ONUN “Duası"nı” yazan Mediadır

10:46 14-07-2019 | icon 996 | KİV
ONUN “Duası"nı” yazan Mediadır

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəyə təqdim olunur.

  

Allahın varlığı, insanın ruhunda və dualarında əks olunur.  Gözə Görünməz yaradan, onun mənəvi yaşam tələbi, ruhi qidası, daxili enerjisi və ümid  mayakıdır. İnsan ruhi dünyasında öz kimliyini dərk etməyə çalışır. Bu, öz “məni” qarşısındakı hesabat anı, insan yaşamının mahiyyətini anlamağa çalışdığı  məqamıdır.

Bir çox filosoflar hesab edirlər ki, insanın ruhən Allahına sığınması bəşər övladının heç bir zaman dəyişməyəcək ali hissidir.  Bu, hər zaman insan övladının qavramağa çalışdığı sirli dünyasıdır və hər kəs o sirr qapısını aça bilmir. Bu mənada insanın öz dünyasının, öz istəklərinin maddi dünya ilə nə dərəcədə əlaqəli olduğunu öyrənmək istəyi, təbii olaraq müxtəlif dini elmlərin formalaşmasına təkan verib.

 

Dini hiss bütün zamanlarda insanın daxili aləminə hakim olub. Bütün Dinlərin Müqəddəs Yazılarında bildirilir ki, Bəşəriyyət – öz Yaradanını tanımaq, Ona ibadət etmək və Onun Ali məqsədinə xidmət etmək üçün yaradılıb.

 

Həzrət Əbdül-Bəha deyir ki, Allahın bizim mədəni əsrimizə olan hədiyyəsi bəşəriyyətin birliyi və dinlərin əzəli birliyi  haqqında bilikdir.  Din təkamülün bu formasında başlıca hərəkətverici qüvvə kimi çıxış etdiyindən, insan cəmiyyətini onsuz təsəvvür etmək mümkün deyil.

 

Təbii ki, ruhi tələblərin qavranması insanların təfəkkürü və düşüncəsinin ölçülərinə uyğun olur. Bir çox halarda isə insanlar “Allahlıq iddiası” ilə dünyanı zəhərləyirlər. Həzrət Bəhaullah buyururdu ki, -

bütün insanlar tərəqqi edən sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar. Allahın insanlara Peyğəmbər göndərməkdə məqsədi ikidir. Birincisi, insan övladını cəhalət qaranlığından azad etmək və onları irfan işığına doğru yönəltməkdir, ikincisi, Bəşəriyyətin sülh və əminamanlığına zəmanət vermək və onları yaradıcılığı üçün vasitələrlə təmin etməkdir”.

 

Allaha inam özünü dinsiz hesab edənlərin düşüncələrində daha maraqlı nüanslarla diqqət çəkib. Dini Allahla təmasın qarşısını kəsən maneə hesab edənlərin O Görünməz gücə daha çox tapındığı müşahidə olunub. Ateist düşüncələri ilə ictimaiyyətdə fikir yayan filosoflar, yaxud dini qamçılayanların çıxışlarının arxasında özünə inamsızlıq hissi sezilib. Bu da onu göstərir ki, kimliyindən asılı olmayaraq insan öz şüuraltında gəzdirdiyi Allahından çəkinir və daim ona hesabat verir. Ola bilər ki, bu, onun vicdanının hakimidir.

Allaha inam, dinə ediqad, heç də insanın daim yaxşı məqsədlər uğrunda çarpışacağı anlamına gəlmir. Dünyanı bürüyən müharibələr, eləcə də xristian və müsəlman gücləri arasındakı soyuq savaşlar deyilənləri zaman-zaman təsdiq edib.

Bir çox güclər dindən öz məkirli məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Çox uzağa getməyək, Ermənistanın öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi və insanlarımıza qarşı həyata keçrdiyi soyqırımlar, dinin tələblərini düzgün qavramamaları, yaxud ruhlarını şeytanlara satmalarıdır. Qatillər bir gün Allahın ədaləti hüzurunda dayanacaq, ilahi cəzadan qurtula bilməyəcəklər.

 

Əslində bütün insanlar eynidir. Lakin dünyanı maraqlı və gözəl formalaşdıran rəngarənglik prinsipi fərqli dinlərin yaranmasını gerçəkləşdirib, yaxşılığı, yardımsevərliyi, paylaşmağı, sevgini təbliğ edir və ONUN “Duasını” yazan Mediadır.  

Dini mənsubiyyəti fərqli olanların bir-biri ilə yaxınlaşması yeni mədəni svilizasiyaları yaradır və paralel olaraq dünyanı kataklizmlərə sürükləyir. Bu mənada artıq qloballaşan dünyada dinlərarası dialoqlar, mədəniyyətlərarası dialoqlar, islam svilizasiyası forumları keçirilir.

Dinlər və Dini Məzhəblərin Xronoloji Təsnifatına görə, dünya dinləri zaman baxımından yaranma ardıcıllığına görə və ya xronologiya üzrə qruplaşdırılırlar. Tarix göstərir ki, ayrı-ayrı dövrlərdə Azərbaycanda bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib və bir-birinə qarşılıqlı təsir göstərib. Hazırda Azərbaycanda dinlərin “ənənəvi”-“qeyri-ənənəvi” qruplaşdırılması ədəbiyyatlarda və mətbuat səhifələrində daha çox işlədildiyindən onun üzərində çox araşdırmalar aparılır.

Mənim dinim İslamdır. Yaşadığım coğrafiyada fərqli adətlərə məxsus milli-etnik qruplar var ki, Allahına dininin buyurduğu qanun və qaydalara uyğun alaraq dualar edirlər. Bizlər tolerant bir ölkənin tolerant yetişdirdiyi və islami dəyərlərə riayət edən insanları kimi, digər dinlərə də hörmət və ehtiramla yanaşırıq. İslam dini dünyaya sevgi, barış, bərabərlik, paylaşmaq, sülh istəyir və bu, hər bir müsəlmanın dualarında var. Lakin islam dininə qarşı təpkilər, islam ölkələrində aparılan müharibələr və islam dinini qantökən bir formada təqib etmələr - İslamafobiyanın ortaya atılması ilə biruzə verilir.

 

Tarix göstərir ki, İslamafobiyanın tarixi kökləri İspaniyada Əndəlusun ərəblər tərəfindən tutulduğu dövrə gedib çıxıb. Səlib yürüşlərinə əsgər toplaya bilmək üçün kilsə xadimləri islamın xristianlığa qarşı olduğu və xristianlığı təhdid etdiyi təbliğatını aparmaqla islamafobiyanın yaranmasına zəmin yaradıblar. İslam və xristianlıq arasında əlaqələr normallaşandan, dinlər arası dialoq qurulandan sonra islam qorxusu qərbdə tədricən azalıb və bir neçə əsr özünü demək olar ki, büruzə verməyib. Amma XX əsrin 90-cı illərindən başlayaraq islamafobiya yenidən gündəmə gəlib. Buna təkan verən hadisələrdən biri Hantinqtonun məşhur "Mədəniyyətlərin qarşıdurması" məqaləsində islamı Qərb üçün potensial təhlükə mənbəyi kimi dəyərləndirməsi olub. 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı "Əkiz qüllələr"ə terror hücumundan sonra xristian dünyasında islamafobiya daha da artıb. Bu nifrətin bəzi qüvvələr tərəfindən daha da alovlandırılması halları da mövcuddur. İslamı və müsəlmanları Avropa mədəniyyəti və materialist həyat tərzi üçün "potensial düşmən" kimi görən Qərb ziyalıları içərisindəki irqçi meyllər də XXI əsrin əvvəllərindən başlayaraq güclənib.

 

Mən medianın informasiya təbliğatını açılan atom bombasının yarada biləcəyi təsir effekti ilə müqaysə edərdim. Mətbuatın bu istiqamətdə aparacağı maarifləndirmə, təbliğat işi İslamafobiya, yaxud dinimzə qarşı yönələn neqativləri dağıtmaq üçün ən güclü vasitədir. Din və medianın müştərək fəaliyyəti bəşəriyyətin xilasına və dinindən, insanların bir-biri ilə yaxınlaşmasına, hətta ayrı-ayrı dinlərdən olan insanların birgə nigahlarının çoxalmasına təkan verəcək. Bütün sahələrdə olduğu kimi, burada da ən böyük mühaibə, ən böyük iş medianın üzərinə düşür.  Medianın səmərəli işləməsi üçün isə ona böyük yatırımlar qoyulmalıdır.

 

Bir çox tarixi ədəbiyyatlarda yazılır ki, dinlərarası, xüsusilə dünyanın ən böyük dinlərindən olan islamla xristianlıq arasında dialoq məsələsi hələ XIX əsrin ortalarından etibarən gündəmə gəlsə də, yalnız keçən əsrin 50-60-cı illərindən başlayaraq konkret məzmun kəsb edib. 1962-ci ildən başlayaraq 3 il davam edən II Vatikan Konqresi və bu Konqresin yekunu olaraq 1965-ci ildə qəbul edilmiş "Kilsənin qeyri-xristian dinləri ilə qarşılıqlı münasibətləri haqqında" bəyannaməsi ilə bu proses yeni bir mərhələyə qədəm qoyub. Orta statistik amerikanın "İslam" deyilən kimi ağlına 26 fevral 1993-cü ildə Dünya Ticarət Mərkəzinin partladılması gəlirdisə, artıq bundan sonra 11 sentyabr faciəsi gəlirdi. Məhz bu düşüncənin aradan qaldırılması, yerinə bütün dinlərin sülh və əmin-amanlıq gətirdiyi fikrinin təlqin olunması dinlərarası dialoqun inkişaf edərək formalaşmasında həlledici rol oynadı.

 

Danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

 

Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştlük, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır".

Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə olmuş Azərbaycanda dinlərarası balans qorunub saxlanılıb. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, dinlər arasında təfriqə yaranmasına çalışıblar. Qərbə və Rusiyaya belə bir mifi təlqin etməyə çalışıblar ki, guya Azərbaycandan "islam təhlükəsi" gözlənilir. Azərbaycan-Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) birgə təşkilatçılığı ilə keçiriləm “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşayışına nümunə olacaq ölkələr arasında Azərbaycanın çox mühüm yer tutduğunu deyib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. 

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov,  ekstremizmin qarşısını almaq üçün hər bir ölkənin öz təcrübəsini bölüşməli, təbliğat aparmalı olduğunu deyib. O, bildirib ki, dini etiqad azadlığının təmin edilməsi vacibdir və din xadimləri bu məsələdə aparıcı rol oynamalı,təbliğat apararaq insanları qardaşlığa, bərabərliyə çağırmalıdır.

Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində dediyi sözləri xatırlamaq yerinə düşər.

Dövlət başçısı bildirib ki, Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib:

"Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var.”

 

Bir çox hallarda dində mövhümatçılıq önə çıxır. Allaha sevgi, insanlığa olan sevgi, hörmət, qayğıkeşlik, bir-birinə qarşı diqqətli olmaq, humanistlik, tolerantlıq bərabər arşınlı ölçülərə malikdir. Heç kəs iddia edə bilməz ki, bir saqqalı kişi, yaxud bir başı örtülü qadın Allahı başqalarından daha çox sevib, insani dəyərlərə hamıdan çox diqqət yetirəndir. Yaxud əksinə, heç kəs iddia edə bilməz ki, başı-gözü açıq, geyimi dünyəvi olan qadın, yaxud dizi cırıq şalvarlı, üzü ülgüclənmiş bir kişi Allahını tanımır, onun buyurduğu qaydalardan kənarda hərəkət edəndir və sair. Belə bir qayda yoxdur və müasir dünyada yaşasaq da, bir çox hallarda bu cür elementlərin qabardılması dinimizi kölgələyən hallardır. Dinimiz sülh, barış, bərabərlik, böyüyə hörmət, kiçiyə diqqət, paylaşmağı sevməyə yönəlir. Media dini qaranlığa salmaq istəyən mövhumatçılıq amillərini aradan qaldırmağa sahib olan ən byük vasitədir.

 

Din və Media hər zaman cəmiyyətdə sivil dünyanın formalaşdırılması baxımından yan-yana dayanmalı, insanlığın mənəvi qidasına çevrilib fobiya yaradan ünsürləri zərərsizləşdirməklə insanlığa xidmət etməlidir. Bu proses çoxşaxəli aparılmalıdır. Dinlərin, xüsusilə də islam dininin heç də hansısa güclərin dünyaya sırımaq istədiyi terorçu deyil, sülhsevər, yardımsevər bir din olduğu səmimiyyəti ilə göstərilməlidir. Təbii ki, İslamafobiyanın zəifləməsi, dinimizin gözəlliyini dinlərarası mədəniyyətlərin dialoqunda İslam təcrübəsi olaraq başqa dinlərə transferi baxımından da medianın rolu əvəzsizdir. Deyərdim ki, bu prosesdə Medianın  rolu əvəzsisdir, danılmazdır...

 

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun medianın rolundan danışarkən dediyi fikirləri diqqətə almamaq mümkün deyil. O bildiib ki, jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar:

“Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”.

 

Bu aksiomadır: dini düşüncəni insan özü yaradır və onu beyninin gücü çatdığı qədər “daşıyır”. İnsanın əqidəsi, dünyaya baxışı gözəldirsə, onun təmsil etdiyi din və baxışları da gözəlləşəcəkdir. Bu isə dediyimkimi, insanların təfəkkürü, dünyaya baxışlarının  ali prinsiplər üzərində formalaşmasına bağlıdır. Bütün bunlar məktəblərdə verilən milli-mənəvi-ruhi, dünyəvi bilgilərin səviyyəsi və insanların qavrayışının dərəcəsi ilə hesablanır. Bu mənada insanların düşüncəsinin, ruhunun sağlam, güclü olması və əsas xəttindən,  cığırından çıxmaması üçün daim bilgilər alması ilə yanaşı, maariflədirilməli, təbliğat, təşviqatla işləri aparılmalıdır. /Üç Nöqtə/

 

Tahirə Qafarlı

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin