Gəncə idmanında yeni mərhələ

21:19 10-04-2024 | icon 281 | Siyasət
Gəncə idmanında yeni mərhələ

İdman Sarayı bu sahənin inkişafına böyük təkan verəcək

 

Prezident İlham Əliyevin Gəncədə açılışını etdiyi İdman Sarayı yalnız bu şəhərdə deyil, bütövlükdə bölgədə idmanın inkişafına böyük təkan verəcək.

 

Gəncə-Daşkəsən Regional İdman İdarəsinin rəisi İntiqam Hüseynov “Report”a açıqlamasında deyib ki, kompleksin istifadəyə verilməsi ölkədə idmana olan dövlət qayğısının bariz nümunəsidir.

 

Onun sözlərinə görə, gəncəli idmançılar İdman Sarayının açılışını böyük sevinclə qarşılayıblar:

 

“Gəncə idmançılar məkanıdır, şəhərimizdə müxtəlif idman növlərində olimpiya çempionu kimi yüksək uğurlar qazanan idmançılarımız olub. İdman Sarayı nəinki Gəncədə, həmçinin bu regionda idmanın inkişafına böyük töhfə verəcək”.

 

 

İdarə rəisi qeyd edib ki, Gəncə İdman Sarayı ən müasir avadanlıqlarla təchiz olunub, idmançılar üçün bütün şərait yaradılıb:

 

“İnanıram ki, bu cür şəraitlə idmançılarımız daha da yüksək nəticələr əldə edəcəklər. Sarayda üzgüçülük, boks, ağır atletika, güləş, karate, taekvondo və sair idman növlərinlə məşğul olmaq üçün şərait var. Həmçinin idmançıların istirahəti və əyləncəsi üçün də çox gözəl şərait yaradılıb”.

 

O xatırladıb ki, 2025-ci il üçün Gəncə şəhəri MDB-nin idman paytaxtı seçilib:

 

“MDB idman oyunlarına daxil olan idman növlərinin əksəriyyəti məhz bu sarayında təşkil olunacaq”.

 

 

Son illərdə Azərbaycanda idmanın inkişafı üçün görülən işlərə toxunan İ.Hüseynov vurğulayıb ki, 2020-ci ilin noyabrından - Vətən müharibəsi başa çatandan sonra ölkədə abadlıq, quruculuq işləri başqa xarakter alıb:

 

“Ərazimizin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Vətən müharibəsi nəticəsində torpaqlarımızı düşmən tapdağından azad etdik. Hazırda həmin ərazilərdə böyük abadlıq, quruculuq işləri görülür, yeni şəhər, qəsəbə və kəndlər salınır, yollar çəkilir. Eyni zamanda idmanın inkişafı üçün lazımı infrastruktur yaradılır. Bunun üçün də böyük vəsait sərf olunur. Demək olar ki, imkanlarımızın böyük hissəsi bu işlər üçün səfərbər olunub. Amma Prezident İlham Əliyev bununla yanaşı digər bölgələrin də inkişafını daimi diqqət mərkəzində saxlayır. Dövlət başçısı həm işğaldan azad olunan ərazilərə, həm də digər rayonlara tez-tez səfərlər edir, yeni sosial obyektlərin, müəssisələrin, yolların açılışını edir, problemlərin tez bir zamanda həlli üçün göstərişlər verir. Prezident İlham Əliyevin aprelin 9-da Gəncəyə səfəri, Gəncə şəhər stadionunun təməlini qoyması, Gəncə İdman Sarayının açılışını etməsi, Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olması buna bariz nümunədir”.

 

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Tikinti işləri bu ilin martında tam başa çatdırılıb.

 

Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.

 

İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.

 

 

Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq iki, üç və dörd yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.

 

Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, üç konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.

 

Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

 

Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq