Hökumətimiz bizə, biz isə hökumətimizə yaraşırıq


Beyinlərdə və davranış tərzində inqilab etmək lazımdır
RAMİL NƏCƏFLİ
/tibbi jurnalist, psixoloq/
Görürəm çoxunuz mövcud hakimiyyəti devirməkdən danışırsız. Sizə bir söz deyim. Təsəvvür edin, bu hakimiyyət kömür peçi ilə hərəkət edən parovozdur. Azərbaycan xalqının 80 faizi isə həmin parovozdakı ocağa kömür atmaqla məşğuldur. Hökumətimiz bizə, biz isə hökumətimizə yaraşırıq. Mən yox. Mən fərqliyəm. Bu ölkə xalqının təfəkkuru mənə yaddır. Mənimlə birgə 15-20 faiz adam.
Lap tutaq ki, Azərbaycanda yaşayan azərbaycanlıların böyük əksəriyyətinin satqın, yaltaq, xain, paxıl, kələkbaz, oğru, talançı, rəzil, lageyd, ikiüzlü, qorxaq olmasının günahkarı mövcud sistem və mövcud hakimiyyətdir. Bəs xaricdəki azərbaycanlılar? Axı onlardan pis adam olmaq tələb olunmur. Yaxşı, bəs axı, Rusiyada, Turkiyədə, Avropada yaşayan xalqımızın böyük əksəriyyətinin düzgün adam olmalarına nə mane olur? İlham Əliyev istəsə də xaricdə yaşayan azərbaycanlını satqın, aravuran, ev yıxan, qorxaq və yaltaq edə bilməz, əgər həmin o xaricdə yaşayan azərbaycanlı doğrudan da düz adamdırsa. Axı xaricdə yaçayan və bizim heç tanımadığımız minlərlə azərbaycanlının çoxu da əclaf, satqın, qorxaq və namərddir. Gedin İstanbuldakı məhəllələrdə qanunsuz yaşayan və buna görə də qul kimi işləməyə, az maaşla işləməyə qane olanlara, maşenniklik edənlərə baxın. Orda adımızı batıranlardan xəbəriniz var?
Rusiyada, Avropada yaşayan bir-birinin paxıllığını çəkən, malını oğurlayan, üzə duran, bir-biri haqqında hökumət orqanlarına işverənlik edən, yaltaqlığ, qorxaqlıq edən azərbaycanlılara görə utanıram.
Sözümün canı odur ki, sistemi bəsliyən biz özümüzük. Polis istəsə, dubinkanı yavaş vurar. Ticarətçi istəsə, haramxorluqda həddini aşmaz. Məhkəmə hakimi istəsə, pul verməyən xırda cinayətkarın belinə 5 qat çox "srok" yazmaz, ofisiant istəsə, "müdirin obyektidir, mənə nə" deyib müştəriləri kusdurməz. Aşbaz istəsə, işlədiyi yerin ərzağın oğurlamaz, xalq şairi və akademiki istəsə, tarixi abidələrə qarşı vandalizmə səsini çıxardar.
Xəstəxanadakı baş həkim istəsə, həkimləri səfərbər edib dəhlizdə nasılkada uzanan ağır xəstəyə tibbi yardım edər, əməliyyat etdirər və sonra xəstənin yaxınlarını axtarar.
Dövlətdən qrant alan QHT sədri istəsə, hökumətə yersiz yaltaqlığ etməz.
Müəllim istəsə, maaşı az olsa da uşaqlara daha çox can yandırar. Rejissor istəsə, aktyorların qonorarını kəsib özünə 200 min manatlıq xarici maşın almaz, daha ucuz maşında gəzər. Yazıçılar birliyinin sədri istəsə, ayrılan pullarla ölkə yazıçılarının əsərlərini xarici dilə tərcümə etdirib Rusiyada çap etdirib satışa çıxarar. İstəsələr bizimkilər heç olmasa həmişə tələb olunan cur davranmağa bilərlər. .......
İstəsək "Bu əclaflığı mən etməsəm, onsuz da bir başqası edəcək" kimi bəhanələr gətirmərik.
Dəyişmək istəyənlərimiz çox azdır. Beyinlərdə və davranış tərzində inqilab etmək lazımdır. Heç olmasa tələb olunandan çox yaltaq, qəddar, uzəduran, qorxaq, qoyun, möhtəkir olmasaq, bu da inkişafdır…
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...