Dünyanın yeni siyasi düzəni: Bakıdan verilən mesajlar…

 

11:47 03-03-2023 | icon 299 | Siyasət
Dünyanın yeni siyasi düzəni: Bakıdan verilən mesajlar…
 

 

 

 

“Bu gün beynəlxalq siyasi münasibətlərdə və geopolitik miqyasda baş verən hadisələr onu göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar prosesləri idarə etmək, dünyanın təhlükəsizliyini təmin etmək qarşısında acizdirlər. Azərbaycan torpaqlarının işğalına qarşı BMT tərəfindən qəbul olunmuş məlum qətnamələrin kağız üzərində qalması, Serbiya rəhbərliyinin Balkanlarda təcavüzkar siyasətinə susqunluq, Moldova, Gürcüstan və nəhayət Ukrayna ərazilərində böyük müharibələrin qarşısının alınmaması bunun real təsdiqidir. Məhz belə bir siyasi dönəmdə bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir”.

 

Versus.az xəbər verir ki, bunu  Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Qoşulmama Hərəkatına Azərbaycan Prezidentinin sədrliyi və əhəmiyyətini təhlil edərkən bildirib.

 

 

 

F.İbrahimli qeyd edib ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Deputat onu da qeyd edib ki, mövcud olduğu müddət ərzində Qoşulmama Hərəkatı BMT və ATƏT ilə müqayisədə dünyada gedən proseslərə daha az təsir gücü ilə tanınan bir təşkilat olub. Rəsmən 1961-ci ildə yaradılmış və 120 dövlətin təmsil olunduğu Hərəkat bitərəf dövlətlərin təsisatı olaraq öz toplantılarında dünyada gedən prosesləri müzakirə etsə də, onun bu proseslərin gedişinə təsir etmək imkanı heç vaxt real görünməyib.

 

 

“ Qoşulmama Hərəkatının dünya hadisələrinə fəal müdaxiləsi məhz 2019-cu ildə Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayıb. Qlobal pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi. Məhz bu zamanda bütün dünyanın COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi koronavirusa qarşı mübarizədə qlobal həmrəyliyin təmin olunması üçün cəsarətli təşəbbüslər irəli sürdü və Dünya Səhiyyə Təşkilatının moderatorluğu altında bütün dövlətlərin əməkdaşlığa cəlb olunmasına nail oldu. Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyası çağırıldı, məhz Azərbaycan Prezidentinin çıxışlarında Avropada təzahür edən “peyvənd millətçiliyi” açıq-aşkar tənqid olundu və dünyanın inkişaf etmiş ölkələrinin üzərində digər ölkələrə dəstək vermək məsuliyyətinin olması rəsmən təsbit edildi. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı.

Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü də həm təşkilatın fəaliyyəti, həm də dünyanın təhlükəsizliyi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin bir neçə beynəlxalq təşkilatların rəhbərlərinin qatılması Bakının ev sahibliyi etdiyi tədbirin səviyyəsi və nüfuzunun göstəricisi sayıla bilər.

Amma Bakı sammiti yalnız COVID-19-a qarşı mübarizə tədbirləri ilə yekunlaşmadı və ciddi siyasi mesajları ilə yadda qaldı. Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışında Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamasını, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsini səsləndirməklə dünya idarəçiliyi və təhlükəsizliyi baxımdan yeni prosesin anonsunu vermiş oldu. Artıq hər kəs fərqindədir ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli qurum deyil və çağdaş dünyanın siyasi sistemində müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. Bu baxımdan Qoşulmama Hərəkatının bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu təsdiq edib. Azərbaycan Prezidenti çıxışında bəyan edib ki, bu gün dünyada neokolonializm meyli güclənir. Bu kontekstdə o, Fransadan üzr istəməsini tələb edib: “Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının çirkin qalıqlarıdır. Biz həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər yerlərdə Qoşulmama Hərəkatına üzv ölkələrə qarşı müstəmləkə keçmişinə və qanlı müstəmləkə cinayətlərinə və soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyəti etiraf etməyə çağırırıq”. Bu ölkəmizin əzilən xalqların yanında, imperalizmə qarşı durduğunun açıq ifadəsi idi”.

 

 

F.İbrahimli qeyd edib ki, bu gün dünyada baş verən bir çox münaqişə ocaqlarının, hərbi-siyasi problemlərin həlli üçün məhz Qoşulmama Hərəkatı platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir və bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır.

 

“Bu gün dünyanın yeni siyasi düzəni formalaşır, illərlə öz haqqı uğrunda çarpışan xalqlar və dövlətlər söz sahibinə çevrilir. Qoşulmama Hərəkatının Bakı sammiti həm də bunun mesajı idi”.

 

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident onu MÜKAFATLANDIRDI

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Azərbaycanda Milli Qurtuluş Günüdür

Xalq artisti şagirdlərlə görüşdü

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Qəbul imtahanının NƏTİCƏLƏRİ

"WhatsApp"da YENİ FUNKSİYA

Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

Bayram tətili BAŞLADI

Naxçıvan yenidən ATƏŞƏ TUTULDU

"Kəpəz" 2 futbolçu ilə yollarını ayırdı

“Şagirdlərin dərs yükü gələn ildən azaldıla bilər”

Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə gedən ŞƏRƏFLİ TARİX

Şuşa Bəyannaməsi və onun əhəmiyyəti