Əsən Ana əlləri

22:12 09-04-2024 | icon 647 | Cəmiyyət
Əsən Ana əlləri

Tanrı verən nə yazıdır bu yazı, ilahi?!

 

 

 

 

 

 

 SULTAN HÜMBƏTOV
/Tədqiqatçı jurnalist/

 

Yaxşı yadımdadır. 1985-ci ilin iyul ayının əvvəlləri idi. Ömür adlı yüyrək atın ən qiymətli yükü olan tələbəlik illərini yaşayırdım...

 

 

 

Yay tətili olduğu üçün kəndə yenicə qayıtmışdım. Ot biçini hələ tam vüsət almamışdı. Səhər erkən yatağımdan qalxdım, həyətyanı sahədə kərənti ilə ot biçməyə başladım. Artıq gün günortanın yerinə qalxmışdı. Nahar vaxtı olduğundan Anam şüşəbəndin pəncərəsini açıb məni səslədi. İşimi yekunlaşdırıb əl-üzümü yaxalayıb nahar otağına keçdim. Doğrusunu deyim ki, unudulan mədəniyyətlərimizin bir növü olan bardaş qurub oturmaq bir çox həmkəndlilərim üçün çox asan olsa da, mənim üçün çox çətin və əzablı bir iş idi. Bir çoxlarınız məni qınamayın, bardaş qurub oturmağın özü bir mədəniyyət, eləcə də sağlamlıq olduğunu bilsəm də artıq stulda əyləşib nahar etməyə uşaqlıqdan vərdiş etmişdim. Elə bu səbəbdən də anam mənim üçün süfrəni stolda hazırlamışdı.

 

Adətən yeməkdən öncə süfrəyə çay verilərdi. Anam da qaydanı pozmayaraq sakitcə pıqqıldayan somavardan dəm süzülmüş stəkanlara su əlavə etdi. Çay dolu stəkanı önümə qoymaq istəyən Anamın əli nədənsə yüngülvari titrədi, stəkan-nəlbəki səsləndi. "Buda təzə başlayıb" söyləyərək gileylənən Anamın əlləri diqqətimi cəlb etdi, əllər qocalmağa başlayırdı. Əllərin üzərinə çox cavanca qırışlar düşmüşdü. Sanki bu qırışlar anamın cavanlığını əllərindən qoparmağa çalışırdı. Qəlbimin dərinliklərindən həyəcan və qorxu qarışıq bir ifadə baş qaldırdı; "Ay aman, anam qocalır!". Anam qocalıq adlı bir otağın kəndarına olduqca kövrək addımlarla, özünün belə hiss etmədiyi bir anda qədəm basmağa çalışırdı. Haray çəkmək istədim, istədim bu qırışları haylayıb-haraylayıb qovam!... Amma gec idi!

 

Əllərin üzərindəki qırışlar nələr söyləmirdi, İlahi! Ana həyatının, Ana taleyinin yol göstəricisi, keçmiş xəritəsi idi bu qırışlar. Günbəgün qocalmağa başlayan bu əllər körpəliyimdən ta boya-başa çatana qədər saçlarıma tumar çəkib, məni gah səhər erkən, gah axşamdan keçəndə yatağımda sığallayıb. Bu əllərin təmasından, toxunuşundan qəlbimə, ruhuma doğmalıq, xeyirxahlıq, hər zaman bədxahlığı üstələyən bir güc, bir qüvvə süzülüb. Ana əllərinin odunu, hərarətini, sevgisini bağışlayıb mənə və sonda bu əllər məni xoş mujdəli gələcəyə pərvazlandırmağa çalışıb. Gözlərim önündə baş vermiş Ana əlinin ikinci titrəyişi mənə bir ömrə bəs edəcək qədər tükürpədici bir təsir bağışlayaraq məni yenidən möhkəmcə sarsıtdı.

 

Cavan və enerjili olmağım üzündən hər zaman özümü çox güclü və bacarıqlı hesab etsəm də həmin gün bu olay qarşısında olduqca çox aciz və yetərincə tənha idim. Bunun mənim üçün “dəhşət” olduğunu anlasamda hansısa bir hökm verə bilmirdim. Təbii ki, ümidsiz qaldığım üçün özümü heç vaxt bu dərəcədə köməksiz hiss etməmişdim. Yaddaşımda dərin iz buraxan və məni təəccübləndirərək dəhşətə gətirən bu hadisə hərdən gözlərim önündə canlandıqca özümün hər saniyə necə cılız bir şəkilə düşdüyümü hiss edirdim. Anam isə artıq qocalığın ilk müjdəçisi olan bu əl titrəyişlərinə az da olsa öyrəncəli idi, sanki buna heç məyus da olmur, bu əl əsmələrinə qəbullanırdı. Qəlbinin dərinliklərindən ixtiyar çöhrəsinə, simasına xas nur yağan, xırda gözlərində gələcəyə inam dolu təbəssüm parlayırdı. Bu qocalmış, titrəyən, əsən əllər nə vaxtlarsa totuş-toppuş uşaq əlləri olmuşdur. Bu gün yeni qırışlar tapmış əllər ata-ana xeyir-duasının halallığından güc almış, onların yolunu davam etdirir. Kim deyə bilərdi ki, beşik yırğalayan, körpə atıb-tutan, dayanmaq bilmədən yaratmaq xatirinə mübarizə aparan bu əllər qocalığın astanasında gücdən düşməyə başlayacaq. ... Nə bilim, sən demə, taleyin hökmü başqa imiş. Ağır olsa da belə, hər iki valideyinim haqq dünyasına qovuşanda el adətinə uyğun olaraq məzarda son dəfə Ana əllərinin izi qalmış əllərimlə özüm oxşadım onları.

 

Tanrı verən nə yazıdır bu yazı, ilahi?! Bu da tale adlı ömür yolu, alın yazısı deyilən bir qismətdirmi görəsən? Haradan bilərdim. Haqqa-nahaqqa hökm verən Tanrı, özün bilən məsləhətdir. Biz nə karəyik ki, sən olan yerdə.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...