Şəkərlə bağlı miflər

19:32 15-01-2024 | icon 154 | Sosial
Şəkərlə bağlı miflər

Şirin yalan, yoxsa acı həqiqət?

 

Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların keyfiyyəti ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şəkər barədə mifləri və həqiqətlərin əks olunduğu faktları təhlil edib.

 

Mif 1: Şəkərin bütün növləri zərərlidir

 

Fakt: Şəkərin qlükoza, fruktoza (meyvə şəkəri), saxaroza (şəkər tozu və ya qənd), laktoza (süd şəkəri) və digər növləri var. Onlardan bəziləri meyvə-tərəvəz, bal, bəhməz və digər qidaların tərkibində təbii olaraq mövcuddur. Bunlar orqanizmə vitamin, mineral və liflərlə birlikdə daxil olduğu üçün normada qəbul edildikdə yalnız fayda verir. Təbii olmayan, qidalara sonradan qatılan şəkərlər isə əlavə kaloridən başqa bir şey deyil.

 

Mif 2: Şəkər rasiondan tamamilə çıxarılmalıdır

 

Fakt: Əlavə şəkərləri məhdudlaşdırmaq faydalı olsa da, şəkərdən tamamilə imtina etmək düzgün sayıla bilməz. Çünki meyvə-tərəvəzlərdəki və dənli bitkilərdəki təbii şəkərlər sağlam qidalanmanın bir hissəsidir. Ona görə də, rasiondan təbii şəkərlər deyil, əlavə şəkərlər çıxarılmalıdır.

 

Mif 3: Qəhvəyi şəkər ağ şəkərdən daha az zərərlidir

 

Fakt: Qəhvəyi şəkər də ağ şəkər kimi şəkər qamışından əldə olunur və ağ şəkərdən sadəcə dadı və teksturasına görə fərqlənir. Yəni hər ikisi saxarozadır və eyni dərəcədə kalorilidir. Qəhvəyi şəkər rafinə edilmədiyi üçün tərkibində qalan bəhməzdəki vitamin və mikroelementlər orqanizm üçün faydalı ola bilər. Lakin bu, o qədər cüzidir ki, həmin faydalı maddələrin orqanizm üçün lazım olan miqdarda qəbul edilməsi üçün çox miqdarda qəhvəyi şəkərdən istifadə olunmalıdır. Bu isə müsbətdən çox mənfi nəticələr verə bilər.

 

Mif 4: Şəkər yaddaşı gücləndirir

 

Fakt: Bəzi insanlar səhər yeməyi zamanı şirin çay qəbul etmənin yaddaşı möhkəmləndirməsinə inanırlar. Əslində isə şirin çayın orqanizmə heç bir faydası yoxdur və acqarına səhər vaxtı qəbul edilməsi qısa zamanda qanda şəkərin miqdarını artırır. Bununla da mədəaltı vəzi və qaraciyərə mənfi təsir göstərir.

 

Mif 5: Şəkər bizi enerji ilə təmin edir

 

Fakt: İnsanlar arasında geniş yayılmış digər mif şəkərin orqanizmi tez bir zamanda enerji ilə təmin etməsidir. Bu inanc, xüsusilə yorğun vaxtlarda sürətli enerji artırıcı kimi şəkərli qəlyanaltıların, eləcə də enerji və digər şirinləşdirilmiş içkilərin populyarlaşmasına səbəb olub. Şəkər sürətli enerji artımını təmin etsə də, bu qısamüddətli olur və tez bir zamanda yenidən yorğunluq hiss olunmağa başlayır. Buna görə də, insanlar daim enerjili olmaq düşüncəsi ilə daha çox şəkərli qidalar istehlak edirlər. Bu hal da qapalı dairə yaradır.

 

Şəkərlə bağlı yayılan mif və faktların ayırd olunması daha sağlam qidalanma seçimləri etməyimiz üçün vacibdir. Şəkəri hansı qidalardan və hansı miqdarda qəbul etməyimiz öz əlimizdədir. Sağlamlığımız naminə qəbul etdiyimiz hər qram şəkəri məsuliyyətlə seçək ki, həyatımız şirin olmaqla yanaşı, həm də sağlam olsun.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK