsveçin NATO-ya üzv qəbul olunması Rusiyanın təhlükəsizliyinə əlavə təhdid hesab olunur. Növbəti təhdid Cənubi Qafqaz regionu ilə bağlıdır. Ona görə də Rusiya öz təhlükəsizliyi üçün Cənubi Qafqaz regionuna ən vacib bölgə kimi baxır. Bu baxımdan bu bölgəyə Qərbin müdaxiləsinə heç bir halda imkan verilə bilməz.

15-20 il bundan qabaq vəziyyət başqa idi. Müəyyən bir mərhələdə hər hansı bir məsələ ilə bağlı bu qütblərin oxşar və yaxud da yaxın mövqeləri ola bilərdi. Amma bu gün vəziyyət köklü şəkildə dəyişib. Qeyd etmək lazımdır ki, əslində bu gün Cənubi Qafqaz regionu ilə bağlı Rusiyanın yanaşması daha məqbuldur, nəinki Qərbin. Çünki Qərb regionda yeni bir cəbhə açmaq istəyir. Belə olan halda istər-istəməz region dövlətləri bundan əziyyət çəkəcəklər.

Məlumdur ki, Ermənistanla Rusiyanın birbaşa quru sərhədləri mövcud deyil. Yəni Ermənistanı cəbhəyə çevirəndən sonra Rusiya ilə ciddi gərginlik yaranacaqdır. 

Bu gün Ermənistan şərti sərhəd boyunca silahlı qüvvələrini cəmləməkdədir. Bildiyimiz kimi NATO-nun baş katibi Rasmussen Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair bir hesabat hazırladı. NATO hərbi-siyasi blokdur və Rassmussenin bu məsələlərə cəlb olunması ondan xəbər verir ki, Qərb Ermənistanla hərbi və təhlükəsizlik sahəsində ciddi əməkdaşlıqlar qurmaq niyyətindədir. Artıq bunun elementləri müşahidə olunmaqdadır. Fransa Ermənistana silah ötürməkdədir, Fransanın lisenziyası əsasında Hindistanda istehsal olunan silahlar Ermənistana göndərilir. Burda da Qərbin patranajlığı var. Eyni zamanda ABŞ konqresində də biz Azərbaycana qarşı çox sərt, açıq ittihamlar gördük. Bütün bunlar onu göstərir ki, Qərb Ermənistandan Rusiyaya qarşı bir silah kimi istifadə etmək niyyətindədir. Bunun müqabilində isə Ermənistan Qərbdən Azərbaycana qarşı dəstək istəyəcəkdir. Bu gün Qərb Ermənistana təhlükəszilik təminatları vermək istəyir. Amma bunu da əsaslandırmaq üçün Ermənistan vasitəsi ilə Azərbaycanı təxribata çəkmək niyyəti güdür. Beləliklə, Qərb Azərbaycanın təxribatlara cavab reaksiyasına nail olduqdan sonra deyəcək ki, Azərbaycana qarşı Ermənistana dəstək olmaq lazımdır.

 

- ABŞ, Avropa İttifaqı, Ermənistanın üçlü görüşündə dediyiniz kimi regionda gərginlik yaratmaq məqsədini güdən əsas təməli qura bildilərmi?

 

- Avropa guya Ermənistanda demokratikləşmə prosesinə, iqtisadi islahatların həyata keçirilməsinə dəstək olmaq niyyətlərini tirajlayır. Sual olunur: Qərbdən kim nə soruşdu ki, bunlar həmin görüşü yumşaltmağa məcbur qaldılar. Bu sual qoyulmadan belə Qərb israrla görüşün məqsədini izah edirdi. Deməli, bunların məqsədi başqadır və o görüşdə tamam fərqli məsələlər müzakirə olunub. Və bu gün sadəcə olaraq əsas fikri yayındırmağa çalışırlar. Amma həmin ərəfədə Avropa ittifaqının, ABŞ rəsmilərinin Azərbaycan Prezidentiə zəng etmələri ona dəlalət edir ki, Azərbaycan Prezidentinin nüfuzundan, iradəsindən çəkinirlər. Bunun özü çox vacib məsələdir. Deməli, Azərbaycanın mövqeyi onlar üçün əhəmiyyətsiz deyil. Amma nəzərə almalıyıq ki, bir qayda olaraq belə formatlarda görüşlər keçirilmir. Azərbaycanla da belə bir görüş olmayıb. Deməli, məqsəd başqadır.

Kollektiv Qərb Ermənistandan özü üçün həyati vacib hesab etdiyi istiqamətdə, Rusiyaya qarşı istifadə edəcək. Əsas görünən tərəf bundan ibarətdir. Bu fonda Ermənistan hesab edir ki, onun gözlədiyi zaman yetişib, artıq Qərbdən dəstək ala bilər. 4 ildir ki, Ermənistan hər vasitə ilə sülhdən yayınır. Deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, ərazi iddiaları yoxdur. Soruşan lazımdır: əgər ərazi iddiaların yoxdursa, səni sülh imzalamaqdan yayındıran nədir? Deməli, Ermənistnın sülh ritorikası saxtadır, immitasiyadır. Və Qərb də bunun üçün yanındadır.

 

- Qərb Ermənistana vəd etdiyi daşına bilən dəstəyi hansı yollardan istifadə edərək həyta keçirməyə çalışır? Rusiyanın reaksiyası nədir və eləcə də Gürcüstan, İran tranzit ölkə kimi əməkdaşlığa cəlb oluna bilərmi?

 

- Rusiya bu görüşün ona qarşı olduğunu deyir və hesab edirlər ki, bunun ardınca mütləq hansısa yeni addımlar atılacaq. Digər tərəfdən, Ermənistana vədlərin verilməsi hələ onların yerinə yetirilməsi deyil. Çünki kollektiv Qərb artıq bir coğrafiyada müharibə aparır və əsas resurslarını o istiqamətə yönləndirib. Bu gün böyük miqyasda Ermənistana dəstək olmaq imkanları mövcud deyil. Hələ ki, bunun üçün siyasi əsaslar formalaşdırmağa çalışırlar. Çünki Qərb cəmiyyəti də məsələyə birmənalı yanaşmır. Müxtəlif ölkələrdə etiraz aksiyaları, iqtisadi geriləmələr var. Geosiyasi məqsədlər üçün əlavə olaraq Ermənstana dəstək verilməsi Qərb cəmiyyəyində gərginlik toru yaradacaqdır. Ona görə də bu gün Azərbaycana qarşı təxribat törədib, Qərb cəmiyyəti qarşısında Ermənistana verəcəkləri dəstəyi əsaslandırmağa çalışacaqlar. Azərbaycan kifayət qədər güclü, strateji baxışlı liderə sahibdir. Bu bütün region ölkələrini düşündürməlidr. Bu gün Qərb İrana qarşı sanksiyalar paketini tətbiq etməkdədir. Ermənistanın geosiyasi mübarizədə alət kimi istifadə olunmasının ideya müəllifi ABŞ-dır. ABŞ İrana olan nüvə razılaşmasından da çıxdı. Ona görə də biz bu gün ABŞ-İran arasında hansısa gizli anlaşmaların olduğunu demək üçün ciddi əsaslara sahib deyilik. Bu həm də informasiya mübarizəsinin bir istiqaməti kimi nəzərədən keçirilə bilər. Çünki bu çox geniş istifadə olunan bir taktikadır. Ona görə də İran-ABŞ əməkdaşlığını deyə bimərəm. Amma Qərb Ermənistan üzərindən ikinci bir cəbhə açacaqsa, regionun heç bir dövləti ortaya çıxacaq təhlükələrdən sığortalanmayıb. O cümlədən də İran…

 

- 5 aprel Brüssel görüşü ilə Azərbaycana hansı mesaj verildi və hansı cavabı aldılar?

 

- Qərbin mesajı həmişə bu olub ki, Azərbaycan onun geosiayasi ambissiyalarına uyğun mövqe sərgiləsin. Azərbaycan bu gün tam müstəqil, öz milli maraqları çərçivəsində davranan bir ölkədir. Bir qayda olaraq kollektiv Qərb belə ölkələri qəbil etmir. Kollektiv Qərbə idarə olunan rejimlər lazımdır. Təsadüfi deyil ki, əlləri hara çatırsa orada rəngli inqilablar törədr, özlərinə loyal olacaq siyasi qüvvələri hakimiyyətə gətirirlər. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi də belə oldu. Paşinyan hakimiyyətə gətirlməmişdən qabaq onun hərəkətinin adı “Çıxış” idi. Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxş. Qərb istəyirdi ki, Ermənsitanı o platformalardan geri çəksin. Paşinyanın o düşüncədə olduğunu, o istiqamətə getmək istədiyini gördülər və onu hakimiyyətə gətirdilər.

 

- Avropa, Qərbin region siyasətində Türkiyənin də hədəfə alındığı, ümumilikdə Türk Birliyinə qarşı dayanıldığı görünür. Regionda gərginliyin yaradılmasına edilən cəhdlərə qarşı Türkiyənin mövqeyi nədir?

 

- Türkiyə yerləşdiyi coğrafiyada kifayət qədər təsir gücünə malik olan bir ölkədir. Nəzərə almaq lazımdır ki, bu gün Suriya ərazisində Qərblə hərbi qarşıdurma vəziyyəti mövcuddur. Çünki Qərbin Şimali Suriya əraziləri boyunca həyata keçirə bilmədiyi, amma bu gün də arzuladığı niyyətləri var. Qərb Suriyanın şimalında Türkiyənin cənib sərhədləri boyunca bir kürd dövləti yaratmaq istəyir. Türkiyə də buna qarşı mübarizə aparmaqdadır və öz mövqelərini qoruya bilir. Görünür ki, proksi müharibə Qərb-Türkiyə arasında da mövcuddur. Türkiyə regiona laqeyd olmayan ölkə olaraq Cənubi Qafqazda sabitlik, təhlükəsziliyin olmasında maraqlıdır. Yaxşı bilir ki, Qərb gələrsə regionda gərginlik çoxalacaq. Ona görə də Türkiyənin mövqeyi açıqdır.

 

- Regionda marağı olan güclərin bu və ya digər şəkildə üzərimizə gəldiyi müşahidə olunur və sanki “regionda təklənirik” düşüncəsini yardırlar…

 

- Bizim arxamızda Qoşulmama Hərəkatı kimi bir təşkilat var. Azərbaycan o hərəkatda çox böyük nüfuza və təsirə malikdir. Azərbaycan Türk Dövlətlri Təşkilatında ciddi söz sahibidir və bir çox platformalarda ciddi mövqeyi var. Bizim dostlarımızın sayı çoxalıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr getdikcə Azərbaycanla əməkdaşlıqlarını genişləndirirlər.

 

- Bu prosesdə Gürcüstanın mövqeyi nədir?

 

- Gürcüstan mövqeyini bildirməlidr. Amma bildiyimiz kimi Qərb-Gürcüstan arasında artıq oturuşmuş bir münasibətlər sistemi mövcuddur. Bütün hallarda gərginlik ehtimalları böyüdükcə region ölkələri öz mövqelərini açıq şəkildə bildirməlidir. Azərbaycanın mövqeyi başlanğıcdan Prezident səviyyəsində ifadə olunub. Məsələn, Azərbaycan Prezidenti dünyaya bəyan edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin beynəlxalq əhəmiyyətini süni şəkildə şişirtmək lazım deyil. Prezident ona işarə edir ki, siz məsələni beynəlxlaq müstəviyə qaldıraraq regiona müdaxilə etmək istəyirsiz. İki ölkə arasındakı məsələni özü həll edə bilər və bunun üçün də bütün şərtlər mövcuddur.

 

- Azərbaycan belə bir geosiyasi gərginliyin fonunda ona qarşı yönələn təsir və təzyiqlərə qarşı necə dayanır?

 

- Azərbaycan özünün mövqelərini qorumaq gücündədir və bunu edir. Digər region ölkələri ilə müqayisədə bizim mövqelərimiz ən yaxşı mövqedir. Qərb deyir ki, gəl mənim cəbhəmdə ol, sənin vasitənlə başqasına qarşı mübarizə aparım. Bilirsiz ki, Qərb hansı ölkəni öz yanına çəkirsə, ondan başqa ölkəyə qarşı istifadə edirsə, ortada qalan həmin ölkələr olur. Vaxtilə Borel özü etiraf edirdi ki, biz Ukraynaya öz maraqlarımıza görə dəstək oluruq. Yəni bir ölkəni müharibə tərəfinə çevirdilər və onu öz maraqlarına görə dəstəklədiklərini dedilər.

 

- Müharibə olacaqmı?

 

- Düşünmürəm. Ermənistan lokal xarakterli təxribatlar törədib layiqli cavabını alacaq. Müharibə o halda baş verə bilər ki, Ermənistanın Azərbaycan ordusuna qarşı çıxara biləcəyi güclü odusu olsun. Ermənistanın Azərbaycana qarşı çıxaracaq ordusu yoxdur. 44 günlük vətən müharibəsindən sonra Ermənistan odrusunun düşdüyü ağır durumdan çıxarmaq üçün 10 il vaxt lazımdır. Bu 10 il keçməyib. Bu gün Azərbaycanla tam həcmli mübarizə aparmaq Ermənistanın imkanı xaricindədir.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM