Qarabağda tarixi adlar BƏRPA EDİLƏCƏK

14:18 31-10-2023 | icon 623 | Cəmiyyət
Qarabağda tarixi adlar BƏRPA EDİLƏCƏK

Elşad Abışov: "Faktlarla sübut olunur ki, bu ərazilər tarixi türk yurdudur"

 

Qərbi Azərbaycanda, indiki Ermənistanda türk mənşəli toponimlər uzun illər boyu dəyişdirilib erməniləşdirilib. Ermənilər türklərin -azərbaycanlıların min illər boyu bu ərazidə yaşamasını sübut edən faktları saxtalaşdırmaq, xalqın adlara hopan tarixini pozmaq üçün əllərindən gələni ediblər. Bu faktlar 30 il işğal altında qalan Azərbaycan ərazilərində də baş verib. Azərbaycan xalqının öz kimliyinə sahib çıxması üçün xalqın qədim tarixini, yaşayış məskənini müəyyənləşdirən həqiqətlər üzə çıxarılmalı və bunun üçün yurd adlarımızın tarixin hansı dövrlərində necə dəyişdirilməsinə dair tədqiqatların aparılması olduqca əhəmiyyətlidir. Bu mənada dövlət başçısının təşəbbüsü ilə oktyabrın sonunda Toponimiya komissiyası və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Milli Məclisdə Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi və tarixi adlarının qaytarılması üçün xəritənin hazırlanmasının müzakirəsi mühüm addımlardan biridir.

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elşad Abışov müsahibəsində məsələ ilə bağlı mühüm məqamlara diqqət çəkib.

 

- Elşad müəllim, toponimlərin öyrənilməsi, araşdırılmasının əhəmiyyəti nədir? Tarixi adlarının qaytarılması xəritəsi əsasən hansı əraziləri əhatə edəcək?

 

- Toponimlər mənsub olduğu ərazinin bir növ pasportudur. Toponumlər bu ərazidə yaşayan xalqın dili, adətləri, mədəniyyəti, etnik soykökü ilə bağlı olan prosesləri özündə birləşdirir. Bu mənada toponimlərin öyrənilməsinin xalqın tarixinin öyrənilməsi baxımından çox böyük əhəmiyyəti var. 

Bu gün toponimlərin xəritəsinin hazırlanması əsasən Qərbi Azərbaycan, yəni indiki Ermənistan ərazisini və Qarabağ iqtisadi zonası adlandırılan əraziləri əhatə edəcək. Bu istiqamətdə araşdırmaların aparılması və toponimlərin xəritəsinin hazırlanması,  bu ərazilərin Azərbaycan xalqına məxsus olan qədim yaşayış məskənləri olduğunu göstərən bir faktdır. Toponim coğrafiyasının hazırlanması həm də Azərbaycan ərazilərinin hüdudlarının haradan keçdiyini bir daha göstərmiş olacaq. Bir daha göstəriləcək ki, Azərbaycan xalqı indiki sərhədləri daxilində deyil, həm də onun hüdudlarından kənarda, indiki Ermənistan ərazilərində yaşayıblar, o yerlərin əsl sahibləri olublar. Onun mövcudiyyətini də orada türk mənşəli toponimlərin olması təsdiq edir.

 

- Qərbi Azərbaycan toponimlərinin xəritəsinin hazırlanması hansı perspektiv üçündür və orada dəyişdirilən yer adları nə zaman tarixi türk adlarına dəyişə bilər?

 

- Zatən Qərbi Azərbaycan ərazilərində olan toponimlərin hamısı türk mənşəli olub. Bununla bağlı çoxsaylı arxiv sənədləri, siyahıya alınmalar var. Sovet dövründə, təxminən 60-70-ci illərin statustikası, ondan əvvəlki vaxtlar göstərir ki, Qərbi Azərbaycan ərazisində -Vedidə, Dərələyəzdə, hətta İrəvanın özündə, Qərbi Zəngəzur ərazilərində olan 95 faizdən çoxu türk mənşəli toponimlərdir. Bu xəritənin hazırlanması da tarixən bu ərazilərin bizə məxsus olduğunu sübut edir. Zatən bu faktlar yunan-roma,  rus, gürcü mənbələrində öz əksini tapıb. Bu toponimlərin sonradan erməniləşdirilməsi ordakı türk izlərinin silinməsinə xidmət edən addım idi. Oradakı məscidlərin dağıdılması, yazılı  mədəniyyət abidələrinin silinməsi, tarixi adların dəyişdirilməsi türk adının silinməsinə xidmət edib. Toponim xərtəsinin hazırlanması gələcəkdə Qərbi azərbaycanlıların öz vətəninə qayıtması dövründə bizə o hüquqi əsası yaradacaq ki,  orada məskunlaşan əhalinin yaşadığı yerlərin keçmiş adlarının bərpası istiqamətində iş apara bilək. Azərbaycanlılar ora köçəndən sonra o adları dəyişmək imkanı olacaq.

Təbii ki, hazırda əsas işimiz xəritənin hazırlanmasıdır. Köçürülmənin nə vaxt baş verəcəyi,  dövlətin, hökumətin üzərində olan bir məsələdir. Bu qayıdış tarixi elə də uzaq dövrə gedib çıxmayacaq. Çünki hazırda sülh müqaviləsinin imzalanması istiqamətində işlər aparılır və bu sənədin  imzalanması mərhələsində gündəmdə olan əsas məsələlərdən biri olacaq.

 

- Bu gün Azərbaycan ictimaiyyəti öz tarixi ərazilərinə qayıtmadan Qərbi Azərbaycanda olan tarixi abidələrinin müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırıb. Bəs, toponimlərlə bağlı belə bir addımların atılması mümkündürmü?

 

- Biz bununla bağlı beynəlxalq məhkəmələrdə məsələ qaldıra bilərik. Amma bunun hüquqi təsir gücü olmayacaq. Çünki deyəcəklər ki, torpaq mənimdir, ərazi mənimdən ona görə də yaşadığım yerə istədiyim adı verə bilərəm. Amma ən azı beynəlxalq təşkilatlarda Azərbaycanı gözü götürməyən qüvvələr qarşısında məsələ qaldırılıla bilər ki, Ermənistan türklərin - azərbaycanlıların Qərbi Azərbaycanda mövcud olan mədəni izlərini silir, abidələrimizi, toponimlərimizi məhv edir, erməniləşdirir. Ən azı gələcəkdə bizim işimizin asanlaşması baxımından bundan xəbərdar olmalıdırlar ki, bu bizə hüquqi baza yaratsın.

 

-İlkin məlumata görə Qarabağda - Xankəndi, Şuşa, Ağdarə, Xocavənd, Xocalı kəndələrinin bəzilərinin erməniləşdirilmiş adları müəyyənləşməlidir. Bu ərazilərdə neçə erməniləşdirilmiş kəndlər var?

 

- Ermənilər Ağdərəni Mardakert, Xocavəndi adını Martuni, Ağoğlanı Hadrut adlandırıb. Şuşanın adına o qədər toxuna bilməyiblər. Ermənilər orada az yaşadığı üçün təsir mexanizmləri yox idi. Yerdə qalan yerlərdə əsasən rayon mərkəzlərinin adını dəyişdiriblər, sonrakı mərhələdə Ağdərədə, Xocavənddə, Əsgəranda, Xocalıda toponimlərin erməniləşdirilməsi istiqamətində işlər aparıblar. Hətta sovet hakimiyyəti dövründə bir neçə yerlərin adlarını dəyişdirməyə nail olublar. Hazırda əlimizdə sayla bağlı dəqiq statustika yoxdur. Ancaq aydın məsələdir ki, mərhələli şəkildə ordakı kənd adlarımızın bir çoxunu erməni adları ilə adlandırıblar. Və bu zaman da sovet hakimiyyətinin təsir gücündən istifadə ediblər. Buna baxmayaraq həmin adların ilkin formaları bizdə qalmaqdadır. Bu adların keçmişi tarixdən silinməyib. Biz də çalışacağıq ki, bütün Azərbaycan türk adlarını yenidən bərpa edək.

 

- Bu proses nə qədər vaxt alacaq?

 

- Bununla bağlı konkret vaxt göstərmək çətin məslədir. Lakin uzun vaxt aparmayacaq. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb və bu istiqamətdə işlər gedir. O cümlədən bilirik ki, əhalinin işğaldan azad olunmuş ərazilərdə məskunlaşması istiqamətində işlər gedir. Əhalimiz öz yurdlarına köçdükcə, mərhələli şəkildə toponimlərimizin də dəyişdirilməsinə nail olacağıq. Digər tərəfdən, qanunverici orqan Milli Məclisdir və hər şey onun qərarlarından asılı olacaq. Parlamentdə də bu istiqamətdə ciddi işlər gedir.

 

- Ümumiyyətlə, yer adlarının dəyişdirilməsi proseduru necə aparılır və hansı mərhələlərdən keçir?

 

- Yer adlarının dəyişdirilməsi prosesində iki məqam var: birinci məqam yerli camaat icma yaradır və həmin icma kəndin adını hansı şəkildə dəyişdirmək istədiyi barədə təklif verir. Bu protokol şəklində İcra Hakimiyyətinə göndərilir, orada müzakirə ediləndən sonra, məsələ  Parlamentə Toponomiya Komissiyasında müzakirəyə göndərilir ki, məclisdə təsdiq olunsun.

İkinci mərhələ ondan ibarətdir ki, ola bilsin ki, icma bu məsələ ilə məşğul olmasın və icra orqanları hər hansı bir adın dəyişdirilməsinə ehtiyacın olduğunu görüb icmanın iştirakı olmadan qanunverici orqan qarşısında məsələ qaldıra bilər.  

 

- İşğaldan azad edilən rayonların sərhədlərinin müəyyənləsdirilməsində yeni yanaşma ortaya qoyulacaq, yoxsa köhnə sərhədlər qalacaq? Bu rayonlardan hansınınsa ləgvi və ya birləsdirilməsi nəzərdə tutulurmu?

 

- Respublika daxilində rayonların ərazi mübadiləsi və onların dəyişdirilməsi halları zaman-zaman olub. Amma hələ ki, bu gün üçün hər hansı rayonun dəyişdirilməsi və ya birləşdirilməsi ilə bağlı əlimizdə elə bir məlumat yoxdur. Bu məsələ hələ ki, gündəmdə deyil. 

 

- Ümumən toponimlərin müəyyənləşdirilməsinin əhəmiyyəti nədir və bu sahədə aparılan araşdırmalar, faktlar nə dərəcdə qanedicidir?

 

- Hələ 90-cı illərdə mərhum akademik Budaq Budaqov professor Qiyasəddin Qeybullayevlə  birlikdə “Ermənistanın türk mənşəli toponimləri” adlı iri həcimli kitab hazırlamışdılar.  Ondan sonra Pedoqoji Universitetin müasir Azərbaycan dili kafedrasının professoru Həsən Mirzəyev Dərələyəzdəki dəyişdirilmiş adlarla bağlı sənədlərlə, elmi araşdırmalarla təsdiq olunan əsərləri ortaya qoydu. Professor İbrahim Bayramov Qərbi Azərbaycanın türk mənşəli toponimləri ilə bağlı, professor Əziz Ələkbərli Qərbi Azərbaycandakı toponimlərlə bağlı, mənim özüm Laçın rayonunun, Pərviz İsmayılovun Kəlbəcərin toponimləri ilə bağlı kifayət qədər sistemli elmi araşdırmaları var. Əlimizdə kifayət qədər materiallarımız var. Bu istiqamətdə elmi tədqat işləri qənaətbəxşdir, yüksək səviyyədə yerinə yetirilib. Faktlarla sübut olunur ki, bu ərazilər tarixi türk yurdudur.

 

- Ermənilər saxtakarlıqla yalançı tarix uydurur və tərtib etdikləri saxta sənədləri, kitabları dünya kitabxanalarında, arxivlərində məharətlə yerləşdirə biliblər. Buna qarşı dayanmaq, erməni yalanlarını ifşa etmək üçün elmi əsərlərimizin müxtəlif dillərdə tərcümə, çap olunaraq xaricə çıxarılması hansı səviyyədədir?

 

- Elmi araşdırmaların tərcümə olunaraq dünyaya ötürülməsi ilə bağlı məsələlər bir qədər ürəkaçan deyil. Elm adamları öz araşdırmasını aparır, amma tərcümə edə bilmir. Yəni, tərcümə elmə aid olmayan bir prosesdir. Bu sahəyə xüsusilə diqqət ayrılmalı, tariximizi, tarixi həqiqətlərimizi göstərən kitablar böyük nüsxələrlə xarici kitabxanalara çıxarılmalıdır. Düzdür, tərcümə ürəkaçan olmasa da, işlər gedir və mövcud reallıq bu kitabların ingilis və başqa dillərə tərcümə olunaraq beynəlxalq aləmə çatdırılması zərurətini ortaya qoyur. Bu məsələ də öz həllini tapacaq.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Dünyanın gözü qarşısında baş verən dəhşətli cinayət - XOCALI SOYQIRIMI

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

“Xocalı soyqırımının 32-ci ilində başımız dikəldi”

Gimnastımız Rumıniyada bürünc medal qazandı

Hindistan hərbi istehsalı və ixracını üç dəfə artıracaq

İstanbulda Xocalı soyqırımına həsr olunmuş KONFRANS

Naxçıvan istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qərbi Azərbaycan XRONİKASI

“Qalatasaray”-dan Türkiyə Futbol Federasiyası prezidentinin istefası TƏLƏBİ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ