"Şuşa təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət incisinə çevriləcək"

16:25 18-05-2024 | icon 230 | Siyasət
"Şuşa təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət incisinə çevriləcək"

Zahid Abbasov: "Şuşa üçün sevinirik, onun övladları geri qayıdır"

 

Böyük qayıdış növbəsi artıq mədəniyyət paytaxtımız və Qarabağın incisi sayılan Şuşaya çatdı. Qədim Şuşamız ilk köç karvanlarını qarşıladı. Bu köç karvanında 38 ailə - 136 nəfər şuşalı iştirak etdi. Müharibədən qısa müddət sonra beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahibliyi edən Şuşamız ilk dəfə öz sakinlərinə qucaq açdı.

 

30 il Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri işləmiş, hazırda Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasovla yaşanan bu tarixi anları müzakirə etdik.

 

– Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar...

 

– Şuşamız, şuşalılar uzun illərdən bəri gözlədiyi böyük tarixi anları yaşayır. Doğma ocağımıza olan həsrət bitir. Şuşamız şuşalılarla birlikdə nəfəs alıb, yenidən pərvazlanıb, yaşamağa başlayacaq. İsa bulağının suyunun sərinliyini içimizdə hiss edə biləcəyik.

Əlbəttə, şuşalıların sevincinin həddi-hüdudu yoxdur. Biz çoxumuz Şuşa azad olunandan sonra müxtəlif səbəblərlə o yerlərə gedib bərpa-quruculuq işlərində iştirak edir, yaxud sadəcə ziyarət edib qayıdırıq. Şuşada öz evinə qayıtmaq, orada yaşamağa davam etmək tamam başqa bir hissdir. Hər birimiz Şuşaya öz evində, öz doğma ocağında yaşamağa gedən şuşalılarımız üçün ürəkdən sevinirik. Şuşa üçün sevinirik. Onun övladları geri qayıdır.

 

– Siz özünüz Şuşaya, evinizə döndünüzmü? Şuşaya köçən insanların iş, sosial həyatı necə təmin olunacaq?

 

– Mənözüm hələ Şuşaya qayıtmamışam. Dövlətin bu istiqamətdə apardığı işləri bəyənirəm. Çox sakit, ardıcıl şəkildə insanların öz yurduna köçməsini təmin edirlər. Çox səbirsizliklə oturub gözləyirəm. Yəqin ki, yaxın vaxtlarda mən də Şuşama köçəcəyəm və orada dərindən nəfəs alıb yaşamağa başlayacağam. Bu barədə düşünərkən belə ürəyim əsir, həyəcanlanıram, sevinc hissindən kövrəlirəm. Şuşaya qayıdan o insanların keçirdiyi hissləri təsəvvür edirəm. Məncə, həmin gün o şuşalıların ikinci dəfə yenidən dünyaya gəlişi kimi yaddaşlarında qalacaq və heç vaxt fikirlərdən silinməyəcək. Eyni zamanda, şuşalıların işlə təmin olunması istiqamətində Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi ilə xeyli iş görülüb. Yeni köçən sakinlərin işlə təminatının düzgün qurulması üçün lazımi tədbirlər görülüb. Birinci köçdə 370 ailə öz evinə-yurduna qayıdır. Sonra artıq ikinci qayıdış layihəsi üzrə işlər başlayacaq və cənab Prezident bu dəfə Şuşada olanda üçüncü yeni yaşayış kompleksinin bünövrəsini qoydu. Yəqin ki, yaxın zamanlarda Şuşada qaynar həyatı görəcəyik. 

 

– Şuşada aparılan quruculuq işləri, infrastruktur layihələr Qarabağın hansı mövcud reallıqlarından xəbər verir?

 

– Qarabağda, Şərqi Zəngəzurda tarixi günlər yaşayırıq. Son illər ölkəmizdə, xüsusilə də bizim Şuşamızda aparılan quruculuq, yaradıcılıq işlərini yüksək dəyərləndirirəm. Ermənistanın vandal siyasəti nəticəsində Azərbaycanın işğal altındakı  əraziləri tamamilə dağıdılıb. Ermənilərin törətdiyi dağıntılar və beynəlxalq ictimaiyyətin məsələyə ikili yanaşmaları, təcavüzkara qarşı sərt mövqe sərgiləmədən vəziyyəti olduğu kimi saxlamaq istəklərinə və bu yöndə apardıqları siyasətə baxanda bugünümüzə şükür edirik. Belə gözəl günləri yenidən yaşayacağımızın həsrəti ilə bu dünyanı tərk edəcəyimizdən narahat idik. Qlobal güclərin ölkəmizə qarşı əsassız iddiaları, işğalçını dəstəkləməsi fonunda torpaqlarımızı qısa müddət ərzində azad edəcəyimizi ağlımıza gətirmirdik. Təbii ki, torpaqlarımızın işğaldan azad olunacağına inanırdıq. Bu günləri bizə yaşatdıqlarına görə, ilk növbədə, o torpaqlar uğrunda şəhid olan oğulların qarşısında baş əyirəm. Orada döyüşən əsgərlərimizə, qazilərimizə cansağlığı arzulayıram. Bugünün ən gözəl reallığı torpaqlarımızın azadlığı, sərhədlərimizin bütövlüyü və işğaldan azad olunmuş ərazilərimizdə davamlı bərpa-quruculuq işlərinin aparılmasıdır.

Mən özüm də müharibə veteranı, qaziyəm. Uzun müddət Şuşada çalışmışam, şəhərin müdafiəsi uğrunda vuruşmuşam. 32 illik işğal döründə düşməndən xilas edib Bakıya gətirdiyimiz mədəniyyət paytaxtımız Şuşanın tarixi-mədəniyyət nümunələrini qoruyub-saxlamağa çalışmışam. Bir günüm belə Şuşasız keçməyib. Respublika və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə Şuşanın işğala məruz qalmasını və yaşadığı faciələri dünyaya catdırmağa çalışmışam. “Bəlkə dünya dərdimizi eşidər” deyə, dəfələrlə beynəlxalq tədbirlərdə, sərgilərdə Şuşanın Azərbaycanın qədim diyarı olaraq işğal edildiyini bəyan etmişik. Eləcə də uzun illər Şuşa mədəniyyət adamlarının ayrı-ayrı ölkələrdə iştirak etdiyi konsertlərə baxa-baxa həm sevinmişəm, həm də için-için ağlamışam. Mən hər il şuşalıları dünyanın 55 ölkəsinin iştirak etdiyi TRT uşaq festivalına aparırdım. Orada avtobusların qarşısına ölkələrin adı yazılırdı. Bizim avtobusun qabağına yazılırdı – ŞUŞA. Şuşalılar o tədbirdə çıxış edib qurtarana qədər bir tərəfdən, sevinirdim ki, şuşalılar uğurlara, nailiyyətlərə imza atır, digər tərəfdən göz yaşı tökürdüm ki, biz Şuşasızıq. Ona görə də Allahın bugününə min şükür. Bugünkü reallıq regionun nəbzinin Azərbaycanda vurulması ilə ölçülür. O dəhşətli günlər geridə qalıb. Əlbəttə ki, Ali Baş Komandanımız, çox hörmətli dostumuz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm, minnətdaram ki, bugünü bizə yaşatdı. Eyni zamanda, qeyd etməliyəm ki, Şuşada qürur hissi ilə yaşadıqlarımızın hamısı ulu öndər Heydər Əliyevin layihəsi, arzuları idi. Qoy bu gün Ulu Öndərin ruhu şad olsun. Mən həmişə Şuşada gəzəndə də deyirəm: Ulu Öndərin ruhu Şuşanın üzərində gəzir. Həmişə də deyirəm: ruhun şad olsun, Ulu Öndər, arzuların çin oldu.

 

– “Xarıbülbül” Festivalı necə keçdi, sizdə hansı xatirələri oyatdı?

 

– “Xarıbülbül” festivalı əvvəlkilərdən daha möhtəşəm, daha təntənəli oldu. 32 il Şuşa Mədəniyyət İdarəsinə rəhbərlik etmiş bir adam kimi, mən bir daha fəxr etdim ki, Azərbaycan mədəniyyəti gündən-günə gözəlləşir, yeni vüsət alır. Zeynəb Xanlarovanın Şuşadakı çıxışı zamanı mən yenə içimdə kövrəldim.

Sizinlə Şuşa, Ulu Öndərlə bağlı unutmadığım və bu günlər “Xarıbülbül” Festivalında təbəssümlə yada saldığım bir xatirəmi bölüşmək istəyirəm. 1982-ci il iyul ayının 29-u idi. O vaxt biz Şuşada belə musiqili tədbirləri “Mahnı bayramları” adlandırırdıq. Mən məsul vəzifədə olduğum üçün bu tədbirlərin keçirilməsini təşkil edənlərdən idim. Yaxşı xatirimdədir. Birinci cərgədə oturmuşdum. İndi o günlərin fotoxatirələri də məndə qalır. Ulu Öndər, Zərifə xanım Əliyeva öndə əyləşmişdilər. Eləcə də Mirzə İbrahimov və respublikamızın digər məsul şəxsləri tədbirdə idilər. İndi Cıdır düzündə “Xarıbülbül” Festivalının keçirildiyi həmin o səhnənin yerində gözəl “Mahnı bayramı” keçirilirdi.  Zeynəb Xanlarova həmişəki kimi ən axırda oxuyurdu.  Zeynəb xanım səhnəyə çıxanda möhkəm leysan yağdı. Sizi inandırıram, heç kim yerindən tərpənmədi. O cümlədən Ulu Öndər o leysanda axıra qədər Zeynəb xanımı dinlədi və Zeynəb xanım da axıra qədər oxudu. Sonra mahnı bayramı bitdi, qonaqlar tədbiri İsa bulağında davam etdirməli idilər. Yağışdan islanan qonaqların bəziləri şəhərdə qaldı, Ulu Öndər də qonaq evinə gəldi. Mən də qonaq evində idim. İsa bulağına gedən qonaqlar qonaq evinə qayıdanda Ulu Öndər leysan yağışının altında tədbirin necə keçməsi ilə maraqlandı. Dedilər ki, güclü leysan İsa bulağında qurulan məclisdə masanın birini yuyub-aparıb. Ulu Öndər bu hadisəyə görə çox narahat olmuşdu… Həmin zamanlar Ulu Öndərin Şuşada keçirilən tədbirlərə necə böyük əhəmiyyət və diqqətlə yanaşdığını müşahidə etmişdim. Təbii ki, üzərindən illər keçib. Dövlətimiz, torpaqlarımız yağı düşmən işğalından azad ediləndən sonra, Şuşada keçirilən “Xarıbülbül” Festivalları o zamanlar bünövrəsi qoyulan milli-mədəni irsin üzərindəki inkişafın yol xəritəsini təhlil etmək imkanı yaradır…

 

– Azərbaycanda “Xarıbülbül” Festivalı, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilin açılış mərasimi ilə illərsonra dünyaya hansı mesajlarını verdi?

 

– Prezidentin Şuşadakı çıxışı həmişə olduğu kimi maraqlı və mesaj yükü böyük olan çıxış idi.. Budəfəki çıxış həm də tarixi idi. Prezident beynəlxalq aləmə çox önəmli mesajlar verdi. Mən fəxr edirəm ki, müdrik Prezidentimiz var və həmişə öz ağlı, kamalı ilə beynəlxalq miqyasda seçilib. Festivalda qarşılaşdığımız yeni mənzərə və Prezidentin çıxışı məndə o əminliyi yaratdı ki, bundan sonra da Şuşanın mədəniyyəti daha etibarlı qorunacaq, inkişaf edəcək.

İllərəvvəl Ulu Öndər demişdi ki, vaxt gələcək, Azərbaycan bir Günəş kimi parlayacaqdır. Mən deyərdim ki, həmin gün gəlib və Şuşa yenə də öz mədəniyyəti ilə dünyada bir Günəş kimi parlayır.  Əminəm ki, Heydər Əliyev Fondunun gördüyü layiqli işlər tezliklə Şuşanın bərpa edilib başa çatdırılmasına öz layiqli töhfələrini verəcək. Şuşada aparılan mədəni quruculuq və abadlıq işlərini bir şuşalı, mədəniyyət xadimi kimi ürəkdən bəyənirəm. Görülən  işlər təqdirə layiqdir.

 

– Şuşanın yenidən qurulmasında, bərpa prosesində sizi qane edən əsas məqam nədir və hansı yeni layihələr işlənməkdədir?

 

– Şuşa köhnə mədəni ruhu, irsi gözlənilmək şərtilə, müasirləşir və daha da gözəlləşir. Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa məscidləri çox gözəldir.  Heydər Əliyev Fondu və onun rəhbəri, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın başçılığı ilə məscidlər təmir olunub. Bilirsiniz ki, Şuşanın 17 məhəlləsi var və hər məhəllənin özünün məscidi olub. O məscidlərdən 3-ü - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri minarəli olub. Qalan digər məscidlərdə isə minarələr yox, gül dəstələri var idi. O vaxt bu məscidləri məşhur memar Kərbalayi Səfixan Qarabaği inşa etmişdi. Səfixan Qarabaği 120 yaşına qədər Şuşada yaşayıb-yaradıb. Onun çox gözəl işləri olub. O cümlədən Ağdamdakı Cümə məscidini, Bərdədə məscid onun memarlığı ilə inşa edilmişdir. Çox gözəl dünyamiqyaslı memarlıq abidələridir. Tezliklə Pənahəli xanın sarayında da təmir işləri başlayacaq. Layihə də hazırdır.

Üzeyir Hacıbəyovun ev-muzeyində tamamlama işləri gedir. Hamayil məscidinin təmiri başa çatıb. Məhəllə  bulaqlarının çoxu təmir olunub. Düşünürəm, tezliklə muzeylərin Şuşaya köçürülməsi həyata keçirilməlidir. Xalça Muzeyi, Rəsm Qalereyası, Qarabağ Dövlət Tarixi Muzeyi və Şuşa Tarixi Muzeyinin köçürülməsini tezləşdirmək zəruridir.  Bu muzeylər tez bir zamanda bərpa edilib, turistlərin istifadəsinə verilməlidir. Təklif edərdim, Şuşa Tarix Muzeyi Pənahəli xanın sarayında təşkil olunsun. Saraya gələn qonaqlar, eyni zamanda, Şuşanın tarixi nümunələri ilə tanış olmaq imkanı qazana bilər...

Bununla yanaşı, Türksoy və digər beynəlxalq təşkilatlar son illər Şuşa mədəniyyəti ilə bağlı çox qərarlar qəbul ediblər. Bu yaxınlarda “İslam dünyasının mədəniyyət paytaxtı” tədbiri ilə bağlı Şuşada növbəti işlər olacaq. Orada Şuşanın tarixi abidələri ilə bağlı böyük sərgilərin keçirilməsi gözlənilir. Eyni  zamanda, musiqi proqramları da olacaq. Bizə məlumdur ki, Təhsil Nazirliyinin xətti ilə şagirdlər iyun ayının 1-də yenə “İslam dünyasının mədəniyyət paytaxtı”na həsr olunmuş tədbirə hazırlaşırlar. Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Əminə xanım Musayeva bu böyük tədbirə hazırlaşdıqlarını bildirib.

Təbii ki, Şuşada belə tədbirlərin keçirilməsi müsbət haldır və bu, bizi sevindirir. Eyni zamanda, quruculuq işləri də davam edir. Bütün bu işlər Şuşanın getdikcə təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət incisinə çevriləcəyini göstərir. Şuşanın gözəlləşməsi, inkişafı bütün şuşalıların xoşbəxt, gözəl yaşamı və sevincidir.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI