Qəhrəmanlarımızdan birinin ömür səhifəsini vərəqlədim

10:24 29-01-2024 | icon 434 | Şəhidlər və şahidlər
Qəhrəmanlarımızdan birinin ömür səhifəsini vərəqlədim

VƏTƏNİN YENİLMƏZ İGİDİ YUSİF ƏHMƏDOV

 

 

SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

 

 

Vətən müharibəsi iştirakçısı, Qarabağda keçirilən antiterror əməliyyatlarında qəhrəmancasına şəhadətə qovuşan hərbçimiz kiçik çavuş Yusif Ələsgər oğlu Əhmədovun əziz xatirəsinə həsr edirəm (22 dekabr 1989-cu il, Xocavənd rayonu Günəşli kəndi – 19 sentyabr 2023-cü il, Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsi).

 

 

Vətən sözü... Bu söz 5 hərfdən ibarət olan, şəkilçisiz, bir kökdən ibarət olan sadə bir söz kimi görünə bilər... Amma bu belə deyil... Deyilmiş də... Biz üstündə gəzdiyimiz və yaşadığımız bu quru torpaq parçasını qanımızla, canımızla Vətən etdiyimiz andan bunu sübut etmişik ki, Vətən sadə bir məfhum, bir söz deyil və heç zaman da ola bilməz. Vətən bəzilərinə anadır, bəzilərinə atadır. Bəzilərinə oğuldur, bəzilərinə isə hər şeydir... Vətən uğrunda oğlunu qurban verənlərə bu söz daha çox tanışdır... Bəzilərinə içində ev qurduğu, yaşadığı, boya-başa çatdığı, neçə-neçə acılı-şirinli xatirələrini bölüşdüyü bir məkan... Bəziləri üçün ilk sevgidir, bəziləri üçün tək sevgi. Bəziləri üçün ilk söz, bəziləri üçün son sözdür VƏTƏN! Bəzilərinə isə bu saydıqlarımdan heç biri bir şey ifadə etməz. Onlar Vətənin qədrini bilməyən, harada çörək tapdılarsa, güzəranları xoş keçdisə, oranı vətən bilən və ya bilməyən qəlbsiz, könülsüz insanlardır və onlardan heç zaman anlayış gözləməyin. Ancaq dünyada, xüsusilə də Azərbaycanımızda Vətən hamı üçün təkdir: uğrunda canını gözünü belə qırpmadan verə biləcəyin qədər böyük bir məfhum. Vətən üçün tarix boyu, yaxın tariximizdə son 30 ildə, xüsusilə də son 3 ildə neçə-neçə vətən oğulları, qəhrəmanlar, igidlər canlarını qurban verdilər. Onlar bundan zərrə qədər də olsa, peşman olmadılar. Çünki Vətən kəlməsi onlara dünyaya gəldikləri ilk andan tanış, müqəddəs idi. Onlar əsl türk, əsl azərbaycanlı igidləri olduqları üçün Vətəni canlarından, həyatlarından əziz tutdular və ölümü bu yolda gözə almaqdan heç vaxt çəkinmədilər. Son nəfəslərini dərəndə də gülümsəyərək Vətən kəlməsini söyləyərək bu dünyanı tərk etdilər. Deməli, Vətən üçün ölməyə dəyərmiş... Vətən onun uğrunda şirin canını, həyatını, canından çox sevib dəyər verdiyin ailəni, yarını, uşaqlarını bir göz qırpımında tək qoyub gedəcək qədər dəyərli imiş... Bunu sübut etdi Azərbaycan oğulları, igidləri, qəhrəman Azərbaycan şəhidləri...

 

 

 

Bu gün o qəhrəmanlarımızdan, yenilməz ərənlərimizdən birinin ömür səhifələrini vərəqləyəcəyik. O qəhrəmanımız hələ 2-3 yaşlarında, “ağlı kəsməyən” bir uşaq kimi tərk etməli olduğu doğma torpağına 30 il sonra qəhrəman bir əsgər kimi qayıdan, sağlığında göstərdiyi şücaətlərə görə ordenlərlə təltif edilən, 44 günlük Vətən müharibəsindən sağ çıxsa da antiterror əməliyyatları zamanı doğulub-böyüdüyü torpaqlarda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan hərbçimiz — kiçik çavuş Yusif Ələsgər oğlu Əhmədovdur!
Yusif Ələsgər oğlu Əhmədov 22 dekabr 1989-cu ildə anadan olmuşdur. Özü qəhrəmanlar yetirən, illərlə yağı tapdağında olub 30 il sonra ağ günə çıxan doğma Xocavənd torpağının – Xocavənd rayonunun Günəşli kəndinin sakini idi. Yusif bu gözəl, təravətli, ilin hər fəslində başqa bir füsunkarlığı ilə seçilən doğma Qarabağ torpağında dünyaya göz açan zaman bu diyarlarda vəziyyət elə də pis olmasa da çox yaxşı da sayılmazdı. Bu gözəl diyarda illərlə bizim çörəyimizlə bəslənmiş, zaman-zaman bizə xəyanət etsələr də ulu babalarımız tərəfindən dəfələrlə əfv edilmiş və onlardan həddən artıq hörmət, izzət görüb azğınlaşmış, harınlamış separatçı Qarabağ erməniləri Xankəndidə, eləcə də digər ərazilərdə Qarabağı Azərbaycandan qoparmaq, ayırmaq üçün təbliğatlar aparır, nümayişlər və mitinqlər keçirirdilər. Xain gözləri uzun illər boyu Qarabağda olan və buranı hər vəchlə bizdən qoparmaq istəyən nankor ermənilər bununla öz istəklərinə nail ola bilməyəcəklərini anladıqları üçün boş qalan əllərini silahlarla doldurdular və dinc əhalimizə qəddarcasına, amansızcasına hücumlar etməyə başladılar. Yusifin dünyaya göz açdığı zaman o qanlı qətliamların, terrorların olmasına hələ 2-3 il vardı. Lakin ermənilərlə azərbaycanlıların arası heç olmadığı qədər açılmış, münasibətlər pisləşmişdi. Qarabağın əsl sahibləri olan azərbaycanlılar bu terrorçu atışmalarından və qarşıdurmalardan narahat idilər. Nəyinsə yolunda getmədiyini və getməyəcəyini fikirləşsələr də ermənilərin onları torpaqlarından qovacaq qədər irəli gedəcəyini, bütün sərhədləri aşacağını təsəvvür belə etməzdilər.

 

 

Təəssüflər olsun ki, hər şey yox, demək olar ki, heç nə bizim gözlədiyimiz və istədiyimiz kimi olmadı. O zamanlar təklənmiş Azərbaycanı bir daha təkləyən və güclü, ağa qara deyən havadarlara, arxa-dayağa sahib olan erməni vandalları Qarabağdakı azərbaycanlılara divan tutmağa başladılar, onların evlərini, mal-mülklərini zorla əllərindən aldılar, qadın-uşaq, qoca-cavan deməyərək hər kəsin qanını su yerinə axıtdılar. Bunların hamısı bir anda baş vermədi, hadisələrin bu yerə gəlib çıxması bir neçə il çəkdi. Ermənilər bu bir neçə ildə sevə-sevə, öz vəhşi əməllərindən ləzzət alaraq bizə olmazın zülm və əziyyətlər yaşatdılar. 1994-cü ildə Ulu Öndərimizin uzaqgörən siyasəti və böyük təşəbbüsü ilə elan olunan atəşkəsə qədər bu vəziyyət belə də davam etdi. Qarabağda bir nəfər də olsun azərbaycanlı qalmadı. 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz üçün əzablı, məşəqqətli günlər hələ təzə başlamışdı.

 

 

O məcburi köçkünlərimizdən və qaçqınlarımızdan sadəcə biri idi balaca Yusif. Xocavənd vandallar tərəfindən işğal ediləndə hələ 3 yaşı var idi onun. Doğma torpaqlarından, yer-yurdundan ayrı düşəndə o hələ uşaqlıq dövrünün ən gözəl çağlarını yaşamalı olan məsum bir uşaq idi. Qaçaqaçla, qovaqovla bu yerləri tərk etdiyi günlər yadına dumanlı halda da olsa düşməsə belə sonralar ona çox böyük və ifadə edilməyəcək qədər dərin bir əzab, əziyyət hissi verəcək, o günlərin ağrısı, acısı onun canından ömür boyu çıxmayacaqdı. Lakin indi Yusif hələ balaca idi. Onun üçün də əzab dolu günlər hələ indi, yenicə başlayırdı.

 

 

Yusifdəki Vətən iztirabları, əzabları uşaqlıq vaxtından özünün ən şiddətli halını almağa daşladı. Yusif Vətənlə Vətənindən ayrı düşdüyü zaman ərzində tanış oldu. Ağlı kəsən kimi ilk olaraq bunu öyrəndi: torpağının Qarabağ, Vətəninin Azərbaycan olduğunu, Qarabağın da Azərbaycan torpağı olduğunu, həmişə də belə olacağını bildi və bunu beyninə həkk elədi. Yusifin Vətənlə ilk tanışlığı elə də xoş keçməmişdi. Yusif uşaq əqli, zəkası ilə valideynlərinə belə bir sual vermişdi: “Bəs əgər evimiz Xocavənddədirsə, biz niyə başqa yerdəyik?”. Bu suala valideynləri nə cavab verəydi axı? Bu suala kim doğru-düzgün, ciddi bir şəkildə, əli əsməmiş, dodağı titrəməmiş, gözündən bir damla da olsun yaş axmamış cavab verə bilərdi? Kim bu sualın cavabında öz ağrısını, acısını gizlədə bilərdi? Bu sualın cavabının özündə sonsuz kədər, iztirab var idi. Əlbəttə ki, Yusifin ailəsi o cür gözəl, səfalı diyarı, nurlu torpağı öz istəkləri ilə tərk etməmişdilər, etməzdilər də. Bunun əsl səbəbini indi öyrənmək Yusif üçün baha başa gələrdi. Bunu öyrənməyə aylar, illər, bəlkə də bir ömür lazım gələrdi. Valideynləri Yusifə Vətən sevgisini aşılamaqla paralel olaraq Vətən həsrətini də aşılayırdılar. Onlar Vətənə qovuşmağın vüsalını Yusifdə görürdülər, onu görəndə ümidlənirdilər, qəlbləri min cür gözəl arzular və diləklərlə dolurdu. Onlar bu çətin zamanlarda, əzab və iztirab dolu günlərdə tək təskinliyi oğulları Yusifdə görürdülər. Bu ümidlərlə də Vətənə yenilməz, məğlubedilməz bir igid yetişdirirdilər. Yusifin timsalında onlar Qazan xanın qara donlu kafirlərə qan udduran Uruzunu, Dirsə xanın bir buğanı cavan yaşda aşıran Buğacını yetişdirirdilər. Onlar inanırdılar ki, Yusif gələcəyin “Dədə Qorqud dastanı”na çevriləcək, həm dastan yazacaq, həm də dastan olacaq. Yusif özü də bunu tədricən özündə hiss etməyə başlayırdı...

 

Yusif bu vətənpərvərlik hissləri ilə keçirdi ömrünün uşaqlıq, yeniyetməlik və gənclik dövrünü. O, orta təhsilini tamamladıqdan sonra ilk olaraq bir an belə düşünmədən Vətənə olan əsgər borcunu yerinə yetirməyə tələsdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət etməyə başladı. 2008-2010-cu illərdə əsgər olaraq Vətənin keşiyində dayandığı zaman əsl nümunəvi əsgər kimi hərbi xidmət edirdi Yusif. Hərbi hissədə ona verilən tapşırıqları şəxsi igidliklə və böyük bacarıqla yerinə yetirən Yusifin adı elə həmin vaxtlardan müsbət mənada hallanmağa başladı. Yusifin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, o cümlədən komandirləri, əsgər yoldaşları onu bacarıqlı, qorxmaz bir cəngavər kimi tanıyır, bilirdilər və bu cavanın gələcəyinin çox parlaq olacağından heç də şübhələnmirdilər. Aylar ötür, fəsillər dəyişir, illər keçirdi. Yusifin hərbi xidmətini başa vurmasına az vaxt qalırdı. Lakin hələ də Yusifin gözlədiyi o gün gəlib çatmamışdı. Doğma torpağı Xocavəndin, Qarabağın azad olacağı o günə bütün ömrünü, keçmişini və gələcəyini bağlamışdı Yusif. O gün uğrunda canını verməyə də hazır idi. Elə bəlkə də bunun üçün əsgərliyə getməyi hər kəsdən çox istəmiş və sonunda Vətənə əsgər borcunu yerinə yetirməyə başlamışdı. Ancaq Yusifin hərbi xidmət etdiyi müddət ərzində də təəssüflər olsun ki, Qarabağ dərdi bizim sağalmaz yaramız olaraq qalırdı və həmin illərdə daha da dərinləşirdi. Çünki 2010-cu ilin iyun ayında Azərbaycan Ordusunun qəhrəman hərbçisi, gələcəkdə Azərbaycanımızın Milli Qəhrəmanı adını alacaq olan igidimiz Mübariz İbrahimov təkbaşına düşmənlərlə aslanlar kimi döyüşmüş, yüzlərlə düşmən əsgərini məhv etmiş, lakin sonda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdı. Mübarizin qisasının düşmənlərimizdən alınması ilə illərlə ürəyi çarpan Azərbaycan oğullarından biri, bəlkə də elə birincilərindən biri də Yusif özü idi. Ona görə ki, Mübarizin uğrunda şəhid olduğu Qarabağ torpaqlarından çıxan zaman Yusif hələ uşaq idi. O torpaqlar onun mənbəyi, boya-başa çatmasa da doğulduğu yerlər idi. O yerlər hələ də düşmən tapdağında idi. O torpağın azadlığı mütləq gerçəkləşməli idi. Yusif gecə-gündüz bunu fikirləşir, söhbət Qarabağdan gedəndə bir yerdə qərar tuta bilmirdi.

 

2010-cu ildə hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki sahədə fəaliyyət göstərdi Yusif. Çünki o, əsgərliyə gedəndə evdə qoyduğu ailə üzvlərinə kömək etməyi də özünə böyük bir borc hesab edirdi. 7 il müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək etdi. Lakin illər keçdikcə, xüsusilə də tarixə “Aprel döyüşləri” kimi daxil olmuş Lələtəpə uğrunda gedən döyüşlərdə verdiyimiz onlarla qəhrəman Şəhidlərimizdən sonra mülki həyatda çalışmağı bacarmayacağını anlayırdı. Ordudan ayrı dura bilmədiyini, bu 7 il içərisində də ordudan bir an belə ayrı durmadığını anlayırdı. Bilirdi ki, o, ömrünü Qarabağın azadlığına bağladığı kimi rəşadətli ordumuza da bağlayıb. Ona görə də 2017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən ordu sıralarına qayıtdı. “Həmlə” taborunun seçilən, qəhrəman əsgərlərindən biri kimi xidmət etməyə başladı Yusif. O, Qarabağının azadlığına böyük ümid bəslədiyinə görə yenidən həvəslə Vətəninə xidmət etmək üçün ordu sıralarına qayıtdı.

 

Nəhayət, Yusifin çoxdan bəslədiyi o ümid bir gün gerçəkliyə çevrildi. 27 sentyabr 2020-ci ildə artıq öz məcrasından daşan bir çay kimi azğınlıqda sərhəd tanımayan düşmənə dərs verməyin vaxtı gəlmişdi. Şəhidlərimizin, Xocalının, Qaradağlının, Qarabağın, Mübariz İbrahimovun, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış əsgərlərimizin və qəhrəman generalımız Polad Həşimovun qisasını almaq vaxtı gəlmişdi. Yusif həyatı dərk etdiyindən bu vaxta qədər haradasa 20 ildən artıq idi ki, bu günü gözləyirdi. Bu gün onun üçün həyatında təkrarı olmayan toy-bayram idi. Ona görə də ən qabaqda gedənlərdən biri də o olmalıydı. Elə o da oldu. Amma bu dəfə tək deyildi Yusif. Özü və 2 qardaşı ilə birgə döyüşürdü bu Vətən, azadlıq, qisas müharibəsində. Qardaşlarından biri Asif də onun kimi hərbçi olaraq ən ön cərgələrdə almışdı yerini. Digər qardaşı Yasin isə hərbçi olmasa da mülki fəaliyyət göstərərək əsgərlərimizə kömək edirdi. Yusif özü döyüş yoluna Füzuli rayonunun Horadiz kəndindən başladı. Müharibənin ilk günündə rəşadətli əsgər yoldaşları ilə birgə həmin kəndi azadlığına qovuşdurduqdan sonra Füzuli istiqamətində döyüş yolunu davam etdirdi. Sonra isə haqq savaşını Cəbrayıla, oradan da Qubadlıya yaydı. Müzəffər addımlarla Zəfərə doğru irəliləyən Yusif müqəddəs amalının gerçəyə çevrildiyi o günə nəfəs qədər yaxın olduğunu hiss edirdi və bu, həqiqətən də belə idi. Müharibə zamanı döyüş əməliyyatlarının rəhbərlərindən olan Yusif mənfur düşmənlərin yerlə-yeksan edilməsində, qanına qəltan olunmasında böyük rəşadət göstərir, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirirdi. Müharibənin ən qanlı günlərində Yusifə doğma torpağında – Xocavəndində döyüşüb bu gözəl diyarın kəndlərini azad etmək də nəsib olmuşdu. Hər şey Yusifin, onun ailəsinin ürəyincə gedirdi. Yusif və Asif əsgər yoldaşları ilə çiyin-çiyinə Vətən torpağı uğrunda döyüşür, Yasin isə onların ayağına bir daşın belə dəyməməsi üçün əlindən gələni əsirgəmir, onlara sonadək yardım edirdi.

 

Lakin bir gün çox dəhşətli bir faciə baş verdi. Döyüşlərin gedişatında Yusifin qardaşı Asif minaya düşdü. Bu, onun qardaşı Yasinin gözünün qabağında baş vermişdi. Yasin gördükləri qarşısında sarsılsa da bir an belə düşünməyərək qardaşını xilas etmək üçün özünü odun-alovun düz ortasına atdı. Təəssüflər olsun ki, nəticədə Yasin də minaya düşdü. Asif qazi olarkən Yasin qardaşının gözləri önündə müqəddəs Şəhidlik zirvəsinə yüksəldi...

 

Yusif isə qazi qardaşının da, şəhid qardaşının da qisasını döyüş meydanında sonadək alırdı. “Allah şahidim olsun ki, əlimdəki bu süngüylə onlara qan udduracağam, onların torpaqlarımıza dikilən gözlərini oyacağam” deyib süngüsünü göstərən cəngavər sona qədər qəhrəmanlıq nümayiş etdirmiş və düşmənlərin qorxulu yuxusuna, kabusuna çevrilmişdi. Nəhayət, Vətən müharibəsi Azərbaycanımızın şanlı və parlaq qələbəsi ilə başa çatdı. Yusif qarşılığını istəməsə də onun bu müharibədə göstərdiyi rəşadət qarşılıqsız qalmadı. Hər qaziyə, hər müharibə iştirakçısına və hər şəhid ailəsinə qayğı ilə, hörmətlə yanaşan və böyük dəyər verən Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev sağlığında Yusifi Azərbaycan hərbçiləri arasında ən ali ordenlərdən olan “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif etdi. Eyni zamanda o, Baş nazir cənab Əli Əsədov tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif olundu.

 

Vətən müharibəsi Yusifin və onun sıralarında qəhrəmancasına vuruşduğu rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi ilə bitdikdən sonra ailəsindən həm qazi, həm şəhid verən Yusif müharibənin ona bəxş etdiyi bütün əzablara və sarsıntılara mərdliklə sinə gərərək hərbi xidmətini davam etdirdi. O, indi doğma Xocavənddə, vətəni Azərbaycanda adı dillər əzbəri olmuş bir qəhrəman idi. Onun cənab Prezidentimiz tərəfindən təltif olunması bütün Xocavənddə az qala bir bayrama çevrilmişdi. Qəhrəmanımızın şəkli və adı sosial şəbəkələrdə paylaşılır, hamı bu el qəhrəmanını, vətən qəhrəmanını daha yaxından tanımaq istəyir, şərhlərində ondan qürur və fəxr hissi duyduğunu bildirirdi. Müəllimlər, pedaqoqlar sağlığında bu qəhrəmanımızın gənclərə böyük bir örnək olması üçün Yusifi məktəb tədbirlərinə dəvət edir, onun şagirdlərlə görüşünü təşkil edirdilər. Yusif tarix yazan, yeni reallıq yaradan, qalib olan bir ölkənin ən böyük qəhrəmanlarından birinə çevrilmişdi.

 

 

Lakin Yusif yenə də narahat idi. İndi nədən narahat ola bilərdi ki? Düşmənlər darmadağın edilmiş, geri çəkilmiş, Şuşamız azad olunmuş, ordumuz parlaq qələbə çalmışdı. Ancaq Qarabağın çox hissəsinin azad olunmasına baxmayaraq hələ də erməni işğalında qalan yerlərimiz var idi. Düşmən darmadağın olunsa da Vətən müharibəsindən hələ də tam dərsini ala bilməmişdi. Əksinə, get-gedə azğınlaşır, ordu yığır, böyük müharibələrə, “qisas” müharibəsinə hazırlaşırdı. Xankəndi, Xocalı, Ağdərə və nəhayət, Yusifin doğma diyarı Xocavəndin bir hissəsi isə intizarla Yusifin və onun kimi qəhrəman əsgərlərimizin yolunu gözləyirdi.
Nəhayət, 19 sentyabr 2023-cü ildə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və uzun müddət dillərdən düşməyəcək bir hadisə baş verdi. Rəşadətli Azərbaycan Ordusu qaniçən erməni separatçılarına verəcəyi ən qısa, lakin böyük və tarixi bir dərsini verdi o gün. Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz erməni separatçılarını Qarabağdan tamamilə çıxarmaq üçün cəmi 23 saat 43 dəqiqəlik lokal xarakterli antiterror əməliyyatlarına başladı. Yusif həmişə olduğu kimi bu dəfə də ən öndə gedənlərdən biri idi. Qəhrəmanımız yeni yaranan və qərargahı onun doğma diyarı olan Xocavənddə yerləşən “Komando” Briqadasının kəşfiyyatçısı idi. Lakin hələ heç kəs xəbərdar deyildi ki, bu döyüş Yusifin son döyüşü, bu tapşırıq Yusifin son tapşırığı olacaq. Yusifin qismətinə son döyüş onun doğma torpağı olan Xocavənddə - Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yazıldı. Sən demə, 3 yaşında çıxdığı doğma torpaqlara Yusif bu dəfə şəhid olmaq üçün qayıdırmış... Sən demə, onun əvvəli də, sonu da Xocavənd torpağı imiş... Doğum yeri də, şəhadət yeri də Xocavənd olacaqmış Yusifin. Qəhrəmanımız illərlə yolunu gözlədiyi torpaqların azadlığı üçün bu dəfə son damla qanına kimi vuruşdu. Düşmənləri bir-bir qırdı, biçdi, məhv elədi və zəfərə doğru addımladı. Lakin əfsuslar olsun ki, zəfəri görmək, separatçıların ağ bayraq qaldırdığını görmək ordenli qəhrəmanımıza qismət olmadı. Yusif 19 sentyabr 2023-cü ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində son damla qanını da doğma vətən torpağının üzərinə tökdü, torpağı şəhid qanı ilə müqəddəsləşdirdi və qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldı. Doğum yeri, şəhadət yeri Xocavənd olan Yusifin dəfn yeri də Xocavənd oldu. O, 21 sentyabr 2023-cü ildə Xocavənd şəhərciyində izdihamla torpağa tapşırıldı. Yusif şəhadətindən sonra da Ali Baş Komandanımızın diqqətindən kənarda qalmadı. 7 noyabr 2023-cü ildə o, şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildi.
Onu da qeyd edim ki, şəhidimiz ailəli idi, 4 övlad — 2 qız, 2 oğul atası idi.

 

Yusif şəhid olduğu 19 sentyabr günündən əbədiləşdi, əbədi, uzun və cənnətlik bir həyatı yaşamağa başladı və indi də o həyatı yaşamağa davam edir. O, həm o dünyadakı cənnətinin ən gözəl bir guşəsində, həm də bu dünyada hər birimizin qəlbinin dərinliklərində qəhrəman kimi yaşayır. Azərbaycan xalqı, bizlər var olduqca, dünya durduqca da O, yaşayacaqdır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ