Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

16:39 08-05-2024 | icon 297 | Cəmiyyət
Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Əhmədağa Muğanlı - 98

 

XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...

 
Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin motivləri əsasında ekranlaşdırılıb. Ssenarinin yazılmasında peşəkar ssenarist Əhmədağa Muğanlı böyük rol oynayıb. O, ssenarini işləyərkən yalnız pyesdən yararlanmayıb, eyni zamanda Nəbi haqda real faktlardan istifadə edərək materialı zənginləşdirib.
 
 
 
Film hazır olandan sonra, ermənilərin danoslarına əsasən, onun nümayişinə əngəl yaradılır. Məcbur olub bir sıra kadrları çıxarırlar. O vaxt Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Rəsul Rza və başqaları Moskvaya məktub yazaraq, filmin qadağan olunacağı təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini bildiriblər...
 
 
 
Bəli, bu gün mən sizə görkəmli yazıçı Əhmədağa Muğanlı haqqında söhbət açmaq istəyirəm. O, 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gəlib. İbtidai təhsilini doğma kənddə, orta təhsilini isə qonşu Xırmandallı kənd məktəbində gümüş medalla başa vurub. Sonra ADU-nun filologiya fakultəsində ali təhsilə yiyələnib. 2001-ci il avqustun 4-də Bakıda vəfat edib...
 
 
 
Ədəbi fəaliyyətə tələbəlik illərində başlayan Əhmədağa Muğanlı zəngin yaradıcılıq yolu keçib. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində “Biz qol çəkirik ki...” ilk hekayəsi dərc olunub. Daha sonra “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görüb. 1953-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. Dəfələrlə Bakı şəhəri Oktyabr rayon Xalq Deputatlar Sovetinə deputat seçilib. Kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin redaktoru olub. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami” və “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor qələmindən keçib. O, eyni zamanda otuza qədər sənədli və bədii filmin - “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Dağlarda döyüş”, “Od içində”, “Doğma sahillər”, “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. ssenari müəllifidir. Bu ekran əsərlərində xalq qəhrəmanlarımızın, sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm xadimlərimizin həyatı bütün dolğunluğu ilə öz əksini tapıb...
 
 
 
Oğlu Araz Qurbanov deyir ki,- “Çox istərdim ki, atama oxşayım. Uşaqların dünyagörüşünün formalaşdırılmasında valideynlərdən çox şey asılıdır. Atam həddən artıq səbirli, qayğıkeş, mülayim, anam isə iradəli qadın olub. Onlar bir-birini ideal şəkildə tamamlayırdılar. Bu gün pafoslu səslənsə də, bizim evə indiyədək haram çörək, haram pul gəlməyib. Bəzən xasiyyətimdə, davranışımda onların əlamətlərini görəndə sevinirəm. Atam övladlarına milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə sevgini aşılayıb. Bu ruh onun filmlərində də yer alıb. Onun təklifi ilə əlimə qələm almışam, tar məktəbinə getmişəm. Tarı indiyədək yadigar saxlayıram. Tar alınanda 1970-ci il idi. Onda atamın 50 yaşı vardı. Şuşada düzəldilmişdi. Atam Fizulinin və Hüseyn Cavidin pərəstişkarı idi. “İblis” poemasını əzbər bilirdi. Bizə də Şəhriyarın “Azərbaycan” şerini əzbərlətmişdi. İkinci dünya müharibəsi illərində sərhəddə xidmət edib. Ən maraqlısı odur ki, atam universitetin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etmişdilər. Atam imtina etmiş və ömrünü kinostudiyaya bağlamışdır...”
 
 
 
Bəli, XX əsrin böyük yazarlarından biri də o, olub. İllər ötəcək, zaman dəyişəcək, hər yeni gələn nəsil, onu ssenari müəllifi olduğu filmlərdən tanıyacaq və ehtiramla yad edəcəklər...
 
 
 
Mayın 10-da Əhmədağa Muğanlının 98 illiyidir. Biləsuvar Azərbaycanın gözəl rayonlarından biridir. Və bu gözəlliyin içində bir sıra adamların xatirəsinə ucaldılacaq heykəllərə ehtiyac var. O insanlardan biri də Əhmədağa Muğanlıdır...
 
Ruhu şad olsun!
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI