Verilən möhlət BİTDİ

06:46 03-06-2024 | icon 154 | Cəmiyyət
Verilən möhlət BİTDİ

Azərbaycan yeni dönəmə qədəm qoyub. Bu, demək olar, bütün sahələrə aiddir: müharibədən, diplomatiyaya, iqtisadiyyatdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə kimi bir çox sahələrdə ciddi hazırlıqlar aparılır.

 

Bu il ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Cari ilin noyabr ayında baş tutacaq bu nüfuzlu beynəlxalq tədbirə daha yaxşı ev sahibliyi etmək üçün Azərbaycan var gücü ilə çalışır. COP29 miqyasına, əhəmiyyətinə, geopolitik sanbalına görə indiyədək ölkəmizdə reallaşdırılmış bütün tədbirlərdən qat-qat fərqlənir. 15 gündən çox davam edəcək tədbirdə dünyanın onlarla ölkəsindən 80 min qonağın iştirakı planlaşdırılır. Tədbirə dövlət, hökumət başçılarının qatılacağı gözlənir. Eləcə də yaxın-uzaq ölkələrdən nazirlər, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, dünyaca məşhur isimlər, QHT rəhbərləri, media təmsilçiləri iştirak edəcək. COP29 iqlim tədbiri olsa da, əslində, geopolitik iqlimin müəyyənləşməsində ciddi rola malikdir.

 

Bu, Azərbaycan üçün bir testdir. Müharibədən yeni çıxmış, suverenliyini bərpa etmiş, ərazisindəki separatizm ocaqlarını söndürmüş, işğala son qoymuş Azərbaycanın bu tədbiri keçirməsi ikiqat həssaslıqla izlənəcək.

 

Bu, əslində, postmüharibə dövründə Prezident İlham Əliyevin Azərbaycanı dünyaya yenidən təqdimatı, tanıtması demək olacaq. Paralel olaraq həm də Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycanın belə bir məsuliyyətin altına girməsi müzakirə mövzusudur. Bu səbəbdən də hər şeyin qüsursuz olması üçün ən ciddi detallar belə gözdən keçirilir.

 

Düzdür, bəzi beynəlxalq güclər bu istiqamətdə pozucu fəaliyyətlər göstərməyə çalışırlar. Bu da hardasa təbiidir. Azərbaycan qarşısına çıxan bütün növ maneələri böyük ustalıqla, təmkinlə, peşəkarlıq dəf edərək bu mərhələyə gəlib çatıb. Amma o pozucu fəaliyyət geniş planda ölkəmizin yolunda əngəl ola bilməyəcək.

 

Paraleldə Ermənistanla sülh prosesi aparılır. Bir güllə atılmadan Qazaxın 4 kəndi işğaldan azad edildi. Yerdə qalan 3+1 anklav kəndin də qaytarılacağına ciddi ümidlər var.

 

Delimitasiya, demarkasiya işləri də mükəmməl şəkildə davam etdirilir. Artıq Bakı ilə İrəvan arasında xəritələrin razılaşdırılması prosesi, demək olar, başa çatıb. Hər iki ölkə qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü tanıyıb. Əsas razılıq isə 1991-ci ildə Almatı protokoluna uyğun aparılır. Düzdür, Bakının bəzi düzəlişləri, əlavələri, tələbləri var. İnanırıq, bunlar da qısa zamanda öz həllini tapacaq.

 

Əsas hədəflərdən biri isə budur ki, COP29-a kimi sülh sazişi imzalansın. Heç olmaya çərçivə sazişi əldə edilsin. Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin noyabr ayında Bakıya səfəri haqda danışılır, yazılır. Onun COP29-da qonaq qismində ölkəmizə gələcəyi istisna edilmir.

 

Amma bütün bunlarla yanaşı Azərbaycanı daha bir ciddi siyasi hadisə gözləyir. Bu, Milli Məclisə seçkilərdir. Konstitusiyanın tələbinə görə, Azərbaycanda növbəti parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsi reallaşdırılmalıdır. COP29-a görə seçkilərin daha tez keçiriləcəyi deyilir. Artıq bu barədə MSK sədri Məzahir Pənahov mediaya açıqlama verib. O, seçkilərin bir neçə ay tez keçirilə biləcəyini istisna etməyib.

 

Gedən proseslər, aparılan hazırlıqlar da bu yöndə qənaətləri möhkəmləndirir. Hazırda cəmiyyətdə mövzuya həssaslıq o qədər yüksəkdir ki, istənilən davranış, bəyanat, fəaliyyət “deyəsən, seçkilərə hazırlıq gedir” fikrini möhkəmləndirir. Siyasi sferada bəzi proseslər də seçki mövzusunun aktuallığını artırıb.

 

May ayının 16-da siyasi partiya rəhbərləri ilə dövlət qurumlarının görüşü növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu formatda toplantı mediada, sosial şəbəkələrdə daha çox seçki dövrünə hazırlıq kimi təqdim olundu.

 

Burada diqqətçəkən bir başqa məqam da var. Dövlət qurumlarında çalışanlara məzuniyyətlərini may ayında yekunlaşdırmaq haqda tapşırığın olduğu deyilir. Artıq rayon və şəhər icra hakimiyyəti başçılarının böyük əksəriyyətinin məzuniyyət haqlarından yararlandığı deyilir. İH başçılarının məzuniyyəti başa vurub bu gündən iş başına döndükləri bildirilir.

 

Ötən yazılarımızda da bildirmişdik ki, icra hakimiyyətlərinə tabe olan dövlət strukturlarına da məzuniyyətlə bağlı tapşırıq gəlib. Bildirilib ki, məzuniyyətə çıxmaq müəyyən dövrə kimi arzuedilən sayılmır. Bunun daha çox seçkilərlə bağlı olduğu iddiaları var. O da deyilir ki, Milli Məclisə seçkilər ən gec sentyabr ayının ilk həftəsinə təyin edilə bilər.

 

Yaxın aylarda Azərbaycanda ictimai-siyasi gündəm həddən artıq gərgin və maraqlı olacaq. Bura seçkilər, beynəlxalq tədbirlər, sülh prosesi, işğalda qalmış digər ərazilərin qaytarılması daxildir. Ona görə də dövlət orqanlarının belə vacib proseslərə maksimum dərəcədə hazırlıqlı olması təbiidir.

 

Ölkəmiz və millətimiz adına xeyir-uğurlu olsun.

 

Azər Ayxan

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN