ŞAHİDlikdən ŞƏHİDliyə...

11:37 19-04-2024 | icon 437 | Şəhidlər və şahidlər
ŞAHİDlikdən ŞƏHİDliyə...

Qəlbi Vətən eşqi ilə çırpınan QƏHRƏMAN

 

Birinci Qarabağ müharibəsi şəhidi əsgər Fuad Məhərrəm oğlu Nəsirovun (29 mart 1971-ci il, Xocavənd rayonu, Muğanlı kəndi - 21 aprel 1994-cü il, Ağdərə) şəhadətinin 30-cu ildönümünə həsr edirəm.

 

Min illərdən min illərə, nəsillərdən nəsillərə, durmadan, dayanmadan qəhrəmanlar yetişdirən və qəhrəmanlıq dastanları yazan Azərbaycan torpağının ürəyinin, qəlbinin düz ortasında bir guşə var. O guşə ki, nəinki bu torpaqlarda yaşayan insanların, hətta dünyanın ilk insanlarının məskənidir. O guşə ki, insanlığın tarixi burada başlayıb, burada davam etmişdir. Qədim Hun ərənlərinin “Hun torpağı”, yəni “Hunaşin” dediyi (bədnam qonşularımız bu adı “Xonaşen”ə çevirsə belə) Xocavənd torpağıdır o guşə. Qədim hunların, ər oğuzların, tarix səhifələrinin alban kimi qeyd etdiyi ər alpanların yetişdiyi Xocavənd torpağı başdan-binadan hazırkı dövrümüzə qədər igidlərin torpağı, yurdu, məskəni olub. Qəhrəmanlar bu torpağı hər zaman öz göz bəbəklərindən də artıq qoruyublar. Ona görə ki, elə qədimdən indiki vaxta qədər bu torpaqlara min cür göz dikilib. Hansı ki, o xain gözlərdən birini aradan 30 il vaxt keçsə belə, sonda keçən ilin sentyabrında ömürlük çıxardıb kor etdik. Lakin bu torpaqlara nə qədər pis gözlər dikilirsə dikilsin, Xocavənd ərənləri, Qarabağ ərənləri o gözləri hər zaman dibinə qədər oyublar və dünya işığından məhrum ediblər. Biz inanırıq ki, Birinci və İkinci Qarabağ müharibəsində Xocavənddən şəhid olan igidlərimizin yüz qatı, min qatı bundan əvvəlki illərdə baş verən qanlı döyüşlərdə, müharibələrdə şəhid olublar. Məsələn, Böyük Vətən müharibəsində, bəlkə də minlərlə Xocavənd cəngavəri öz yerindən-yurdundan on min kilometrlərlə uzaqlara gedib o vaxtkı “Ana Vətən”in müdafiəsi üçün odun-alovun düz ortasına atılıb. Yəni xülasə kimi qeyd etmək istəyirəm ki, nə Xocavənd deyib adını andığımız bu gözəl torpağın gözəlliyi bitər, nə də bu torpağın qoynunda böyüdüb boya-başa çatdırdığı adlı-sanlı qəhrəmanları.

 

 

Bu dəfə qədim Xocavənd torpağında ərsəyə gəlmiş həmin qəhrəmanlardan birinin taleyinə, həyatına, ömür yoluna işıq tutacaq və daha bir həyat dərsini də o qəhrəmanın həyatından götürəcəyik. Hər zaman ailəsinə, sevdiklərinə və Vətəninə can yandıran, doğma torpağını, Vətənini candan sevən, hətta bir gün gənc, növcavan yaşında, gəncliyinin baharında canını bu yolda fəda edəcək qədər candan sevən bir igidin qəhrəmanlıq dastanından səhifələri vərəqləyəcəyik. Həmin qəhrəmanımız şəhid əsgər - Fuad Məhərrəm oğlu Nəsirovdur!

 

 

Şəhid Fuad Məhərrəm oğlu Nəsirov 29 mart 1971-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Məhərrəm müəllim həm öz kəndlərində, həm də rayon səviyyəsində sayılan-seçilən bir pedaqoq, tarix müəllimi kimi tanınır, anası Sehrayə xanım isə Muğanlı kənd kitabxanasının müdiri vəzifəsində çalışırdı. Belə bir ailədə dünyaya göz açan Fuadın alacağı tərbiyə və onun nəticəsi olaraq yaşayacağı gələcək həyat, təbii ki, bəlli idi. Boy atıb böyüdükcə öz ağlı, tərbiyəsi və insanlara olan səmimi münasibəti ilə getdikcə ailənin daha da sevimli bir üzvünə çevrilən Fuad 9-cu sinifə qədər Xocavənd rayonunun Muğanlı kəndində, 9-cu və 10-cu sinifləri isə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən məktəbdə orta təhsil alırdı. O, əsl nümunəvi şagird kimi, vətəninə, atasına və ailəsinə layiq bir övlad kimi böyüyürdü. İllər keçdikcə, Fuad böyüyüb yetkin, yeniyetmə bir gənc oğlan olanda təkcə ailəsinin yox, müəllimlərinin, məktəb yoldaşlarının və yaşadığı kəndin camaatının da sevdiyi və saydığı bir insan kimi formalaşırdı. Bütün sevdiklərinin fəxri, vüqarı olan bu yeniyetmədən, təbii ki, hamı müsbət olan hər şeyi, xüsusilə də orta təhsilini tamamlayıb ali təhsil ocaqlarından birinə daxil olmasını gözləyirdilər. Fuad ona olan bütün ümidləri doğruldaraq orta məktəbi əla qiymətlərlə başa vurdu və 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil oldu. Həmişə zəhmətkeş və əməksevər olan gənc Fuad bu illərdə həm oxuyur, həm də işləyirdi. O, bu çətin, məsuliyyətli təhsil illərində bir an olsun ona yüksək ümid bəsləyən ailə üzvlərini də unutmur, tez-tez onları təhsilində əldə etdiyi nailiyyətləri və uğurları ilə sevindirirdi. O, dünyaya göz açıb köksündə ilk fidan addımlarını atdığı doğma torpaqlardan, gözəl Xocavənddən, Qarabağdan həmin vaxtlar ayrı qalsa da ailəsinin ümidini, arzularını gerçəkləşdirəcəyi üçün çox sevinir və təhsilinə böyük həvəslə, yorulmadan davam edirdi. Nəsirovlar ailəsi Fuadla, Fuad da Nəsirovlarla birgə sevinir, qürrələnir və ümidlənirdi.

 

 

Bu məqamda istəyirəm, bir haşiyə çıxım və Fuadın həyat yolunun bu səhifəsində onun dastanını vərəqləməyi müvəqqəti dayandırım. Yəqin ki, oxucularımızı Fuadın həyat yolu ilə paralel olaraq, onu şəxsiyyət kimi formalaşdıran xüsusiyyətləri - onun xasiyyəti, xarakteri də maraqlandırır. Gəlin xoşsöhbət, ağıllı, tərbiyəli, böyüyə hörməti, kiçiyə qayğısı yerində olan bu alovlu vətənpərvər gənclə bağlı qəhrəmanımızın bacıları Ülviyyə xanım və Zülfiyyə xanımın dediklərinə nəzər yetirək. Ülviyyə xanım şəhid qardaşı haqqında sözünə belə başlayır:

 

 

“Fuad haqqında ancaq gözəl sözlər deyə bilərəm. Sanki Allah onu yaxşı işlər görməsi üçün yaratmışdı. O, həm səmimi, qayğıkeş qardaş, həm də mehriban, xeyirxah bir dost idi. Fuad çox kövrək qəlbli biri idi. Həddindən artıq qabiliyyətli, səliqəli, təmizkar və zəhmətkeş idi. O, hətta harasa tələssə belə, yenə də heç vaxt paltarını ütüsüz geyinməzdi. Mənə kiçik bacısı kimi çox qayğı göstərirdi. Bir çətinliyim olan kimi tez kömək etmək istəyirdi. Qəmli bir film izləyəndə göz yaşlarımı ondan gizlətmək istəyirdim, amma o, deyirdi ki, kimin gözündən yaş çıxmırsa, o, daşürəklidir, ağlamağın gəlirsə, ağla. Onun yaxşı əl qabiliyyəti də var idi. Taxtadan elə gözəl məişət əşyaları düzəldirdi ki… Xəmir yaymaq üçün anama dördayaq, oxlov düzəltmişdi. Tələbə olarkən həm oxuyur, həm də işləyirdi. Maaşını alan kimi bazarlıq eləyib üzündə xoş təbəssümlə evə gəlirdi, əsasən də kolbasa və özünün də çox sevdiyi günəbaxan halvası alardı. Bilirdi ki, hamımız bir qarnı ac, bir qarnı tox olmaqla onun yolunu gözləyirik. Fuad həm də çox zarafatcıl idi. Yadımdadır, həmişə kino adları ilə bağlı oyun oynayardıq, o da özündən çox gülməli kino adları uydurardı, məsələn “Buz üstündə tərləyən qurbağa”, ya da “Keçəl qızın hörükləri”… Fuadın öyrəndiyi və yeri gələndə sevə-sevə işlətdiyi gözəl kəlamlar da var idi, məsələn, “özündən yuxarıdakılara baxıb köks ötürüncə aşağıdakılara baxıb şükür elə” və ya “yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək lazımdır” və sair. Muğanlıda, kəndimizdə olanda evimizə bir qaraçı gəlmişdi, atama demişdi ki, 3 oğlun var, amma onlardan biri səni çox kədərləndirəcək. Onda Fuad atama demişdi ki, o, mən olacağam. Xocavənd rayon Təhsil Şöbəsinin uzun müddət müdiri işləmiş dayım Vaqif Əsgərov Kuropatkino kənd məktəbinin direktoru vəzifəsində işləyəndə Fuad 10-cu sinifdə oxuyurdu. Həmin vaxt dayım onların sinfini Moskva şəhərinə aparmışdı. Fuad oradan qayıdanda hamımıza pay almışdı, mənə də məktəbli önlüyü almışdı. Ağ neylon parçadan tikilmişdi… Həmin önlük elə xoşuma gəlirdi ki…

Fuad həyatında bir dəfə də həyati təhlükə ilə üzləşmişdi. Belə ki, 1990-cı ilin Qara Yanvar faciəsində o da həmin qanlı meydanda tanklarla üzbəüz dayanmışdı, lakin ölüm onun qismətində yox idi deyə oradan sağ çıxmışdı. O, bacılarını hər zaman hörmətli, qiymətli tuturdu. Hətta müharibəyə gedən zaman bizi atamıza tapşıraraq “Onlardan muğayat ol” demişdi. Həm də biz hansısa məsələ ilə bağlı Fuada müraciət edəndə o, bizə çox ağıllı məsləhətlər verirdi. Onun yoxluğunu hər zaman hiss edirəm. Amma bir şey mənə təskinlik verir. Fuad ən yüksək zirvədədir. O, yoxluğu ilə yaşayır və bizə qürur verir. Biz onunla fəxr edirik”.

 

Şəhidimizin böyük bacısı Zülfiyyə xanım isə gənc, yenilməz qəhrəmanımızı bu sözlərlə yad edir və fikirlərini sanki qardaşına bir məktub yazırmış kimi duyğulu sətirlərlə çatdırır:

 

 

“Mənim şəhid qardaşım, sənin haqqında danışmaq mənim üçün nə qədər çətindirsə, o qədər də şərəflidir. Fuad bizə göstərdi ki, bir bacının qardaşı necə olmalıdır. O, məndən yaşca kiçik idi, ancaq müəyyən hərəkətləri ilə özünü elə aparırdı, mən onu özümdən böyük kimi bilirdim. Xasiyyəti, xarakteri belə göstərərdi onu. Ailəsini necə sevərdisə, Vətənimizi ondan da çox sevərdi. Bizi hər an, hər şeydən qorumağa çalışardı. Çox diqqətcil, qayğıkeş idi mənim qardaşım. Əlindən gəlmədiyi, bacarmadığı bir iş yox idi. Fuad hidromelorasiya ixtisası üzrə ali təhsil aldı. Öz sahəsinin gözəl mütəxəssisi kimi yetişdi. Ancaq diplomunu əlinə almaq sevinci belə ona qismət olmadı. Çox sakit təbiətli, zarafatcıl, təmkinli idi. Yaxşı dəmli çayı xoşlayardı. Yeməyi o qədər ləzzətlə, səliqəli yeyərdi ki, mən durub ona tamaşa edərdim. Allah-təala nə gözəl xüsusiyyətlər var idisə, elə bil hamısını ona vermiş, heç birini ondan əsirgəməmişdi, çünki onu dərgahına tez aparacaqmış. Fuad əsgərliyə gedəndə kiçik qardaşım Ülfət rayondan gəlib onu yola saldı, məni və bacımı isə getməyə qoymadı. Ülfət Fuadı Biləcəridən yola salanda bir-birləri ilə sağollaşıb ayrılıblar. Bir də qardaşım görüb ki, Fuad komandirdən icazə alıb yenidən qayıdır. Ülfət deyir: “Fuad mənə dedi ki, birdən sən şəhərə yaxşı bələd olmazsan, qaldığımız yeri tapa bilməzsən, ona görə səni özüm yola salacağam. Fuad taksi çağırdı, sürücüyə ödəniş etdi və ünvanı başa saldı ki, məni qaldığımız yerə aparsın”. Ülfət evə qayıdıb gələndən sonra hey fikir edib deyirdi ki, bilmirəm, o məni yola saldı, ya mən onu. Ülfət Fuadın yoxluğu ilə indiyə qədər barışmır.

 

 

Fuad yaz fəslini çox sevərdi. Bəlkə də bu onun mart ayında doğulması ilə bağlı idi, elə çox sevdiyi yaz fəslinin ən gözəl ayında da şəhid oldu.

30 il olacaq ki, sənsizik, ancaq hər dəqiqə qəlbimizdəsən, sən bizimlə yaşayırsan, mənim vətənini canından, bizlərdən çox sevən qəhrəman, şəhid qardaşım”.

 

Bəli, həqiqətən də Fuad ağlı kəsdiyi andan ömür payının sonuna qədər doğulduğu və böyüyüb boya-başa çatdığı torpaqları canından çox sevirdi, Xocavəndə, Qarabağa, ümumilikdə, Azərbaycana canıyla, qanıyla bağlı idi bu gənc. Yer üzünü, göy üzünü yoxdan var edən Allah-təalanın istəyi ilə elə bir vaxt gəlib çatdı ki, sanki Fuada bu vətənpərvərliyi sübut etməyə geniş bir meydan verildi. Belə ki, Fuadın təhsilinə başladığı vaxtlar heç də yaxşı bir vaxta təsadüf etməmişdi. Daha heç nə əvvəlki kimi deyildi və olmayacaqdı da. Bədnam qonşularımız olan erməni qəsbkarları artıq öz mənfur, çirkin işlərini görürdülər. Onlar tarixin tozlu rəfinə yapışmış “Miatsum” hərəkatını yenidən diriltdilər. Qarabağın Azərbaycandan qoparılması üçün havadarlarının dəstəyi ilə əllərindən gələni etdilər. Azərbaycan da bu zaman yenidən diriliş hərəkatını, milli azadlıq hərəkatını başlatmışdı. Bu hərəkatı beşikdəcə boğmaq istəyən qırmızı terrorçular 1990-cı ilin 20 Yanvar tarixində Azərbaycanın paytaxtında və bəzi rayonlarda insanlıq əleyhinə qətliamlar törətdilər. Nahaq qanlar tökdülər, günahsız canlar aldılar. Şəhidimizin bacısı Ülviyyə xanımın dediyi kimi, Fuad da həmin hadisələrin canlı şahidi olmuşdu. Onun bu qanlı-qadalı günlərdə ürəyi dözməmiş və əliyalın bir şəkildə neçə-neçə Azərbaycan oğlu, qızı kimi dişindən dırnağına kimi silahlanmış terrorçulara, lüləsi dinc əhaliyə qarşı tuşlanmış tanklara, zirehli texnikalara qarşı dayandı. Alovlu vətənpərvər olan Fuadın vətənpərvərlik alovunun ilk qığılcımları, bəlkə də elə bu zamandan parlamağa başlamışdı.

 

 

1993-cü ildə isə artıq Fuad erməni qaniçənləri tərəfindən doğma yerindən, yurdundan didərgin salınmışdı. Həmin vaxtlar Muğanlı kəndi də daxil olmaqla, Xocavəndin özü və Qarabağın bir çox yaşayış məntəqələri erməni vandalları tərəfindən işğal olunmuşdu. Fuadın alovlu ürəyi vətəndə vətənsizliyə dözmür, döş qəfəsinin altında çırpınırdı, sanki indicə partlayacaqdı. Ona görə də o, 1993-cü ildə ali təhsilini başa vuran kimi 1 iyul tarixində könüllü olaraq Milli Ordu sıralarına yazıldı və canından çox sevdiyi vətəni uğrunda son damla qanına qədər döyüşmək üçün Qarabağa yollandı. Fuad düşünürdü ki, düşmənlərə torpaqlarımızı işğal etməyin nə demək olduğunu göstərməlidir. Bu yolda hansı çətinliklərə, əzablara düşürsə düşsün, hamısına dözəcək, canını fəda edəcək, bu yolda şəhid olana, son damla qanına qədər mübarizə aparacaqdı.

 

Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Fuad Nəsirov 30 yanvar 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır silah olan “PK” markalı pulemyotla silahlanaraq döyüş yoldaşları ilə birlikdə "Qlobus" deyilən ərazidə bir neçə gün davam edən şiddətli döyüşlərdə düşmənin xeyli hərbi texnikasını, yetmişdən çox əsgər və zabitini məhv etmiş, fevral ayında gedən döyüşlərdə isə Fuadın xidmət etdiyi rota döyüşlərdə fərqlənmişdir.

 

Ailə üzvləri və yaxınları hər dəfə cəbhədən xəbər gələndə Fuaddan bir qələbə xəbəri, qələbə müjdəsi gözləyirdilər. Fuadın qəhrəman kimi bütün əziyyətlərə, əzablara sinə gərməsi, Vətəni üçün sinəsini güllələrə sipər etməsi və düşmənləri darmadağın etməsi ailəyə sözlə ifadə olunmayacaq qədər böyük bir ümid, sevinc verirdi. Yeni hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyev parçalanmağın astanasında olan vətənimiz Azərbaycanı inkişaf etdirmək və onu Qarabağı azad etməyə hazır vəziyyətə gətirmək üçün atəşkəsin vacibliyini mətbuatda çıxışlarında bildirirdi. Gözlənilirdi ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yaxın bir neçə ay ərzində atəşkəs olacaq. Ailəsi inanırdı ki, Fuad bu müharibənin sonunu görəcək, sona kimi vuruşub qəhrəman əsgər kimi zəfərlə sağ-salamat geri dönəcək.

 

Lakin zalım fələk bu dəfə də yerindən-yurdundan didərgin salınmış bu insanların üzünü güldürmədi. 21 aprel 1994-cü ildə səhər saatlarında düşmən ordusunun ehtiyat qüvvəsinin yerini öyrənmək tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlandı. Bu döyüşdə hələ həmin vaxt tam formalaşmayan Azərbaycan ordusunun kəşfiyyat dəstəsinin səkkiz nəfərlik üzvünün hamısı igidliklə döyüşdü, lakin qeyri-bərabər döyüşdə bu igidlərin hamısı qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldı. Şəhidlik zirvəsinə yüksələnlərin içərisində o alovlu vətənpərvər - Fuad Məhərrəm oğlu Nəsirov da var idi. Bu nə acı təsadüfdür ki, Fuad şəhid olandan çox az müddət sonra - 12 may 1994-cü ildə Birinci Qarabağ müharibəsini, ümumiyyətlə, dayandıracaq və 30 illik fasiləni gətirəcək olan Atəşkəs sazişi imzalandı. Atəşkəs silahları susdursa da yaralı qəlbləri susdura bilmədi. Bu atəşkəsə qədər neçə ailənin ümid çırağı söndü. O ailələrdən olan Nəsirovlar ailəsi öz sevimli, tərbiyəli, savadlı və qeyrətli oğullarını – Fuad Nəsirovu doğulduğu Xocavənd rayonunun Muğanlı kəndindən məsafəcə xeyli uzaqda yerləşən Göyçay Şəhidlər Xiyabanında torpağa tapşırdı. Dünyadan nakam gedən bu qəhrəmana sevdiyi vətən torpağına qovuşmaq nəsib oldu.

 

Bu 30 il ərzində Nəsirovlar ailəsi təskinlik axtarışında olsalar da həmin təskinliyi 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqəlik antiterror əməliyyatlarından sonra Azərbaycan Silahlı Qüvvələrinin zəfərində, düşmənin məhvində tapdılar. Ona görə ki, Fuadın aylarla, günlərlə uğrunda döyüşdüyü və canını fəda etdiyi Qarabağ torpağı və onun doğulub boya-başa çatdığı Xocavənd rayonunun Muğanlı kəndi düşmən tapdağından azad olundu. Şəhid əmisinin adını daşıyan Fuad Ülfət oğlu Nəsirov artıq azad Xocavəndin, azad Muğanlının sakinidir.

 

Onu da qeyd edim ki, bu yaxınlarda Şəhidimizin qardaşı Hikmət Nəsirov doğma Muğanlı kəndində olmuş, bayrağımızı vaxtilə Şəhidimiz Fuad Nəsirovun yaşadığı evin qalıqlarının üzərinə sancaraq şəhidimizin arzusunu yerinə yetirmişdir. Eyni zamanda Muğanlı kəndinin müqəddəs torpağından götürərək Şəhidimizin uyuduğu Göyçay şəhərindəki Şəhidlər Xiyabanına aparmış, onun məzarı üzərinə səpmişdir. İndi hamımız əminliklə deyə bilərik ki, Vətən qəhrəmanı Fuad Nəsirovun azad vətən torpaqlarının səmalarında pərvazlanan ruhu şaddır. Eynən illərlə Fuadı daxilində yaşadan qəlbimiz, vətən boyda olan ürəyimiz kimi şaddır…

 

Məkanın cənnət, ruhun şad olsun, Vətənin igid oğlu! Səni heç bir vaxt unutmayacağıq!

 

 

 

 

 

 

 

 

Sevindik Nəsiboğlu
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...