"Laçınsız günlər" xatirə-gündəlikdən - Etibarlı dost, patriot yurddaş!

12:50 30-01-2024 | icon 711 | Tarix
"Laçınsız günlər" xatirə-gündəlikdən - Etibarlı dost, patriot yurddaş!

Bu yaşıma qədər Yusifin dəfni kimi möhtəşəm dəfn mərasimi görmədim

QƏZƏNFƏR HÜSEYNOV

 

Vəliyev Yusif Fərzalı oğlu. 1944-cü ildə Laçın şəhərində anadan olmuşdur. Yusifin atası Fərzalı Vəliyev 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə nəticəsində Zəngəzur mahalının qonşu Sisiyan rayonunundan Laçına qaçqın düşmüş, sovet höküməti qurulmamışdan əvvəl bəzi kəndlərdə bəylərə muzdurluq etmişdir. Sovet höküməti qurulduqdan sonra kənd təsərrüfatı texnikumunu bitirmiş, kolxozlarda aqronom işləmiş, rayon torpaq şöbəsinin müdiri, Zabux kəndindəki "Komsomol" kolxozunun sədri vəzifəsində çalışmışdır. Fərzalı Vəliyev Qasımuşağı elindən Səfiyyə xanımla ailə qurandan sonra, taleyini bir yolluq Laçına bağlamışdır. Onların ortancıl oğlanları Yusif 1944-cü ildə Laçın şəhərində anadan olmuşdur. O, 1963-cü ildə Laçın şəhər orta məktəbini bitirəndən sonra təhsil almaq üçün Bakıya getmişdir.

 

 

Azərbaycan neft, sənaye institutunun axşam şöbəsinə qəbul olan Yusif bacısının həyat yoldaşı Adilin mağazasında ət satan işinə düzəlmişdir. Ticarət sahəsində uğur qazanan Yusifə Bakıda 8 km. qəsəbəsində bir neçə ərzaq mağazasına rəhbərlik etməsinə etimad göstərmişlər. Sonra bacarığını nəzərə alaraq onu 8 km. qəsəbəsində yerləşən "Sputnik" mağazasına müdir təyin edirlər.

 

 

Yusif çalışdığı qısa müddətdə tanınmış ticarət işçisi kimi şəhər rəhbərliyinin diqqətini də cəlb edir və 1970-ci ildə 8 km. adlı ərazidə yenicə inşa edilən, Bakıda ən böyük ticarət mərkəzi - unuversama direktor təyin edilir. Onun təklifi və israrlı təkidi ilə ticarət mərkəzinə "LAÇIN" adı verilir.

 

 

Mən, onun çalışdığı sahədə ixtisas təhsili lazım olduğu üçün israrlı təklifimlə axşam oxuduğu Azərbaycan neft və kimya institutundan şəxsi işlərini alaraq Azərbaycan xalq təsərrüfatı institutuna (indiki İqtisad Universiteti) verdik. O, 1970-ci ildə Azərbaycan xalq təsərrüfatı institutunu qiyabi yolla bitirdi.

 

 

Y.Vəliyev "Laçın" universamının direktoru vəzifəsində çalışarkən respublikada bəzi ərzaq məhsullarının, xüsusən də ət və yağda ciddi çatışmazlıq yaranmışdı. O, çalışdığı müddətdə yanına xahişlə gələn, xüsusilə kasıb adamları heç zaman əliboş qaytarmazdı. Bu gün də həmin ərazidə yaşlı nəsl onun adını rəhmətlə yad edirlər.

 

O, universamda laçınlıların işlə təmin edilməsini həmişə diqqətində saxlayırdı.

 

Yusif ədəbiyyata, incəsənətə çox bağlı adam idi, Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əli Kərimlinin şeirlərinin çoxunu əzbərdən bilirdi və peşəkar qiraət ustaları səviyyəsində şeirləri ifa edərdi. Hələ orta məktəbin yuxarı sinfində oxuyanda həvəskar rejissor rəhmətlik Fazil Abışovun hazırladığı teatr tamaşalarında baş rolları ifa edərdi.

 

Yusif doğulduğu Laçına hədsiz dərəcədə bağlı idi, hər il ən azı 5-6 dəfə rayona gələr, uşaqlıq dostları ilə görüşlər keçirərdi.

 

1977-ci ildə həkimlər onda xərçəng xəstəliyinin ilk mərhələsini aşkar etdilər. Ömrünün sonunun nə vaxt çatacağını sanki bilirdi.

 

1983-cü ildən başlayaraq demək olar ki, hər ay Laçına gəlirdi. Axırıncı dəfə 1983-cü ilin dekabr ayında, qarlı bir gündə rayona gələndə belə bir əhd elədi ki, 1984-cü il may ayının əvvəlində Laçına gələcək, bizimlə, bütün dostları ilə "Turş su" pavilyonunda onun 40 illik yubileyini keçirəcəyik. Lakin arzularımız həyata keçmədi, gözəl dost, vətənpərvər bir həmyerlimiz olan Yusif Fərzalı oğlu Vəliyev 1984-cü ilin aprel ayında, 40 yaşına 10 gün qalmış gözlərini bu həyata əbədilik yumdu.

 

Allah rəhmət eləsin, son məkanı cənnət olsun!

 

Yusifin dəfnində iştirak edənlər mənim sözümü təsdiq edə bilərlər, Bakı şəhərində yaşayan minlərlə azərbaycanlı və digər millətlərdən olan adamlar ona ağlayırdı, avtomobillə getməyə imkanı olmayan yüzlərlə adam Keşlədən Maştağada seyidlər qəbirstanlığına qədər onun dəfnində iştirak etmək üçün piyada getmişdilər.
Mən bu yaşıma qədər Yusifin dəfni kimi möhtəşəm dəfn mərasimi görmədim.

Allah rəhmət eləsin! Son məkanı cənnət olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK