Çətin tərbiyə olunan uşaqlarla nə etməli?

16:45 11-03-2024 | icon 247 | Təhsil
Çətin tərbiyə olunan uşaqlarla nə etməli?

Valideyn, yoxsa təhsil müəssisəsi günahkardır?

 

Hər gün ictimai yerlərdə yüzlərlə nadinc uşaq görürük. Metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə də az rast gəlmirik. O görüntü heç birimizə xoş təsir bağışlamır. Belə situasiyalarda bir-birinə zidd iki münasibət yaranır - bəziləri uşaqları qınayırlar, bəziləri də valideynlərini.

 

Bir qrup: “Elə bil özləri uşaq olmayıblar, nadinclik etməyiblər”, - deyərək valideynləri səbirsiz və səriştəsiz adlandırır.

 

Digər qrup isə valideyni zorakılıq, şiddət göstərməkdə ittiham edir və: “Hər kəsin içində uşağına qışqıran, yaxud qulağını çəkən evdə, təklikdə uşağı necə cəzalandırır?” - deyib məsələni böyüdür.

 

Psixoloqlar isə düşünürlər ki, uşaqların təlim-tərbiyəsi fərdidir. Uşaq var, tərifdən, uşaq da var, tənqiddən nəticə çıxarır.

 

Doğrudanmı, şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır? Çətin tərbiyə edilən uşaqların təlim-tədris müəssisələri varsa, uşaqların oraya yerləşdirilməsi hansı meyarlarla aparılır?

 

Məsələ ilə bağlı danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə yayılmış, şagirdlərin davranışı ilə bağlı videolar əsasında “çətin” uşaqları iki qrupa bölmək olar:

 

“Birinci qrupa aqressiv uşaqları aid etmək olar. Belə ki, bütün uşaqlar həyatlarında aqressiv hərəkət edirlər. Bu, onların yaşı və ya rastlaşdıqları sosial şəraitlə bağlı ola bilər. Bəzən aqressiya uşaqların xarakterik əlamətlərinə çevrilir və həmişə də özünü göstərir. İkinci qrupa isə yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa malik olan uşaqları aid etmək olar. Belə uşaqlar hər hadisəni yüksək həyəcanla qarşılayır və bunu ətrafdakılara da keçirirlər. Onlar kədərlənəndə də, sevinəndə də bunu aşırı dərəcədə emosiya ilə büruzə verirlər. Yəni diqqəti cəlb etməyi sevirlər. “Çətin” uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür. Belə ki, məktəb psixoloqları çalışmalıdırlar ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini vaxtında tapıb, ona uyğun psixoprofilaktik işlər aparsınlar. Psixoprofilaktik işlər aparılarkən mütləq şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən müəllimlər belə uşaqlarla işdən çəkinir və bir növ, onlardan yaxa qurtarmağa çalışırlar, bir sözlə, onlarla heç bir tərbiyəvi iş aparmırlar”.

 

Ekspert bu məsələdə təcrübəsiz müəllimlərin də mənfi təsirindən danışıb:

 

“Təcrübəsiz müəllimlərin “çətin” uşaqlarla apardıqları işlər plansız və məqsədsiz olduğu üçün prosesin heç bir müsbət təsiri olmur, əksinə, uşaqların tərbiyəsi daha da pozulur. Müasir psixologiyanın imkanları genişdir və bu imkanlara əsasən xoşagəlməz halların qarşısını almaq olar. Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Mütəmadi olaraq qaba hadisələrin “qəhrəmanı” olan belə şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir. Məktəbdə nizam-intizamı pozan şagirdlərlə iş aparmaq, onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bunların səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır. Burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların diaqnostikasını vaxtında aparmaqdır. Uşaqların fərdi xüsusiyyətləri nəzərə almaqla tərbiyəvi iş sistemini düzgün müəyyənləşdirmək zəruridir. Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz xarakter daşıyır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır”.

 

Kamran Əsədovun sözlərinə görə, tədris müəssisəsi şagirdi qəbul edərkən onun xarakterini valideynlə ünsiyyət zamanı təyin etməyə çalışmalıdır:

 

“Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmaq gərəkdir. “Çətin” uşağın kollektivə alışmasına köməklik göstərmək, sinif rəhbəri ilə birlikdə şagirdin davranışındakı qüsurları aradan qaldırmağın planını hazırlamaq, bu zaman peşə etikası normalarından kənara çıxmamaq, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək lazımdır. Yeri gələndə psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə (məsələn, həkim-psixiatrla) əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında geriləmə, psixi normalara uyğun gəlmədiyi müəyyənləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər”.

 

K.Əsədov qeyd edib ki, savadsız, rüşvətxor, şəxsi marağını güdən, tələbəyə qarşı laqeyd olan şəxslər şagird üçün heç vaxt sevilən müəllim ola bilməz və olmurlar da! Ancaq gərək şagirdlər də bir şeyi anlasınlar ki, rüşvətxorlara düşmən kimi baxan, savadlı, tələbkar müəllimlərin qayəsi tələbələrinə yalnız savad verməkdir:

 

"Müəllimlik çox çətin və şərəfli peşədir. Unutmaq olmaz ki, bütün dahiləri, alimləri, sənətkarları müəllimlər yetişdiriblər. Sevimli Xalq şairi Bəxtiyar Vahabzadə “Müəllim” şeirində məhz ona görə müəllimləri dünyada “ən varlı bağban” adlandırırdı. Ulu öndər Heydər Əliyev isə: “Mən müəllimlikdən yüksək və şərəfli bir peşə tanımıram”, - deyirdi. Düşünürəm ki, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb. Valideynlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər. Çünki artıq müəllimlərin əksəriyyəti dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

İran XİN Brüssel görüşünə münasibət bildirib

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb