Zəfərə Nail

15:58 24-01-2024 | icon 467 | Şəhidlər və şahidlər
Zəfərə Nail

 

 

 

 

SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB-nin üzvü/

 

Şəhid kiçik gizir, Vətən Müharibəsi Qəhrəmanı Nail Nəriman oğlu İbrahimlinin əziz xatirəsinə həsr olunur (04.03.1994-cü il Oğuz rayonu Xaçmaz kəndi - 08.11.2020-ci il Şuşa)

 

 

44 günün içində bağrından yüzlərlə igid övladı qopmuş Oğuz elinin saysız-hesabsız qəhrəmanlarından sadəcə biridir O... Vətən müharibəsində Suqovuşandan, Ağdamdan başqa, Qarabağın hər qarış torpağında döyüşən, qəhrəmanlıq salnaməsi yazan, düşməninə dərs keçən, dastanını Murovdağda, ölümlə əlbəyaxa başlayan və Şuşada ölümlə əlbəyaxa, yarımçıq qurtarıb silah adlı qələmini yoldaşlarına miras buraxan vətən fədaisidir O... Onun qəhrəmanlıqları bitməz-tükənməzdir. O, bizim qəlbimizdə kök salmış əbədiyaşardır. Əgər onu unutsaq, təkcə o yox, biz ölərik, qədim bir el ölər, qədim bir xalq ölər, qədim bir vətən, torpaq ölər, qəhrəmanlıq ölər, insanlıq hissiyyatı ölər...

 

Sanki həyatının hər bir tərəfi ilə, hər hadisəsi ilə, gördüyü hər işlə Vətən müharibəsi arasında bir bağ var idi. Onun acılı-şirinli dastanının hər səhifəsi Qarabağla bağlı idi sanki. Laçın dağları, Şuşa qayaları, Cəbrayılın Xudafərini, Kəlbəcərin İsti suyu, daha nələr-nələr... Hər eşidəndə sanki daha da sıx bağlayırdı Qarabağa özünü. Bu, onun üçün ilahidən gələn bir qismət idi, elə bil. Naili öz elinin, Oğuz elinin bir zamanlar igidliklər, şücaətlər göstərən, düşməni bir zərbəylə yerə sərən igidlərin ruhları bu dəfə Qarabağda gözləyirdi... 30 il az vaxt deyildi. 30 il bəs etdi ki, Nail anadan olsun, iməkləsin, ayaq açsın, böyüsün, boy atsın, zaman-zaman vətənin müqəddəs torpaqlarının mənfur düşmənlər tərəfindən necə qəddar və alçaqcasına qoparılması barədə bütün həqiqətləri eşitsin-bilsin, qisas hissi ilə böyüsün və 44 gün bəs etsin ki, Nail düşmənə qədərsiz nifrətini, Vətənə sonsuz xidmətini göstərsin... Nailin adı 44 günün hər gününə, hər anına həkk olundu... Nail istəyinə Nail oldu, düşməninin kabusu oldu, düşməninin əzraili oldu, onlardan ürəyincə qisas aldı, nəhayətində canını çox sevdiyi vətəninə fəda etdi və Vətən Müharibəsi Qəhrəmanı oldu... Bu dəfə isə onun min illərlə tarixdə qalacaq şücaətindən, qəhrəmanlığından söhbət açacağam və qəhrəmanım qarşısında olan vicdani borcumun bir zərrəsini bununla ödəməyə çalışacağam.

 

Nail Nəriman oğlu İbrahimli 4 mart 1994-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində Nəriman İbrahimovun və Aqibət İbrahimovanın ailəsində dünyaya göz açmışdır. Ailədə Nailin Faiq adlı bir qardaşı da var. Nail 2000-2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

 

Nailin Nail olduğu bir yer var idisə, o da təhsil aldığı məktəb idi. Nail məktəbdə atıldı qızmar oda. Bu odda yandı, yandı, bişdi, bişdi, bərkiyib polada, Mübarizə, Polada çevrildi... Bu 11 ilin hər günü, hər anı onun həyatını daha möhkəm, daha sıx, sarsılmaz bağlarla Qarabağa bağlayırdı. Acı həqiqətlər, 1 milyon günahsızın alnına yazılan qaçqın damğası... Bunları eşitmək, duymaq Nail üçün asan deyildi. O, Qarabağda olmasa da, oranı görməsə də, hətta doğulduğu kəndi də Qarabağdan nə qədər uzaqlarda olsa belə sanki özünü təmas xəttinin qəhrəmanlıq məktəbində hiss edirdi. Özünü və ailəsini şəhid, qazi və qaçqın ailələrinin yerinə qoyurdu. İllər bir-birini əvəz etdikcə Naili Qarabağla bağlı olan hər şey daha dərindən maraqlandırırdı. O, müharibənin son günlərində anadan olmuşdu. Müharibədə iştirak edə bilməsə də ona düşmən tərəfindən qan yaddaşına hopmuş bir “hədiyyə” verilmişdi. Məğlubluq hədiyyəsi... Onun Oğuz elinin bağrından, canından yüzlərlə şəhid qopmuşdu. Kəndində o qədər şəhid var idi ki, hətta ayrıca Şəhidlər Xiyabanı salınmışdı... Nail Şəhidlər Xiyabanında uyuyan şəhidlərin məyusluqla boyanmış xatirə daşlarına başını dik tutub baxa bilmirdi. Oranı hər dəfə ziyarət edəndə qəlbi sızlayırdı, ürəyi ağrıyırdı. Bişmək buna deyərdilər, məktəb illəri ona bunu öyrədirdi. Hər gün dözümdən, ağrıdan-acıdan imtahan verirdi Nail. Artıq onun həyatda öz yolunu seçməyinin, onu maraqlandıran sualların cavabının verilməsinin vaxtı gəlmişdi.

 

Bir gün Nail öz müəllimindən soruşdu:


- Müəllim, biz niyə uduzduq?

Bu 4 sözdən ibarət, qısa, lakonik bir sual müəllimin qəlbini dəldi. Bütün olanlar bir anlıq kino lenti kimi müəllimin gözünün önündən keçdi. Bu cümlə bir qərinənin sualı idi və Nailin həyatının əsas məramı, məqsədi bu suala cavab tapmaq idi.

Ancaq indi müəllim 4 sözdən ibarət olan bu qısa, lakin mənaca ədalətsiz dünyanın özü qədər böyük, ümmanlar qədər dərin olan suala cavab verməkdə aciz idi. Özünü bir az qəhərdən, pərtlikdən uzaqlaşdırmaq üçün istəməsə də suala istehza ilə cavab verməli oldu:


- Bu haqsız, ədalətsiz dünyada düşmənlərin o boyda dəstəkləyənləri olduğu halda yəni Qarabağı işğaldan siz azad edəcəksiniz?


Müəllim bu cavabı verdikdən sonra özünü daha da çox pis hiss etdi... Elə Nail kimi. Nailin hissləri, duyğuları bu sözlə ildırım çaxmış kimi zərbə aldı. Lakin o, ümidsizliyə qapılmadı, sarsılmadı, yıxılmadı. Əksinə, gələcək arzularını həyata keçirməkdə qərarını daha da qətiləşdirdi. O, böyüklərini təəccübləndirməli, inamını sarsıtmamalı, inam yeri, qürur yeri, güvənc yeri olmalı idi. Qarabağa gedən yol, Zəfərə gedən yol bunlardan keçirdi. Nail oxuyub mükəmməl bir ixtisas sahibi olmalı, Qarabağı vaxtı, zamanı gələndə peşəsi ilə, peşəkarlığı və strategiyası ilə azad etməli idi. Qarabağı necə azad etmək olar deyə həmin vaxtdan Nail özünə bu sualı tez-tez verirdi. Həmin vaxtdan artıq bu keşməkeşli yolu, şərəfli məsləyi gözünün qabağına gətirmiş və ancaq o məqsəd üçün yaşamağa and içmişdi. Həmin vaxtdan Nailin Qarabağlı dastanının hər səhifəsi hərbiçiliklə bağlı, əlaqəli olmuşdu. Bu, onu qürurlandırırdı. Hərbiçiliyə layiq olmaq üçün özünü sona qədər hazırlaşdırır, inkişaf etdirirdi.

 

Nail böyüklərə hörmət edir, kiçiklərlə məhəbbətlə davranırdı. O, çox cəld, qoçaq, diribaş bir gənc olmuşdu. Yalanı, elə yalan danışanları da sevməzdi. Məktəbdə coğrafiyanı və riyaziyyatı çox yaxşı öyrənirdi. Koordinatlar, mövqelər, miqyaslar... Hamısını böyük həvəslə öyrənir, necə deyərlər, su kimi içir, həvəslə danışırdı. Məktəbdə güləşdə onun kürəyini yerə vuran anadan olmamışdı. Hamı ona cəngavər, biləyi qatlanmaz, kürəyi , dizi yerə gəlməz pəhləvan kimi baxırdı. Kiçik yaşlarında bu qədər cəsur və güclü olan bir yeniyetmə böyüyəndə gör necə olacaqdı!? Bu nidalı sualın cavabını neçə illər sonra Nail özü canı və qanı bahasına verdi. Hamı indi ona cismən yox, xatirə olaraq qalmış şəkillərinə və vətən torpağının isti, doğma qoynuna sığınmış soyuq məzarına Vətən Müharibəsi Qəhrəmanı kimi baxır.

 

Qarabağ aşiqi, Vətən aşiqi, qəlbi qalibiyyət və Zəfər eşqiylə çırpınan Nail təkcə Oğuzdan, Oğuzun Xaçmaz kəndindən olan şəhidlərin yox, bütün şəhidlərin, bütün itkilərin qisasını düşməndən almaq istəyirdi. O günün çatması onun ən böyük arzularından biri idi. Reallıqda ölçüləcək haqq-ədalət tərəzisini Nail hər gün xəyallarında, arzularında canlandırır, hey bu barədə düşünürdü. Hər gün həmin o günü, o anı xəyal edirdi, sanki həyatının mənası o gün idi. Kimin həyatının mənası o gün olmazdı ki?! Həm qaçqın-köçkünlərin, həm çadır şəhərciyində dünyaya gələn körpələrin, həm Qarabağda dünyaya gəlib çadır şəhərciyinə məhkum olan körpələrin, həm də bir zamanlar hər gün kəndinə, bölgəsinə şəhid nəşi gətirilmiş qəhrəmanlar diyarının körpələrinin arzusu həmin qisas gününün gəlməsi idi. Bir vaxtlar bu körpələr arasında Nail də vardı. Onlar həmin gün üçün doğulmuşdular. Bu həyatda sırf həmin gün reallaşsın deyə kəpənək ömrünə razıydı onlar. Milli Qəhrəman, şəhid Alı Mustafayevin şəhid doğulduqlarını dediyi qəhrəman oğullar idilər onlar... Onların arasında Nail də vardı. O, şəhid doğulub, şəhid kimi gəlib şəhid olan 2908 gəncdən biri idi.

 

Bu 2908 körpə böyüdü, onların içərisində Nail də böyüdü, bir-bir təhsil pillələrini adladı, hər pillədə istər öz çalışqanlığı ilə, istər bacarığı, savadıyla, istərsə də biliyə, təhsilə sevgisi ilə ad saldı. Şagirdlər arasında yeri böyük oldu, seçildi, onların qəlbində də, fikrində də iz saldı. Hamının ona inamı böyük idi. Onun istər gücü, istər zəkası nailiyyətləri qazanacaqdı ona. O, orta məktəb dövründə bu nailiyyətləri qazanır, müəllimlərinin əla qiymətlərinə layiq görülürdü. Bunun hamısı o istəklə idi ki, o, düşmənin başına od ələyəcək, onların bağrını dələcək, Qarabağa daxil olacaq və Şuşaya bayrağı sancacaq ilk cəngavərlərdən biri olacaqdı...

 

Ümumiyyətlə, olduqca müsbət xüsusiyyətləri ilə Nail nəinki sinifin, hətta təhsil aldığı məktəbin gözü idi. Çünki o, təkcə çalışqan deyildi, həm də mahiri olduğu güləş növündə bir sıra turnirlərdə müxtəlif dərəcələr əldə edir, medallar qazanırdı. Onun ilk döyüş təlimi güləş, ilk döyüş meydanı isə tatami idi. Sona qədər öz qüvvəsini sərf edirdi və sona qədər əsl kişi kimi, əsl güləşçi kimi, döyüşçü kimi mübarizə aparırdı. Bilirdi ki, indi öyrəndikləri, təlimlərdə etdikləri sabahının köməyidir. Necə deyərlər, təlimdə tər, döyüşdə Zəfər! İndi isə onun üçün bu söz belə dəyişirdi: “Məşqdə tər, tatami üstündə Zəfər!”

 

Bu cür uğurları əldə edən, bir şagirdin nail olduğundan daha çoxuna nail olan Nail xəyallarının ardınca onu aparacaq təhsil alırdı “bir gün vaxt ötər və mən də xəyallarımı ötüb keçərəm” deyə. İndi isə o, xəyallarının gerçəkləşməsinin astanasında idi. 2011-ci ildə məktəbdən məzun olan Nail 1 il sonra, 18 yaşında adı kimi arzusuna nail oldu.

 

Nail hərbi xidmətə yola düşəndə Aqibət ana həyatında əsgər anası olmağın nə olduğunu ilk dəfə hiss edirdi. Hisləri sözünə baxmırdı. Gülsünmü, ya kövrəlsinmi? Niyə kövrəlsin ki!? Hicrana aman vermək olmazdı, inanırdı, “zaman tez keçər, ətrafı toza-dumana qatar və canından çox sevdiyi canının bir parçası Nail əsgəri xidmətini sağ-salamat başa vurub tezliklə qayıdar” deyə düşünürdü. Hicranı içində sıxıb övladını əsgərliyə yola salırdı. Nail anasını həddən artıq sevincli görsə belə onu duyur, qəlbindən keçən hissini bilirdi. Axı o, anasının, atasının ürəyi, canı idi, onların canının bir parçası idi! Nəriman ata əsgər atası kimi son dərəcə qürurlanaraq başı dik, köksü qabarıq bir şəkildə Nailin çiyinlərinə əlləri ilə toxundu və dedi:

 


- Allah sənə yar olsun, oğul! Sən bizim güvənc yerimizsən!


Aqibət ana övladının xəyallarının, arzularının gerçəkləşdiyinə görə çox sevinirdi. Odur ki, oğluna sarmaşıq kimi sarıldı, gələcək həsrətin acığına onu qucaqladıqca qucaqladı və sevinc göz yaşları içərisində ona dedi:


- Biz sənə inanırıq! Səni xəyallarına, arzularına aparan bu yolda sənə uğurlar olsun, oğul!


Nail valideynlərinə dedi:


- Mən arzularımla birlikdə ana Vətənə xidmət etmək üçün canla- başla sevə-sevə, sevinə-sevinə cəsur addımlarla gedirəm, lakin ürəyim burada, sizin yanınızdadır! Salamat qalın!


O, bir neçə addım yeridi. Anası tərəfə çevrilib arzularının, xəyallarının yoluna baxan andan anasının hiss etdiyinin yüz qatını özü hiss etdi. Doya bilmədi və nurlu gözləri ilə valideynlərini, qardaşını, bütün sevdiklərini doya-doya süzdü, süzdü... Əl yellədi və avtomaşına minib “Ya Allah!” deyərək xəyallarına aparan o yola, yəni hərbi xidmətə yola düşdü.

 

O zaman təqvimlər 2 aprel 2012-ci ili göstərirdi. Nail hərbi xidmətinin ilk vaxtlarını, yəni 2012-2013-cü illəri Fövqəladə Hallar Nazirliyində xidmət etdi. Hərbi hissəsi Quba rayonunda yerləşirdi. Bir il yarımlıq xidmətdən sonra Nail hərbi xidmətlə məcburən yollarını ayırmalı oldu. Lakin əməkdən, fəaliyyətdən geri qalmadı və üzlük daşı ustası olaraq çalışdı. Öz işinin ustası, peşəkarı oldu. Haradasa 6 il usta olaraq fəaliyyət göstərdi. Hər şey yenə eyniydi, o, yenə hamının sevimlisi, hörmətlisi, tərbiyəlisi idi. Lakin bu dəfə o, məktəbli kimi yox, artıq bərkə-boşa düşmüş, bişmiş gənc Nail idi.

 

Yaş da yavaş-yavaş ötür, illər sürətlə keçirdi. Nəriman ata və Aqibət ana yaraşıqlı, gur işıqlı, pəhləvan cüssəli, gələcəyi qabaqda olan, təzə-tər gəncliyinin baharını yaşayan oğlunu bəy kostyumunda şadlıq sarayında görmək istəyirdi. Ancaq oğlu isə bu fikrin yaxınlığına hələ də gəlmirdi. Axı onun başqa xəyalı var idi! O, axıra qədər usta olaraq qala bilməzdi. Axı onun arzuları var idi, uşaq vaxtı dilədiyi diləkləri var idi! O, bu sənəti də uşaqlıqdan sevirdi, o biri sənəti, yəni hərbiçiliyi isə daha çox sevirdi. Hərbiçilik sənəti onun arzularının həyata keçməsi vasitəsi idi... Onun yeri arxa cəbhə deyil, həyat mübarizəsinin ən odlu-alovlu nöqtəsi olmalı idi.
Aqibət ananın dediklərindən: “O, hərbi xidməti bitirdikdən sonra hərbiçi kimi çalışmaq üçün bir neçə dəfə sənədlərini tələb olunan ünvanlara vermişdi, lakin sənədlərin gecikməsi və ya digər səbəblərdən onun bu arzusu yerinə yetməmişdi. Hər dəfə Hərbi Komissarlığa üz tutanda hərbi forma geyinən qızlara və oğlanlara baxıb sevinərdi, hərbiçiliyə həvəsi birə min artardı.”

 

Beləliklə, Nail mülki əmək fəaliyyətini sonlandırdıqda təqvim bu dəfə 23 oktyabr 2019-cu ili göstərirdi. 6 illik üzücü fasilədən sonra o, özünü yenidən vətənə, hərbi xidmətə bağladı və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yenidən vətənə xidmətinə başladı. O, bu dəfə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında, xüsusi təyinatlı dəstədə xidmət edirdi.

 

Yenidən hərbi xidmətə qayıtdığı gün sevincinin həddi-hüdudu yox idi. Sanki yenidən doğulmuşdu. Allahın sınağından bir daha üzüağ çıxmışdı. Çünki Hərbi Komissarlığa neçə dəfə sənəd vermişdi, özü də bilmirdi. Hər dəfəsində nə isə bir tərslik baş verirdi. İndi isə heç bir əngəl yox idi, artıq hər şey arxada qalmışdı. O, bir ömür arzusunda olduğu iki amaldan birinin, hərbiçiliyin nə olduğunu bir daha daddı. Növbəti amal isə Qarabağ Fatehi olmağın nə olduğunu bilmək, hiss etmək, bu hissi yaşamaq idi. O da uzaqda deyildi.

 

Aqibət ananın dediklərindən: “Bəlkə də məndən ona keçmişdi bu xüsusiyyət, hərbiçiliyi, hərbiçi paltarını sevməsi. Lakin o, kəşfiyyata düşəndə mən narahat oldum, aydındır ki, onun hərbi xidməti üçün narahat deyildim, fikirləşirdim ki, bu, onun vətənə olan xidmətidir, etsin. Bu, onun müqəddəs borcudur, lakin kəşfiyyata, xüsusi təyinatlı dəstəyə düşəndə mən daha çox narahat oldum. Ona narahatlığımı bildirdim. O isə dedi ki, narahat olma, ən şərəflisi vətənin xidmətində durmaq, ona qulluq etməkdir, o da ki xüsusi təyinatlı ola, bu lap əladan da əladır... Nə bilim, bu da onun alın yazısı, qisməti imiş... Ancaq açıq-aşkar görürdüm ki, Nail özünü elə xoşbəxt hiss edirdi ki, elə bil, həqiqətən də qəlbinin ən dərin arzusu və istəyinə nail olmuşdu.”
Nail 3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsinin "kiçik gizir"i kimi hərbi vəzifəsinə davam etmişdir. Daha sonra öz istəyi ilə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Kəşfiyyat qrupuna daxil edilən Nail İbrahimli təlimlərdə müsbət cəhətdən fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə qəbul edilmişdir.
Nailin dayısı Mübariz müəllimin dediklərindən: “Müddətdən artıq hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayanda Nail mənə dedi ki, heç nə istəmirəm, bircə bu ermənilərdən qisasımızı alım, bu, mənə bəsdir.” Bununla da aydınlaşır ki, onun yaşadığı qısa ömür payında əsas məqsədi, amalı yalnız torpaqlarımızı düşmən tapdağından azad etmək olub. Nail vətənin oğlu idi, Qarabağının oğlu idi. O, Qarabağın idi və buna görə də Qarabağına qovuşmalı, o füsunkar məkanı görməli idi. Ya azad edərək, ya da azad edərək, başqa yolu yox idi!
Nail 11 ay gözlədi. Bu 11 ay ona 11 il kimi gəldi. Bir ömür gözlədiyini 11 ay da gözləmək ona çox ağır gəlirdi. Nail Allahın bu sınağından da üzüağ, alnıaçıq çıxdı. Səbirlə dözdü, bu vaxta qədər xidmətini aslanlar kimi, əsl döyüşçü kimi yerinə yetirdi. Bir qüsuru da olmadı. Xüsusi təyinatlı olmağın tam haqqını verdi. İndi onu Allahdan başqa heç bir qüvvə hərb sənətindən ayıra bilməzdi. Yalnız uca Allah ayıra bilərdi onu bu istəyindən, lakin O da ayırmaq istəməzdi. Axı O özü Nail üçün nurlu və gözəl bir tale yazmışdı!

 

O taleyə 27 sentyabr 2020-ci il adlı bir təqvim yarpağı da yazılmışdı. Bu təqvim yarpaqlarının sayı cəmi 44 olacaqdı. Bundan sonra biri gedəcək, qalacaqdı 43 təqvim yarpağı...

 

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və həmin ərazilərdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə, həm mülki şəxslər, həm də hərbiçilər arasında ölənlər və yaralananlar oldu. 2020-ci ilin iyul ayından, yəni general-mayor Polad Həşimov və ərənlərinin erməni işğalçıları tərəfindən törədilən Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmalarından sonra Azərbaycan xalqı daha da hiddətləndi, qəzəbləndi. Ədalətsizliyi qəbul etməyən Ulu Yaradanın qəzəbi qarışanda ermənilərin haqsızlıq, ədalətsizlik, zülm üzərində qurulmuş saxta dünyası dağıldı. Bundan geriyə həmrəy olan, dəmir yumruq kimi birləşən xalqımızın, ordumuzun və Ali Baş Komandanımızın 44 günlük Vətən müharibəsi, şərəf müharibəsi, qisas müharibəsi, Zəfər müharibəsi qaldı.

 

Koroğlu kimi cəngavər, Mübarizlər kimi mübariz, Poladlar kimi əyilməyən, məğrur kiçik gizir Nail İbrahimlinin ilk döyüş yolu da bu haqq-ədalət savaşında, bu müqəddəs vətən savaşında Murovdağdan, Milli Qəhrəman Polad Həşimovun bir zamanlar keçdiyi qanlı yollardan keçdi. Zəfər yolunun ilk buradan başlaması təkcə zəruri deyildi, həm də əvvəl də qeyd etdiyimiz kimi elə rəmzi məna daşıyırdı. Nail burada Polad Həşimovun gənclik ruhunu özündə hiss edirdi, bu qanlı yollarda öz-özlüyündə Polada çevrilmişdi. Düşmənlər heç vaxt onu əyə bilməzdi, Nail düşmənlərini betər günə salırdı. Hansı ki bir vaxtlar həmin bədxahlar, qaniçənlər daha dəhşətlisini uşaqlarımızın, ağbirçək-ağsaqqallarımızın, köməksiz qocalarımızın, qız-gəlinlərimizin başına gətirmişdilər. Nail döyüşün ilk anlarından sərt üzünü sonuna qədər düşmənlərə göstərmişdi. Düşmənlər Nailin önündə nəinki 44 gün, hətta bir dəqiqə belə duruş gətirə bilmirdilər. “Pekaşnik”, yəni pulemyotçu, özü də mahir pulemyotçu olan Nail döyüşə ilk başlayanlardan və döyüşün ən həlledici anlarında öz qəhrəmanlığını göstərib tərəflərin vəziyyətini dəyişənlərdən biri və demək olar ki, birincisi olmuşdu. Elə döyüşün ilk günündən sərhədçi komandirlər onunla fəxr edirdilər. Düşmənlərə bir an göz açmağa aman verməyən Nail həm özünün, həm də canından çox sevdiyi Azərbaycanının ilk nailiyyətini əldə etməyə başlamışdı. Qanlı döyüşlərin ilk günündə Nail və onun kimi igidlərimizin sayəsində mənfur düşmənlərin Ağdərə istiqamətində və Murov dağı silsiləsindəki yüksəkliklərində yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı), eləcə də düşmənin mühüm dayaq məntəqələri nəzarətə götürüldü, işğaldan azad edildi, ordumuzun rahat irəliləməsi üçün şərait yaradıldı.

 

Nail uzun müddət nə gün üzü, nə də öz sahibi olan Azərbaycan türkünün ayaq izini görməyən bu müqəddəs torpaqlara ilk ayaq basanlardan və sonuna qədər həmin torpaqlar uğrunda döyüşənlərdən biri idi. Allah onun bir ömür tarixində olan səbrinin müqabilində ona 44 günlük Vətən müharibəsinin 43 gününü hədiyyə etmişdi.
Sonrakı əməliyyatlar isə Şuşaya qapımızı açacaq, düşmənləri zəif yerlərindən vuracaq, Vətən müharibəsinin ən həlledici döyüşlərindən biri və ya birincisi olan Hadrut əməliyyatı idi. Murovun o üzünü yenidən bizim Vətən edən Nail Şuşanın o biri üzünü də bizim Vətən edib Şuşa ilə üz-üzə gələcəkdi. Belə fürsəti qaçırtmaq olardımı!? Nail ən böyük arzularını 43 gün içərisində yerinə yetirməli idi. Onun üçün bağışlamaz zamana qarşı geri çəkilməkdən və gec qalmaqdan, ləngiməkdən söz belə gedə bilməzdi.

 

Vətən müharibəsi qazisi kiçik gizir Rauf Qasımov haqqında qələmə aldığım “Zəfərə can fəda” adlı məqalədə Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin mayoru Elvin Səfərov barədə də qeyd olunub. Belə ki, o, ən çətin anda özünü təhlükəyə ataraq ağır yaralanmış Rauf Qasımovu atəş altından çıxararaq xilas edib. Nail ilə də çiyin-çiyinə döyüşən Elvin Səfərovun dediklərinə görə Nail pulemyotçu kimi dəstədə çətin və vacib əməliyyatları, tapşırıqları ustalıqla yerinə yetirmişdir. Onu Vətən Müharibəsi Qəhrəmanı edəcək əsas amil də bu idi. Döyüşlərdə komandirdən sonra irəliyə atılan ilk döyüşçü olması, döyüşün əsas hissəsini öz üzərinə götürüb məharətlə yerinə yetirməsi, qarşı tərəfi böyük bir itkiylə qarşı-qarşıya qoyub çaş-baş salması... Bunlar əsas amillər idi ki, o, Vətən Müharibəsi Qəhrəmanı olsun. Ona görə də o elə 27 sentyabrdan bu müharibənin Qəhrəmanı idi.

 

Hadrutda da eyniliklə qələbə qazandıqdan sonra Nail və döyüş yoldaşları irəliyə baxdılar, yenə də həmişəki kimi. Onlar birlikdə yeni nailiyyətlərin ardınca qaçmaq istəyirdilər. Sanki qəfəsə salınmış quş idilər. Döyüş yoldaşlarından biri Nailə dedi:


- Qardaşım, ora bax, ora Şuşadır. Buradan sonrası Şuşadır. Şuşa! Könlüm deyir uç ora, ağlım qal deyir. Özümlə bacara bilmirəm.


- Ağlın düz deyir, qardaş. Şuşaya çatmağımıza hələ var. Gəl indi buradan irəliləyək o yönə - Cəbrayıla, Füzuliyə... Oralarda o qədər döyüşəcəyik ki, korşalmış bıçaq ikən qaynar alovda bişib itilərdən iti bir qılınc olacağıq. Onda, bura qayıdacağıq. Sonra özümüzü birdən Şuşanın lap mərkəzində tapacağıq. O günləri görəcəyik, qardaşım. Birlikdə görəcəyik! – Nail döyüş yoldaşını qucaqladı, doya-doya Hadrutun havasını uddu və növbəti döyüş irəliləyişləri haqqında fikirləşməyə başladı.


Onların növbəti döyüşləri Xudafərin körpüsündə olacaqdı... Çay üzərindən heç kəsə əngəl yaratmasın deyə, kömək olsun deyə, çayın o tayını bu tayını birləşdirsin deyə tikilən bu körpü düz 30 il ayırdı bizi həm özündən, həm də cənubdan. Düşmənlər ən çox da bu körpünün işğalı ilə bizlərə acıq verirdi. Cənubi azərbaycanlı türklər ermənilərlə bir sərhəddə yaşamağın, hər gün xarabazarlığı görməyin məhkumluğu içərisində idi bu 30 ildə. 30 ilin hər günü Azərbaycanın həm cənubdakı, həm də şimaldakı parçası olan həmvətənlər düşmənlə üz-üzə qalırdı. Onların arasında qalan bu dəfə körpü yox, körpü üzərində dayanan mənfur ermənilər idi. Nail ən çox bunu fikirləşirdi ki, axı niyə belə olmalı idi? Hərdən özünü körpünün yerinə qoyurdu. Hər gün yad tapdaq altında inləmək, dözmək, yad dilində yad sözlər eşitmək, hər gün acı mənzərələri xatırlamaq və ondan da acısını, ondan da ağırını yaşamaq... Nail bu acıya dur deməyə nail olacaqdı.

 

Xudafərin döyüşü elə buna görə başladı. Həmişəki kimi döyüşə ilk başlayanlardan biri də əvvəl dediyim kimi pulemyotçu olduğu üçün kiçik gizir Nail İbrahimli idi. Sərhəd Xidmətinin, qəhrəman sərhədçilərimizin havadan və qurudan həyata keçirdikləri bu əməliyyatda Nail ən öndə gedirdi, komandanların, başçıların cərgəsində irəliləyirdi. Uzaqdan gördüyü Xudafərinə hər nəfəsində daha çox yaxınlaşırdı. Bunun sevinci onu coşdururdu və Nail düşmənləri cəhənnəmə daha tez yola salır, sanki şəhid olmazdan əvvəl o körpüləri görmək, Araz çayına Zəfər raportu vermək istəyirdi.

 

Döyüş tapşırıqlarının ən əsas və ən həlledicisini, demək olar ki, Nail və onun döyüş yoldaşları icra edirdi. Əsl xüsusi təyinatlı kimi vuruşur, nə qədər tər töksə də, yara alsa da, təhlükələr görsə də Xudafərinə baxanda sanki bu baxışdan özünə şəfa, məlhəm tapırdı.

 

Əvvəllər uzaqdan baxdığı Xudafərinə tez də yaxınlaşdı. İnamından, gücündən, qüvvətindən, ağlından, strategiyasından və qisasından qalmayaraq yaxınlaşdı. Bu çayda arxalarına belə baxmaq imkanı olmadan öz yurdlarından, el-obalarından didərgin salınan, xilas olmaq üçün qaçan, vaxtilə özü yaşda olan körpələrin, anası yaşda, atası yaşda olan valideynlərinin, babası, nənəsi yaşında olan qocalarının qisasını alırdı Nail. O, Xudafərin körpüsünə gedən qapıları açdı. Körpünün üzərini ot basmışdı. Xudafərinin bu görünüşü uzun müddət həbsxanada qalan günahsız bir vətənpərvərin sifətini saç-saqqal basmasına bənzəyirdi. Uzun illər Nailin və onun kimi əsgərlərin, igidlərin, qəhrəmanların, ərənlərin yolunu gözləmişdi, bir gün üçün hər gün gözləmişdi, eynən Nail kimi. İndi isə Nail Xudafərin körpüsünün düz üstündə idi. Sevincindən uçurdu, Qarabağ qanadlarının altında ona qucaq açırdı. Ətrafındakı mənzərə onun gücünə güc, ömrünə ömür qatırdı sanki. Xudafərin körpüsü tərəfdə düz 30 il bundan əvvəl soydaşlarının canlarından olmasına, ölümlə həyatın arasında qalmasına izləyici qalmağa sadəcə məcbur olan o taydakı qardaşların övladları, nəvələri, qohumları, tanışları indi böyük sevinclə qışqırırdılar:

 


- Azərbaycan var olsun! İstəməyən kor olsun! Azərbaycan var olsun! İstəməyən kor olsun!


Nail əllərini həm uca Allaha açırdı, həm də cənubdakı soydaşlarına. Allaha açıb şükür edirdi, soydaşlarına açıb onları salamlayırdı. Nail o taylı-bu taylı bütün Azərbaycanın, Qarabağın gözlədiyi saysız-hesabsız ağ atlı igidlərdən biri idi. Onun odlu qılıncını odlu silahı, odlu baxışları, odlu ürəyi, odlu cismi, ruhu əvəz edirdi. Nail həmin gün olmaq istədiyi yerdə idi. Həmin gün o, sərhədçi şərəfi ilə qürurlu bir şəkildə Xudafərin körpüsünün üstündə idi. Önündə uzun yollar, sağında-solunda cənublu soydaşlar, döyüşçü qardaşlar, geridə isə ötüb-keçən odlu-alovlu 22 gün... 44 günün yarısı... Və bu 44 günün yarısına onun həyatının mənası tamamilə sığacaqdı...
Bundan sonra Nail Füzulidə də, Cəbrayılda da eyni ilə cənub qardaşları ilə salamlaşdı. Həm zirvələrin, həm də işğaldan azad olunan, hürriyəti bərpa olunan sərhədlərin sərhədsiz fatehi kimi düşmənlərin qənimi olan baxışı ilə cənub qardaşlarına baxırdı. Döyüşçü yoldaşlarını da gördü və ürəkdən sevindi, şadlandı. Nail, bəlkə də heç bu qədər sevinməmişdi. Allah elə buradaca onu öz dərgahına göndərsəydi, kədərlənməzdi. Hələ sevincinin üstünə sevinc gələrdi. Çünki bu dəfə o, təkcə sərhədçi şərəfinə, fateh şərəfinə yox, həm də Şəhidlik şərəfinə Nail olacaqdı. Elə şərəflə daşıdığı adı kimi Nail olacaqdı...

 

Ordumuz tərəfindən Qubadlı və Zəngilan istiqamətində də böyük uğurlar, nailiyyətlər qazanıldı. Bu uğurların, bu zəfərlərin açarı isə əsasən, Nailin və onun qəhrəman əsgər yoldaşlarının əlində idi. Düşmənə qarşı amansız, imanlı, əməlisaleh bir qəhrəman olan Nail və onun kimiləri hər kəsə qarşı amansız, qansız, cani, əli silahlı düşmənlər tərəfindən əli yalın şəkildə qaçan uşaqları təmsil edirdi. Və o da əliyalın düşmənləri qovurdu. Çünki düşmənlər onu görən kimi nələri var idisə, atıb qaçırdılar. Ona qarşı duruş gətirə bilən ermənilərdən heç kəs qalmamışdı, çünki Nail hələ də yaşayırdı, yaşamalıydı, yaşayacaqdı... 44 günün 43 gününü yaşamalıydı onun qarşısında duruş gətirmək istəyən əzazil, qəddar, qaniçən düşmənini məhv etmək üçün...

 

Qubadlıda düşmənin daha bir nizamsız dəstəsinə diz çökdürən, nədamət gətirdən Qəhrəmanımızın önündə Laçın koridoru var idi. Çoxuna uzun gələn yollar onun üçün ən qısa yol idi. O, bu vətən uğrunda alovun içərisində nəinki 43 gün, hətta ömür boyu belə qalardı. Çünki o, Bozqurd idi. Bunu şəhadətindən 1 həftə əvvəl Laçın koridoru uğrunda döyüşlərdə demişdi. 43 günün 43-cü gününə tez yaxınlaşdığını hiss edirdi. Artıq daha çox hiss etməyə başlayırdı ki, onu Şəhadət gözləyir. Lakin Şuşanı görməmiş gedə bilməzdi. O, Şuşanı görməli idi, ondan sonra şəhadətinin gəlməsini istəyirdi.

 

Laçının azad edilməsi uğrunda gedən döyüşlər sona çatdıqdan sonra ona və onun olduğu qartallar dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan tərəfinin Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq, döyüş aktivliyini artıracaq, avantaj və üstünlük qazandıracaq əməliyyatda mühüm tapşırıq verildi. Bu tapşırıq sanki Nail və onun döyüşçü yoldaşları üçün idi, onların qəhrəmanlıq ölçülərinə uyğun hazırlanmışdı. Nailin əlində hər iş kimi bu iş də asan olacaqdı. Olmalı idi, olacaqdı...

 

Nail “Haydı, Bismillah!” deyərək Şuşa uğrunda gedən döyüşlərə sərhədçi kimi ilk döyüşçülərdən biri olaraq başladı. O, hər yerdə qarşısına çıxan canlı və cansız düşmənləri, yəni düşmənləri və onların atdıqları minaatan mərmisini, döşədikləri minanı burada da görürdü. Ağır döyüşlərdə şəhidlər də, yaralananlar da çox olurdu. Bir yandan həmin kədərli mənzərələr, bir yandan da arxasınca qaçan düz böyrünü kəsdirən əngəllər...

 

Baxmayaraq ki, əməliyyatda müvəffəqiyyətlər əldə edilirdi, ərənlərimiz Şuşa uğrunda dayanmadan irəliləyirdi, Nail özündə nədənsə narahatlıq hiss edirdi. İçi içini gəmirir, içi içinə sığmırdı. Ruhu bədənindən çıxmaq istəyirdi sanki. Axı yolu heç yarılamamışdı belə?! Bu şəhadət arzusu çox tez gəlmişdi. Nail Şuşa dağlarını, o mənzərələri görüb özünü rahatlaşdırmaq istəyirdi, lakin bu, kifayət etmirdi. Deyəsən, vaxtı gəlmişdi müqəddəs, şərəfli şəhadətin...

 

Şuşanın qurtuluşunu gerçək edən ən mühüm vəzifələrdən birini də Nail pulemyotçu kimi şərəflə yerinə yetirirdi. “Hücum” pulemyotu onun yarı, istəklisi, munisi, can yoldaşı, sədaqətlisi, sadiq dostu idi. Nail düşmən üzərinə qartal kimi o pulemyotla şığıyırdı və döyüşdə düşmən üzərində əsas üstünlüyə beləcə nail olurdu. Bu silahla ən yaxın dost, ən əziz qardaş olmuşdu elə bil. Nail Şuşanın zirvəsinə də bu sadiq dostu ilə bir yerdə çıxmaq istəyirdi. Lakin fəth olunacaq bir Zirvə də var idi...

 

8 noyabr 2020-ci il... O müqəddəs, o mübarək bir tarixdə Nail Şuşanın mərkəzinin düz bir addımlığında fəxrlə, qürurla dayanmışdı... Nailin ürəyi onun sözünə baxmırdı. Dəfələrlə gördüyü, uğrunda döyüşdüyü və azad etdiyi Xan Araz kimi coşub-daşaraq məcrasına sığmırdı. Şuşanın mərkəzində, o bir addım sonra azad ediləcək müqəddəs yerə bir an öncə ayaq basmağı düşünürdü. O qədər sevinirdi ki, bütünlüklə, ruhu ilə Şuşanın hər qarış torpağını, hər xırda qayasını-daşını öpürdü. Sanki onları azad olmaları münasibəti ilə təbrik edirdi. O, fikirləşirdi: “Necə gözəl, necə səfalı, necə müqəddəs yerlərdir buralar... Adam burada lap şəhid olmaq istəyir... Buradan cənnətə köçmək cənnətdən cənnətə uçmaq kimidir. Amma birinci cənnəti sonuna qədər görməyincə ikinci cənnətə uça bilmərəm... İnşəAllah, Şuşa şəhərinin zirvəsində dayanmaq mənə nəsib olar, onda, oradan göy üzünə baxaram və tez bir zamanda göy üzünə, səmaların ənginliklərinə uçmağı arzulayaram. İnşəAllah, Uca Tanrı o zaman məni öz dərgahına qəbul edər...”

 

Bu xəyallardan, fikirlərdən sonra Nail vətən torpaqlarının, Qarabağın işğalına nöqtə, Şuşanın qurtuluşuna nida qoyacaq “Nöqtə” əməliyyatı üçün gözlədi. Bu əməliyyat nəticəsində üstünlük Azərbaycan tərəfinin olacaq və Şuşanın azad edilməsi üzrə döyüş əməliyyatları sonlanacaqdı. Bu əməliyyat sağ-sol istiqamətdən ediləcək bir əks-hücum əməliyyatı idi və öndə Nail İbrahimli gedəcəkdi. Beləliklə, xeyli müddət hökm sürən səssizliyi qəhrəmanımız sadiq dostunu işə salmaqla pozdu və döyüş əməliyyatlarına başladı. Bu dəfə Nail duyğularının dediklərini ağlına tərcümə edə bilmirdi. Qarışıq duyğular içərisində idi. Sanki ruhu da bədəni ilə savaşda idi. Nail üçün döyüş hələ indi başlayırdı, sona qədər alınacaq qisasdan sonra şəhid olmaq istəyirdi. Müharibənin sonunu görmək istəyirdi. Lakin alınmadı... Nail Şuşanın mərkəzindən Şəhadətə doğru addım atdı...
Vətən Müharibəsi Qəhrəmanı, mayor Elvin Səfərovun dediklərindən: “Şuşanın mərkəzi istiqamətində düşmənin ən çox snayperləri yerini möhkəmləndirmişdi. Düşmənin istifadə etdiyi AQS-17 silahı da irəliləmək, sürətli hücum qurmaq üçün bizə çətinlik yaradırdı. Ancaq çətinliklərə baxmayaraq düşmən qüvvələrini darmadağın etdik. Bu döyüşlərdə pulemyotçu Nail İbrahimlinin rolu böyük oldu.

 

Hər şey bir neçə saniyənin içində baş verdi. Mərmilər sıx şəkildə üzərimizə düşdü. Qumbaraatandan iki istiqamətdə atəş açılırdı. Qısa bir müddətdə sadəcə mənim qrupumdan 5 nəfər yaralandı, 1 nəfər – Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Nail Şəhid oldu... Düz yanımda şəhid oldu. Aramızda 40-50 sm məsafə var idi. Bir nəfər yaralandı və yumalana-yumalana aşağı düşdü. Mən Naili çağırdım ki, döyüş yoldaşına kömək et və onu sığınacağa apar. Gördüm ki, ondan səs gəlmədi. Adətən, hərbi qulluqçular zəhmli və sərt olur, lakin onun üzündə ilahi və təbii nur var idi. Onun gözü açıq idi və gülümsər bir şəkildə pulemyotuna sarılmışdı. Bir neçə dəfə onu səslədim. Sonra hiss etdim ki, şəhid olub. Yarasını tapa bilmədim. Sonra mərmini tapdım və bildim ki, Nail ona ən çox ehtiyacımızın olduğu bir zamanda “kaska”sının kəmərindən yan keçən və gicgahına dəyən namərd mərmisi nəticəsində şəhid olub...”

 

Görün Allah Naili nə qədər çox sevirdi ki, Şuşanın azad olunmasını Naillə bir yerdə, öz dərgahında doya-doya seyr etdi. Nailə verilən ən gözəl hədiyyələrdən biri və birincisi elə bu idi. Nail həm də bir yerdə Şuşanın mərkəzinə çıxmaq istədiyi pulemyotuna sarılıb Şəhid olmuşdu...

 

Nail İbrahimli 12 noyabr 2020-ci ildə Oğuz rayonu Xaçmaz kənd Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Qəhrəmanımız Nail İbrahimlinin dastanlara, yaşadığı illərə sığmayan 43 günlük şanlı xidməti cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adıyla, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə qiymətləndirildi. Ən ali fəxri adı və ən ali mükafatı isə ona Ulu Yaradan verdi: ŞƏHİD, CƏNNƏT...

 

Şəhidimiz, igidimiz, qəhrəmanımız! Azərbaycanın xəritəsinə bənzəyən Qartalımız! Sənin elə bir şücaətin var ki, bitməz-tükənməz, bu dünyaya, kainata sığmazdır! SƏN BİZİM GENERAL GİZİRİMİZSƏN! SƏNİ HEÇ VAXT UNUTMAYACAĞIQ!

 

Sənə, özün kimi nurlu xatirənə sənin dilindən həsr etdiyim şeirimi bir daha qürurla təqdim edirəm və bu mövzuda yazımı hələlik sonlandırıram:



Var mənim

 

Var olasan Vətənim,
Kor olasan düşmənim.
Sanma məni öldürdün,
Bu ruhum yaşar mənim.

Başını heç əyməsin,
Saçına dən dəyməsin,
Mən “ölərəm” onda ki,
Vətənim ağlar mənim.

Qarabağlı nidayla,
Qəm-kədərlə, vidayla,
Yaşatsın əks-sədayla,
Adımı dağlar mənim.

Şahiddir döyüşlərə,
Şahid oldu nələrə,
Azad olan Arazım,
Hələ də çağlar mənim.

Şəhid ata, anası,
Şəhid oldu balası,
Şəhidə ağlaması,
Qəlbimi dağlar mənim.

Nailəm, son sözümdür:
“Vətən mənim özümdür,
Ulu Şuşa bizimdir!”
Könlüm çəkib car mənim.

Var olasan Vətənim,
Kor olasan düşmənim.
Biləsən ölməmişəm,
Şəhid adım var mənim.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK