“Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim”

14:14 20-01-2024 | icon 251 | Cəmiyyət
“Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidlərin şəklini çəkdim”

“20 Yanvardan sonra qırmızı qərənfil çiçəyi qanlı gecəni təmsil etdi. Hər il bu çiçəklərlə müstəqillik uğrunda canlarından keçənlərin xatirəsi yad edilir”.

 

Versus.Az xəbər verir ki, bunu müsahibəsində azərbaycanəsilli tanınmış fotojurnalist Reza Deqati bildirib.

 

 

- Siz yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan sonra şəhərə gəlmisiniz. Necə oldu ki, belə qərar verdiniz?

 

- 20 Yanvar hadisəsi baş verən zaman mən Fransanın Paris şəhərində idim. Yanvarın 21-də Fransada yaşayan azərbaycanlı ziyalı, diplomat Ramiz Abutalıbov (həmin vaxt R.Abutalıbov UNESCO-da çalışıb – red.) mənə: “Xarici jurnalistləri Bakıdakı qırğını çəkməyə buraxmırlar. Sən gedə bilərsən?” - dedi. Azərbaycanda əhalinin çətin vəziyyətini, əhalinin əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı bir vaxtda 20 Yanvar qətliamını çəkməyə bilməzdim.

 

 

Amma Parisdən birbaşa Bakıya səyahət mümkünsüz idi. Nəhayət, Moskva kinostudiyalarını ziyarət etmək adı altında sovet vizası alaraq Moskvaya getdim. Oradan da keşməkeşli yollarla Bakıya üz tutdum...

 

- Bəs Moskvadan Bakıya necə gəldiniz?

 

- Moskvaya çatandan sonra azərbaycanlı nümayəndələrin dəstəyi ilə qatara minib gizləndik. Bizi tutsaydılar, çətin olardı. Çalışırdıq ki, qatarda kiminləsə ünsiyyət qurmayaq. Gizli və qorxu içində 48 saatlıq yol gəldik. Qatarda ilk işimiz qısa da olsa, rus dilində danışmaq idi. Bir-iki söz əzbərlədim. Eləcə, rus dilində “azərbaycanlıyam” deyirdim.

 

 

Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-sual etmirdilər. Ancaq kimsə bizim sənədləri yoxlasaydı, bu, artıq son demək idi. Bu, çətin və uzun səyahətdən sonra Bakıya çatdım.

 

- Bakıdakı faciəni necə xatırlayırsınız? Şəhərdəki durum necə idi?

 

- Yanvarın 24-də Bakıya çatdıq. 48 saatlıq gizli yoldan sonra qatar Bakı stansiyasına daxil olmuşdu. Şəhərdə elan olunan komendant saatından otuz dəqiqə əvvəl biz platformada sıraya düzülmüş silahlı sovet əsgərlərini gördük. 

 

 

Paytaxtdakı mənzərə mənə İkinci Dünya müharibəsi filmindən bir səhnəni xatırlatdı... Sovet əsgərlərinin dinc əhalini güllələmələri, tankların maşınların və mülki vətəndaşların üstündən keçməsi və törətdikləri qətllər barədə məlumat öyrəndim.

 

- Çəkdiyiniz şəkillər o qədər ağırdır ki... Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tankları və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərindən və morqdan fotoları necə çəkə bildiniz?

 

- Bəli, mənim üçün təhlükəli vaxt idi. Amma küçələrdə yığılan tankları, əsgərləri, dinc əhalinin meyitlərini gördükdən sonra fotoaparatla morqa girmək qərarına gəldim. Orada “yaxınımı axtarıram” bəhanəsi ilə şəhidlərin şəkillərini çəkdim. Xəstəxanalarda vəziyyət çox pis idi. Əməliyyat otağında soba vardı, üzərinə su qoymuşdular ki, qızsın, yaralılara kömək etsinlər.

 

Bunları çəkdikdən sonra binaların pəncərələrindən gördüyüm mənzərələri lentə aldım.

 

 

Daha sonra Şəhidlər xiyabanındakı dəfn mərasimini kameramın yaddaşına köçürdüm. Orada qəbirlərin üzəri qırmızı qərənfillərlə örtülmüşdü. Şübhələri üzərimə çəkməmək üçün hər kəs kimi qara geyindim, insanların da köməyi ilə fotoaparatımı gizlətdim. Orada minlərlə adam vardı və hələ də qışqırıqları qulaqlarımda cingildəyir. Bir də orada hər şeyin qırmızı və qara olduğunu xatırlayıram. Elə kadrlarım da “qırmızı və qara”dan ibarət idi...

 

 

- Səhv etmirəmsə, oradakı izdihamı dağıtmaq üçün sovet ordusu helikopterdən istifadə edib...

 

- Bəli. Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdi. Həmin vaxt artıq şəkilləri çəkmişdim.

 

- Gülləyə tuş gəlməkdən qorxdunuzmu?

 

- Həmin vaxt, sadəcə, dünyaya bu cür faciəni göstərmək haqqında düşünürsən. Dediyim kimi, gizli çəkirdim, məqsədim şəkilləri dünyaya çatdırmaq idi. 

 

 

- Bəs Bakıdan necə getdiniz? Çəkdiklərinizi harada sərgiləmisiniz?

 

- Təhlükəsizlik tədbirləri səbəbindən fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıtdım. Daha sonra dostlarımın köməyilə onları əldə etdim və oradan da Parisə getdim. Oraya çatdığım günün axşamı 18-dən çox televiziya kanalı çəkdiyim fotoşəkilləri göstərdi və Bakıdakı hadisələr barədə danışdı. 

 

 

Onlarla radiostansiya, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı.

Bütün çətinliklərə baxmayaraq, dünya Bakıda mülki vətəndaşlara, uşaqlara qarşı olan bu vəhşilikdən xəbər tutdu. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK