"Seçicinin gözündə hər bir deputat ayrı-ayrılıqda nazirdir"

15:54 23-05-2024 | icon 204 | Siyasət
"Seçicinin gözündə hər bir deputat ayrı-ayrılıqda nazirdir"

Razi Nurullayev: "Hazırda parlamentdə müxalifət təmsilçiləri çox azdır"

 

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev TNS-ə müsahibə verib.

 

Versus.Az müsahibəni təqdim edir:

 

– Razi bəy, qarşıdan parlament seçkiləri gəlir. Qanunvericiliyə əsasən, noyabrda keçiriləcək seçkilərin vaxtının dəyişməsi istisna olunmur. Partiyanız seçkilərə necə hazırlaşır?

 

– Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də öz namizədləri ilə birlikdə iştirak edəcək. Namizədlərin siyahısı artıq tamamlanmaq üzrədir və biz daha çox dairədə təmsil olunmağa çalışacağıq. Mən də həmin siyahıdayam, hazırkı seçki dairəmdən – İmişli rayonundan namizədliyimi irəli sürəcəyəm.

 

– Bu dəfə seçkilərlə bağlı ehtimalınız nədir? Sizin və partiyanın digər namizədlərinin deputat seçilmək şansı nə qədərdir?

 

– Milli Cəbhə Partiyası prezident seçkilərində də iştirak etdiyi üçün düşünürəm ki, ideyalarımızı, məqsədimizi ölkə vətəndaşlarına çatdıra bildik. Bu illər ərzində həm partiyanı, həm də üzvlərimizi cəmiyyətə tanıda bilmişik. Bu baxımdan da mənimlə bərabər, digər üzvlərimizin də səs toplayacağına inanıram.

 

– Seçkilərdə qalib gələcəyiniz təqdirdə fəaliyyətinizdə hansısa dəyişiklik və ya dönüş olacaqmı? Yaxud da gələcək fəaliyyətinizlə bağlı yeni plan hazırlayacaqsınız?

 

– 4 il yarımlıq fəaliyyətim zamanı ən fəal deputatlardan biri oldum. Medianın bununla bağlı dərc etdiyi siyahıda mən də varam. Demək olar ki, hər günümü nəinki seçicilərimə həsr etdim, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn şikayətlərin araşdırılması istiqamətində də işlər gördüm. Daim əhalinin arasında oldum, onların problemləri ilə maraqlandım, gücüm çatanları həll etdim, çatmayanlarla bağlı isə aidiyyəti dövlət orqanlarına müraciət etdim. Buna görə də “yenidən seçkilərdə qalib gələrsəm, bu işləri həyata keçirəcəyəm”, – kimi düşüncəm yoxdur. Əvvəllər olduğu kimi, bundan sonra da eyni qaydada mənə etimad göstərən insanlarımızın yanında olacağam və onların səsini lazımi yerlərə çatdıracağam.

 

– Yeni parlament seçkiləri ilə əlaqədar ölkədə siyasi aktivlik müşahidə olunur. Bunu necə dəyərləndirirsiniz? Hazırkı vəziyyət nə qədər qaneedicidir?

 

– Hazırkı vəziyyət məni qane edir. Nəinki Azərbaycanda, bütün ölkələrdə seçki fəallığı və siyasi aktivlik artır. Ölkəmizdə də bu vəziyyət gözləniləndir. Desəm ki, ifrat dərəcədə fəallıq var, yanılaram. O qədər  ciddi aktivlik olmasa da, qaneedicidir. Parlament seçkiləri həmişə müstəsnalığı ilə seçilib. Ona görə ki, bütün ölkə əhalisi iştirak edir, hər bir kəndin və qəsəbənin dəstəklədiyi bir namizəd olur. Milli Məclisə 125 nəfər seçilsə də, 2 mindən çox şəxs namizəd kimi qeydiyyatdan keçir. Onların da ətrafında olan minlərlə insan aktivlik nümayiş etdirir. Bu baxımdan aktivlik var, həm partiyalar, həm də ayrı-ayrı şəxslər fərdi şəkildə fəaliyyət göstərir və bu, günü-gündən daha da artacaq. Konstitusiyaya əsasən, seçkinin noyabrın 3-də keçirilməsi nəzərdə tutulsa da, COP29 tədbiri ilə bağlı önə çəkilmə ehtimalı çox yüksəkdir. Bu gün hər kəs anlayır ki, seçki hər an keçirilə bilər. Buna görə hamı ciddi şəkildə hazırlıq görür.

 

– Bəs seçkidən sonra formalaşacaq yeni parlamentlə bağlı gözləntiləriniz nədir? Əvvəlkilərdən nə ilə fərqlənəcək? Bir də deputatların yaş senzi məsələsi ortaya çıxıb. Bu istiqamətdə nələr olacaq?

 

– Hazırkı Milli Məclis öz missiyasını və fəaliyyətini uğurla həyata keçirir. Çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bütün platformalarda iştirak etdi və beynəlxalq təşkilatlarla sıx əlaqədə oldu. Son seçkidə seçilən deputatlar arasında fəallığı ilə seçilənlərin sayı kifayət qədərdir. Bütün deputatlar öz vəzifələrini yerinə yetirməyə çalışır. Amma ayrı-ayrı məsələlərlə bağlı deputatlar tənqid olunur. Hesab edirəm ki, tənqidlərin çoxu hansısa yerlərdən qaynaqlanır. Bir sözlə, hazırkı Milli Məclis üzərinə düşəni edir. Təbii ki, yeni deputatlar seçiləcək, yeni nəfəs gələcək və sair. Sonrakı dövrdə nələrsə dəyişəcək, yaxud nələrsə daha yaxşı olacaq, bu barədə nəsə demək hələ tezdir. Hazırkı deputatların hər biri mənim kimi “görəsən, nə dəyişəcək?” – deyə düşünə bilər. Qanunlar Milli Məclisə daxil olur, müzakirələr aparılır və sonda səsverməyə çıxarılır. Parlament dəyişən mexanizm deyil, əksinə qanunları müzakirə edir və dəyişir. Amma vətəndaşların deputatlardan gözləntiləri çoxdur. Onlar bilmək istəyirlər ki, görəsən, deputatlar hansı problemləri həll edə bilər. Deputatlığım müddətində mənə yalnız iki dəfə səlahiyyətlərimə uyğun müraciət daxil olub. Qalanları isə səlahiyyətlərimlə bağlı olmayan məsələləri əks etdirib. Deputat qanunvericiliklə məşğul olmalıdır, amma onlara əvvəldən başqa cür yanaşıblar. Yəni, “o bizə kömək edə, sosial yardım verə, işə düzəldə bilər” və sair kimi. Hamının gözündə hər bir deputat ayrı-ayrılıqda əmək və əhalinin sosial müdafiəsi naziridir, məhkəmədir, hüquq-mühafizə orqanlarıdır, yaxud icra hakimiyyəti başçısıdır.

Əslində isə belə deyil. Deputat şikayətləri qəbul edir, aidiyyəti üzrə yönləndirir. Bu baxımdan onlardan gözlənti və onların həll edəcəyi məsələlər arasında ciddi uçurum var. Bu səbəbdən çox halda insanlar deputatlardan narazı qalır. Vaxtilə namizəd olsa da, seçilə bilməyən bəzi şəxslər, eləcə də bəzi siyasi dairələr isə bu məsələni daha da qabardır və sönməkdə olan ocağın üstünə odun qoyurlar. İstərdim ki, onlardan bir neçəsi seçilsin. Gəlsinlər, görək onlar bu kimi məsələləri necə həll edəcəklər? Yaxud da həll etdiyimiz problemlərin neçə faizini həll etməyə qabiliyyətləri çatır? Milli Məclisin səlahiyyətləri, eləcə də təmsil olunacaq siyasi qüvvələrin sayının çoxluğu ilə bağlı müzakirələr aparıla bilər. Hazırda parlamentdə müxalifət təmsilçiləri çox azdır. Qanunların müzakirəsi və qəbulu zamanı hamımız bir araya gələrək əleyhinə səs versək də, azlıqda qalırıq. Bu da vətəndaşlarda narazılığa səbəb olur.

 

– Ötən il “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edildikdən sonra sizin partiya da 5 min nəfər üzvün siyahısını təqdim etdi və dövlət qeydiyyatına alındı. Ötən dövrdə üzvləriniizin sayında artım olubmu?

 

– Qeydiyyatdan keçdikdən sonra bu günə qədər partiya üzvlərinin sayında kütləvi deyil, müəyyən qədər artım var. Bizim düşüncəmiz belədir ki, partiyanın kütləvi üzvlər qəbul etmək missiyası keçmişdə qalıb. Bu, sadəcə mexaniki bir məsələdir. Partiyanın düzgün bir missiyası və güclü kadrları olmalıdır ki, bəzi vacib məqamlarda ortaya iş qoya bilsin. Partiyaya 100 min nəfərin də qoşulması mümkündür. Amma onlar passiv fəaliyyət göstərə, hətta partiyanın adını da unuda bilərlər. Çoxluq o demək deyil ki, həmişə onlarla birlikdə nümayişə çıxmaq və ya tədbirlər keçirmək lazımdır. Bu gün partiyaların maliyyə imkanları da çox məhdud olduğu üçün heç biri kütləvi üzvlərin cəlb edilməsində maraqlı deyil.

 

– Siz deyirsiniz ki, güclü kadrlara ehtiyac var. Bəs Milli Cəbhə Partiyasında belə insanlar varmı ki, ölkənin siyasi həyatında aktiv olsunlar? Yaxud da insanları sizin partiyanın arxasınca aparsınlar?

 

– Partiyadakı müavinlərim və idarə heyətinin üzvlərinin bir neçəsi hər gün mediada çıxış edir, sosial şəbəkələrdə fəallıq nümayiş etdirir, hətta telekanallarda müxtəlif məsələlərlə bağlı müsahibələr verirlər. Bir sözlə, ölkənin siyasi cameəsində tanınırlar.

 

– Fevral ayında keçirilən prezident seçkilərində 40 minə yaxın səs topladınız. Həmin şəxslərin partiyaya cəlb olunması üçün hansısa işlər görürsünüz?

 

– Biz bu sahədə heç bir iş aparmırıq və buna lüzum da yoxdur. Ona görə ki, doğru yanaşma olmayacaq. Onların arasında elələri var ki, heç bir partiyaya qoşulmaq istəmir, siyasi mühitdə fərdi seçici kimi iştirak edir. Hansısa lider seçkidə 1 milyon səs toplayırsa, bu, o demək deyil ki, partiyasının bir o qədər də üzvü var. Elə partiya var ki, 30 min üzv var, amma seçkidə bundan bir neçə dəfə artıq səs toplayır. Seçki vaxtı səs toplamaq kampaniyasında iştirak edənlərin də partiyaya cəlb olunması üçün ilk növbədə ciddi maliyyə resursları lazımdır. Əgər onlar Milli Cəbhə Partiyasını seçmək istəsələr, sərbəst şəkildə müraciət edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN