"Zaman qatilləri"


...xasiyyətdəki çatışmazlıq və ya nöqsan deyil
ELÇİN ALIOĞLU
Tanıdığım-bildiyim insanların əksəriyyəti, bəlkə də tam əksəriyyəti əla "zaman qatilləri"dir. Yəni prokrastinatorlardır. Bəlkə sizlərin də arasında belələri var, ola bilər.
"Zaman qatili" ciddi işə başlayır, kompüterün önündə əyləşir, amma az sonra durur, çay süzür, içir. Sonra poçtu yoxlayır, "Facebook"-a baş çəkir, orada yazışır, şərh verir, mövqeyini bildirir, sonra başqa önəmli az işlə məşğul olur.
Sonra "gərəkli əhval"ı gözləyir, sonra azacıq işləyir, sonra "YouTube"-da, ya "İnstagram"-da videoya baxır, sonra yenə "Facebook", sonra virtual məkanda mübahisə... Və mobil telefonun sürəkli yoxlanması da öz yerində.
Belə təəssürat yaranır ki, prokrastinatorun, yəni "zaman qatili"nin işlə eyni elektrik cərəyan səviyyəsi var: o, işə nə qədər yaxınlaşırsa, bir o qədər ondan uzaqlaşır. Halbuki bu, zamanı paylaşmaq məharətinin olmaması deyil. Məsələ emosiyaların öhdəsindən gələ bilməməkdir.
"Zaman qatilliyi" xasiyyətdəki çatışmazlıq və ya nöqsan deyil. O, görüləcək işin doğurduğu emosiyaların (usantı, narahatlıq, pərişanlıq, küskünlük, acıq, hirs, ümidsizlik və s.)və mənfi əhval-ruhiyyənin öhdəsindən gəlmək vasitəsidir. O, ağ vərəq qorxusudur: birdən alınmadı?! Mühüm işi bir müddət təxirə salan insanın hiss etdiyi müvəqqəti yüngülləşmə isə müəyyən mənada relaksdır. Xüsusilə də o, görüləsi iş əvəzinə daha maraqlı hesab etdiiyi əməllə məşğul oluruq özünü mükafatlandıranda. Müsbət təkan alınır və insan yenə, yenidən zamanını "qətlə" yetirir. Əksər hallarda isə prokrastinasiya məğlubiyyət qorxusu, özünü peşəkar kimi sığortalamaq istəyidir. "Zamanın qətli" özünü vaxt çatışmazlığı şəraitinə sürükləməkdir. Yəni "Yo-o, mən, təbii, bu işin öhdəsindən əla gələrdim, sadəcə vaxt çatmadı". Halbuki vaxt yetərincə idi. Bəs siz necə çalışırsınız?
Xəbər lenti

Ermənistandan Azərbaycana qarşı növbəti ekoloji TƏHDİD
Naxçıvan və Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub