“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

14:00 14-03-2024 | icon 668 | Siyasət
“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Mahir Abbaszadə: “Ermənistanı gələcəkdə Azərbaycanla qarşı-qarşıya gətirmək üçün işlər aparılır”

 

Qərbin, Avropanın qərəzli, absurd iddialarla regiona müdaxilə cəhdləri davam edir. Region üzərində özünün maraqlarını təmin etməyə çalışan xaricin müəyyən gücləri öz məqsədləri naminə erməni maşası ilə bölgəni qarışdırır, “dəliyə yer, əlinə bel verirlər.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Abbaszadə müsahibəsində bu istiqamətdə bir çox məqamlara aydınlıq gətirib.

 

“Qayıdış prosesi Prezidentin rəhbərliyi ilə sürətlə həyata keçirilir”

 

- Mahir müəllim, 30 ildən sonra Laçın şəhəri ilk dəfədir ki, doğma sakinləri ilə yazın gəlişini qarşılayır. Laçında bərpa, məskunlaşma prosesi hansı mərhələdədir, Laçına yeni köç olacaqmı?

 

- II Qarabağ müharibəsində qələbə əldə etdikdən sonra Laçın şəhər mərkəzi və kəndlərində yazın gəlişinə xüsusi hazırlıqlar gedir. Belə ki, bu gün Laçının mərkəzində 400-dən artıq, Zabux kəndində 210-dan artıq ailənin məskunlaşması var. Eyni zamanda, Laçın şəhərinin Güləbird, Şəlvə, Qorçu kəndlərində artıq söküntü, quruculuq işləri başlayıb, hava limanının tikintisi sürətlə həyata keçirilir. Laçında komunikasiya və təminat yollarının çəkilişi ən yüksək səviyyədə aparılır. Laçının Zerti deyilən ərazisində sənaye müəssisələrinin inkişafı sürətlə davam etdirilir. Artıq bəzi müəssisələr fəaliyyətə başlayıb, şəhərə köçürülmüş əhalinin sosial, iş təminatı uğurla həyata keçirilir. Laçın şəhərinin mərkəzində 2 nömrəli tam orta məktəb və Zabux kəndindəki orta məktəb yüksək səviyyədə fəaliyyət göstərməkdədir. Bütün bunlar onu göstərir ki, qayıdış prosesi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə həyata keçirilməkdədir. 2024-cü il ərzində həm Laçın şəhər mərkəzinə, həm də kəndlərinə qayıdış prosesinin davam edəcəyi gözlənilir. Beləliklə, ölkə rəhbərinin qarşıya qoyduğu məqsədlərə tam nail ola biləcəyik.

Təbii ki, yazın gəlişi bu ərazilərdə xüsusilə diqqət çəkir. Təbiət burada daha füsünkardır. Laçında biomüxtəlifliyin, fauna və floranın zəngin olması yaz fəslinin daha fərqli, gözəl mənzərə ilə görünməsinə səbəb olur. Bu da rayona köçən, köçməyə hazırlaşan və səfər edən insanların xüsusi marağına səbəb olur, diqqətini çəkir.

 

- Ötən il aprelin 23-dən Fransanın, ABŞ-ın rahatlığını pozan Laçın sərhəd-buraxılış məntəqəsi bu günə qədər həmin qüvvələrin Azərbaycana qarşı davam edən qərəzli çıxışları, ittihamları ilə üzləşir. Bu mövqe niyə dəyişmir?

 

- Fransa və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətləri Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsini guya Qarabağda yaşayan erməniləri blokadada saxlamaq niyyəti ilə qurduğunu iddia edirdi. Hətta “humanitar yardım” adlandırdıqları tırlarla dolu yüklərin Xankəndi ermənilərinə çatdırılmasına manelər yaradılmasına görə Azərbaycanı qınayır, qərəzli fikirlər bildirirdilər. Hazırda o yol tamamilə açıqdır, İstənilən şəxs sərbəst şəkildə o yoldan istifadə edərək Qarabağa gedib-gələ bilər. Onu da qeyd edim ki, Qırmızı Xaç Komitəsinin üzvləri Qarabağda qalan etnik ermənilərin həyat şəraitini yoxlamaq üçün tez-tez bu yoldan istifadə edirlər. Eyni zamanda Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri buraxılış məntəqəsindən keçərək Ermənistana, oradan isə geriyə qayıdışlarını təmin edə bilirlər.

İndi ABŞ və Fransanın bəzi dairələrinin Laçın sərhəd-buraxılış məntəqəsində yaratdıqları hay-küyü davam etdirməsi gərginlik yaratmaqdan başqa bir şey deyil. Həmin qüvvələr Qarabağdakı ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq və yaxud da iddia etdikləri kimi “blokadanı” aradan qaldırmaq üçün çabalamır. Əslində məqsədləri bu amildən istifadə edərək Azərbaycana qarşı təzyiq göstərmək, öz şərtlərini qəbul etdirmək, məkirli məqsədlərini həyata keçirməkdir. Amma Ermənistan və havadarları, konkret olaraq Amerika, Fransa başa düşməlidir ki, bütün bu bəhanələri keçərsizdir. Çünki Azərbaycan ərazi bütövlüyünü tam təmin edib, regionda və dünyada öz müstəqil siyasətini davam etdirməkdədir.

 

Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi...

 

- Avropanın, Qərbin Azərbaycana qarşı qərəzli qərarlarından, iddialarından həvəslənən Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı sərgilənən mövqeyi hansı oyunlardan xəbər verir?

 

- II Qarabağ savaşında əldə etdiyimiz zəfərdən sonra 10 noyabr sazişinə görə Ermənistan Azərbaycanla bütün komunikasiyaların açılmasını təmin edəcəyi barədə öhtəlik götürüb. Bu o deməkdir ki, münaqişədən öncə, yəni 1988-ci ilə qədər hansı komuniksiya xətləri fəaliyyət göstəribsə, onların bərpası həyata keçirilməlidir. Bunun içərisində Azərbaycanın Zəngilan rayonundan keçərək Meqriyə, ordan Naçıvana keçən dəmir yolu xətti də var. Bu, Zəngəzur dəhlizi adlanır. Ermənistan götürdüyü öhtəliyi yerinə yetirməlidir. Amma 10 noyabr bəyannaməsinin müddüəlarını yerinə yetirməmək üçün min bir bəhanə gətirir, dəhlizin açılmasını ləngidirlər. Gətirilən bəhanələr isə ciddi arqument deyil. Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi havadarlarının Ermənistana verdiyi dəstəklə bağlıdır. Maraqlı qüvvələr Ermənistanı silahlandırmaq, onu güclü göstərmək və beləliklə dəhlizin açılmasına maneə olmaq üçün əllərindən gələni edirlər. Bu, eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına maneə olmaq məqsədi daşıyır. Bu dövlətlər üzdə münasibətlərin normallaşmasından danışsalar da, əslində həyata keçirdikləri siyasət, işlər Ermənisan-Azərbaycan münasibətlərinin normallaşmasını, Zəngəzur dəhlizinin açılmasını ləngidən, əngəlləyən əsas səbəblərdən birdir.

 

Ermənistan hələ də nəticə çıxarmayıb”

 

- Bu gün Ermənistanda separatçı rejimin aktivləşməsində hansı maraqların təsiri var və region üçün hansı təhlükəni yaradır?

 

- Separatçı rejimin aktivləşməsi göstərir ki, Ermənistan 44 günlük müharibə və antiterror tədbirlərindən hələ də nəticə çıxarmayıb. Bu onu göstərir ki, Ermənistan regionda vəziyyəti hərbi yolla dəyişəcəyinə ümid edir. Digər bir tərəfdən qeyd etmək lazımdır ki, bu təkcə Ermənistanın fikri deyil Ermənistanı silahlandıran, ona müasir silahlar, vədlər verən qüvvələr separatizmin inkişaf etməsində maraqlıdırlar. Biz son vaxtlar görürük ki, Fransanın, digər Avropa dövlətlərinin Ermənistana yardımlar etməklə bağlı bəyanatları, Avropa İttifaqı missiyası adı altında silahlı dəstələrin Ermənistana gətirilməsini təmin etmək cəhdləri, Avropa İttifaqı nümayəndələrinin Ermənistan sərhədinə gələrək videomüşahidələr aparması və onların bir çoxunun silahlı texnikaya malik olması göstərir ki, separatizmin sürətlə həyata keçirilməsi təkcə ermənilərin, hakimiyyətin deyil, eyni zamanda kənardan onları silahlandıran, revanşizmə təhrik edən qüvvələrin apardığı çirkin oyunlardır. Təbii ki, separatist meyillərin gücləndirilməsi gələcək perspektiv üçün müsbət mənada heç nə ifadə etmir. Biz hesab edirik ki, bölgədə sülhün alternativi yoxdur. Amma Ermənistanı silahlandırma, separatist meyillərin gücləndirilməsi göstərir ki, Ermənistanı gələcəkdə Azərbaycanla qarşı-qarşıya gətirmək üçün ciddi işlər aparılmaqdadır.

 

Cənubi Qafqazda gərginlik yaratmaq niyyətini güdürlər”

 

- Fransa, ABŞ-ın Qarabağdan köçüb gedən ermənilərin geriyə qaytarılması istəyi, eləcə də Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı yalançı iddiaları ilə bölgəni beynəlxalq ictimaiyyətin hədəfində saxlamaqla hansı nəticəyə köklənir?

 

- Qarabağdan çıxıb gedən ermənilərin geriyə qayıdışı ilə bağlı Azərbaycan dövləti tərəfindən heç bir problem yoxdur. Prezident cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını qəbul edən, Qarabağda doğulub orada yaşamış ermənilərin geriyə qayıdıb burada yaşaması ilə bağlı heç bir problem yoxdur. Biz dəfələrlə Qarabağda qalan ermənilərlə bağlı Qırmızı Xaç və BMT missiyası çərçivəsində aparılan müşahidələri izləmişik. Həmin müşahidlərin və BMT müşahidə missiyasının qərarında da göstərilir ki, Qarabağda ermənilərə heç bir təzyiq göstərilmir. Sadəcə olaraq ermənilərin Qarabağa qayıdışı ilə bağlı Fransa ABŞ-ın tutduğu mövqe əslində Qarabağa qayıdış məsələsindən alət kimi istifadə edərək, Azərbaycana təzyiq etmək və bölgəni diqqət mərkəzində saxlamaqdır. Amma çox təəssüflər olsun ki, Cənubi Qafqazın bu yollarla diqqət mərkəzdə saxlanılması Cənubi Qafqazda vəziyyətin olduqca gərginləşməsinə səbəb ola bilər. Çünki görürük ki, həm ABŞ, həm Fransa Ermənistanı bu məsələlərdə aqressiv davranışa təhrik edir. Bir tərəfdən Ermənistan hökumətini silahlandırır, başqa bir tərəfdən isə guya Qarabağdan köçən ermənilərin hüquq və bərabərliyini qorumaq nöqteyi-nəzərindən bu prosesi diqqət mərkəzində saxlayırlar. Əgər diqqət sülhün icra olunmasına yönəlsəydi, biz müsbət nəticə gözləyə bilərdik. Amma ABŞ və Fransanın bu addımları göstərir ki, onlar Qarabağa qayıdacaq ermənilərin hüquq və bərabərliyindən danışmaqla sadəcə olaraq bölgəni yalançı diqqət mərkəzində saxlamaq, burada sülhə doğru atılan addımları əngəlləmək və Cənubi Qafqazda gərginlik yaratmaq niyyətini güdürlər.

 

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

 

- Mahir müəllim, Azərbaycana qarşı yönələn qərəzli ittihamlar, sanksiya tələbləri, Ermənistanı dəstəkləyən, silahlandıran çıxışlar və sair hücumlar fonunda COP29 konfransının Azərbaycanda keçirilməsinin əhəmiyyəti nədir?

 

- Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, COP29 tədbiri bir daha dünyada Azərbaycanın artan nüfuzunun göstəricisidir. Məlumdur ki, Dubayda bu məsələ müzakirə olunan zaman Azərbaycanın böyük səs çoxluğu ilə konfransa ev sahibliyi etməsi barədə qərar qəbul olundu. COP29 o ölkələrdə keçirilə bilər ki, orada siyasi etimad, ciddi təhlükəsizlik, sülh və siyasi sabitlik var. Əgər COP29-un Azərbaycanda keçirilməsi qərarı verilibsə, deməli ölkəmiz bu kriteriyaların hamısına cavab verir. Azərbaycan dövləti, başda Prezident olmaqla bu etimadı öz fəaliyyəti ilə qazana bilib. Biz cənab Prezdientin rəhbərliyi ilə iqtisadi, siyasi, mədəni və digər sahələrdə islahatlar aparıb ölkəmizdə davamlı təhlükəsizlik və sülhü təmin edə bilmişik. Siyasi sabitlik, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bütün bunlar göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir. Təbii ki, Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycanda COP29 konfransının təhlükəli şəraitdə keçirilməsi ilə bağlı ciddi işlər aparmaqdadır. Amma bütün bunlara Azərbaycan dövləti və hökuməti güclü şəkildə sinə gərməkdədir. Azərbaycan indiyə qədər necə beynəlxalq tədbirlərin hər birinə ciddi şəkildə ev sahibliyini həyata keçirib, COP29 konfransını da ən yüksək səviyyədə həyata keçirəcəkdir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

İran XİN Brüssel görüşünə münasibət bildirib

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb