Erməni separatçıları yenə “status”, “müstəqillik” deyirsə...
"Top Ermənistan tərəfdədir və onları düşdükləri vəziyyətdən sülh qurtara bilər"
Brüssel görüşündən sonra Paşinyanın parlamentin iclasındakı çıxışı Ermənistanın sülhə doğru kövrək addımlar atdığını göstərsə də, Qarabağdakı separatçıları qıcıqlandırıb. Ermənistandan 17 deputatın Laçın dəhlizindən Qarabağın “müstəqilliyinə” dəstək adı ilə ərazilərimizə gəlmək istəməsi də erməni aqressiyasının çoxaldığını göstərir. Ermənistanın revanşist qüvvələri öz məkirli niyyətlərindən əl çəkmək istəmədiklərini hər vasitə ilə nümayiş etdirirlər.
Qarabağda qalan separatçıların başçısı, cinayətkar Araik Arutunyan utanmadan “artsax”ı Abxaziya və Cənubi Osetiya ilə, Donbasla səhv salanları növbəti darmadağın və daha ağır bədəl gözləyir... deyə sərsəmləyib. Görünən odur ki, Nikol Paşinyan parlamentin iclasında “beynəlxalq ictimaiyyət İrəvana Qarabağın statusu məsələsində “blankı” bir az aşağı salmağı təklif edir, əks halda, onun köməyinə heç bir ümid bəslənməməlidir”, həmçinin “beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə kimi Ermənistanın bununla həm özünə, həm də Qarabağa böyük təhlükə yaradığı barədə xəbərdarlıq edib” fikirləri separatçı rejimi daha da aktivləşdirib.
İrəvan ölkəmizə qarşı ərazi iddiasında olmadığını bəyan etsə də, yenə Qarabağda qalan erməniləri üçün hansısa “status”, “təhlükəsizlik” şərti irəli sürür, zəmanət tələb edir. Cinayətkar Araik Arutyunyan “parlament” qüvvələrinin iştirakı ilə keçirdiyi iclasda deyib ki, de-yure ”artsax"ın tanınmasına can atmaqla de-fakto müstəqilliklərinə davam etməlidirlər. Separatçılar Ermənistanla birləşmə, yaxud da Rusiya ilə birbaşa münasibətlərdən danışıqblar. Araik Arutyunyan Rusiya “sülhməramlı” qüvvələrinin Qarabağa həmişəlik gəldiyini də iddia edib.
Separatçı “Artsax” hakimiyyəti xalqların öz müqəddəratını təyinetmə hüququ çərçivəsində mübarizəni davam etdirəcək. Həmçinin Rusiya sülhməramlılarının iştirakına paralel olaraq, hökumət öz təhlükəsizlik mexanizmlərinin effektivliyini artırmaq üçün fəaliyyətini davam etdirəcək”, - deyə Araik sarsaqlayıb.
Separatçıların bu davranışları onların nəyə ümid bəslədiklərini və hansı gözləntilərinin olduğunu göstərir və Azərbayacanın öz ərazilərində suverenliyin bərpası istiqamətində hansı addımları atmasına zəmin yaradır?
“Proseslər Qarabağ separatçılarının tərksilah olunmasına doğru gedir”
Versus.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu qeyd olunan mövcud vəziyyəti erməni separatçılarının növbəti təxribatları ilə əlaqələndirib. O, bildirib ki, Paşinyanın son açıqlamaları separatçıların xoşuna gəlməyib.
“Çünki Paşinyan parlamentin iclasında açıq şəkildə dedi ki, Qarabağ müstəqil ola bilməz və Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcburdur. Yəni reallığı anladı”.
E.Şahinoğlu bildirib ki, separatçılar öz düşüncələrinə görə bu prosesə mane olmağa çalışır, erməni lobbisini, Moskvanı onlara dəstək olmağa çağırırlar
“Ona görə də təxribatçı müşavirələr keçirdir, Rusiyaya yaltaqlanıb, ona birləşmək istədiklərini deyirlər. Bu yolla başa düşürlər ki, Ermənistana dəstəkdən məhrum olublar. Separatçılar saman çöpü kimi Rusiyadan yapışırlar. İstəyirlər ki, Rusiya Azərbaycana özünün suverenliyini bütün ərazilərində bərpa etməsinə imkan verməsin . Amma separatçıların bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Proseslər Qarabağ separatçılarının tərksilah olunmasına doğru gedir və Qarabağın hər guşəsində Azərbaycan qanunları işləyəcək”.
“Rusiya bu prosesə maniə ola bilərmi” – deyə, politoloq əsas sualın bu olduğunu önə çəkib. Onun sözlərinə görə, əgər Rusiya Azərbaycanı dost və müttəfiq adlandırırsa, Azərbaycanla 43 maddəlik bəyanatı imzalayıbsa, üstəlik Ukraynada işğalçı müharibə aparırsa belə bir vəziyyətdə münasibətləri gərginləşdirməməlidir. Azərbaycan artıq Laçın dəhlizi üzərində də nəzarəti gücləndirməlidir. Azərbaycanın üstünlükləri göz qabağındadır və tədricən Qarabağ üzərindəki hakimiyyətini bərpa edəcək”.
“Separatçı rejimin yenidən bu cür möqe sərgiləməsi faktiki olaraq danışıqlar prossesini pozmağa yönəlib”
Politoloq Rəşad Bayramov qeyd edib ki, Araik eyni məzmunlu bəyanatlarla ilk dəfə deyil ki, çıxış edir. Onun sözlərinə görə, indiki mərhələdə, yəni Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaqla bağlı razılığa gəldikləri və birgə Sərhəd Komissiyasının bu ayın sonuna qədər öz işinə başlamalı olduğu bir vaxtda separatçı rejimin yenidən bu cür möqe sərgiləməsi faktiki olaraq danışıqlar prossesini pozmağa yönəlib.
“Araik Arutunyan bundan əvvəl də dəfələrlə “müstəqilliyin” tanınması üçün mübarizə aparacaqlarını və ya Ermənistana birləşəcəkləri ilə bağlı açıqlamalar verib, eyni zamanda Rus “sülhməramlılarının” bölgədə davamlı olaraq qalmasının vacibliyini vurğulayıb”.
R.Bayramov separatçıların bu cür təxribatlarla çıxış etməsi təsadüfi deyil və müxtəlif səbəbləri va.
“Birinci səbəb ondan ibarətdir ki, separatçılar Rusiyanın dəstəyini qazanıb hələ bir müddət də öz mövcudluqarını qorumaq və geosiyasi situasiyanın xeyirlərinə dəyişə biləcəyi dövrə qədər vaxt udmağa çalışır. Bu ssenariyə görə Araik özünü, Qərbin, daha konkret desək Avropa İttifaqının vasitəçiliyi ilə Paşinyanın apardığı danışıqlarda əldə edilən razılşamaları qəbul etməyən tərəf kimi göstərir və Rusiyaya “biz səninləyik” mesajını verir. Əvəzində Rusiyadan hər cür dəstək alaraq sülh danışıqlarını olmaza sürükləyir.
Digər bir ssenariyə görə isə separatçı rejim öz iddialarından əl çəkmir, sülh razılaşması və sərhədlərin müəyyənləşdirilmsi ilə bağlı öhdəlik götürən Paşinyan isə bundan istifadə edərək “mən sülh istəyirəm, amma Qarabağ erməniləri “təhlükəsizlik təminatları yoxdur deyə buna qarşıdırlar”- deyib təzyiqlərdən yaxasını kənara çəkir və prossesi yenə olmaza sürükləyir.
Ayın 13-də Paşinyanın açıqlamaları da ikili oyunun getdyindən xəbər verir. Paşinyan çıxışında deyir:
“Mən Qarabağı təhvil versəydim, ola bilsin, minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum. Mən bunları keçmiş haqqında söz açmaq üçün deyil, gələcək haqqında söz açmaq üçün deyirəm. Çünki məzmunca bu gün də vəziyyət eynidir və mən eyni səhvləri təkrar etmək istəmirəm". Ardınca isə Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmadığını, Qarabağ məsələsinin isə ərazi deyil, hüquqi məsələ olduğunu bildirir. Bu bəyanatdan sonra ilk baxışdan elə təəssürat yaranır ki, Paşinyan artıq hər şeylə razılaşıb, status məsələsindən imtina edib və bir daha müharibə olmasını istəmir, başqa sözlə üzərinə götürdüyü öhdəlikləri də icra etməyə hazırdır. Amma bunun ardınca “biz əvvəllər Qarabağın statusunu təməl prinsip olaraq qoyurduq və bundan da təhlükəsizlik və haqlar məsələsi gendəmə gəlirdi, İndi isə təmələ təhlükəsizlik və haqlar qarantiyaları qoyuruq və buradan da status məsələsi gündəmə gəlir”- deyərək faktiki olaraq dəyişən bir şey olmadığını və Ermənistanın ikili oynamaqda davam etdiyini sübut etmiş olur”.
Politoloq bəyan edib ki, istər Paşinyanın, istərsə də Araikin nə deməsindən asılı olmayaraq reallıq ondan ibarətdir ki, Ermənistan dalana dirənib və bu cür fərqli bəyanatlarla prosesi uzun müddət uzatmaq iqtidarında deyil:
“Azərbaycanın Fərrux yüksəkliyi ilə bağlı və daha sonra Ağdərə istiqamətində apardığı əməliyyatlar da onu deməyə əsas verir ki, Azərbaycan da artıq gözləmək fikrində deyil və separatçı rejimin Rusiyanın arxasında gizlənməsi də bizi dayandıra bilməyəcək. Əgər aprelin sonuna qədər müvafiq Sərhəd Komissiyası öz işinə başlamayacaqsa, komunikasiya dəhlizinin açılması ilə bağlı konkret fəaliyyət olmayacaqsa bu Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması kimi qəbul olunacaq və bütün dünya da görəcək ki, Ermənistan təkcə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikərdən deyil, həm də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə götürdüyü öhdəliklərdən qaçır. Ermənistanın öhdəliklərdən qaçması isə Azərbaycana ilk olaraq Laçın dəhlizinin tamamilə bağlanması, ardınca isə bütün dünya tərəfindən tanınmış sərhədlər çərçivəsində öz sərhədi boyunca möhkəmlənməsinə imkanlar açır. Başqa sözlə, top Ermənistan tərəfdədir və onları düşdükləri vəziyyətdən ancaq Azərbaycanla sülh qurtara bilər.
“Qarabağ məsələsi”nin gündəlikdən çıxarılmasında bizi ümidləndirən əsas amil...”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Versus.az-a bildirib ki, Paşinyanın 13 aprel 2022-ci il tarixli bəyanatı ermənilərdən çox bizi hiddətləndirməli və düşündürməlidir. Çünki Paşinyan “beynəlxalq birlik”-deyəndə Minsk qrupuna daxil olan -ABŞ, Fransa, Almaniya, Rusiya kimi ölkələri nəzərdə tutur”.
“Paşinyan söyləyib ki, “beynəlxalq birlik Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı və Dağlıq Qarabağın statusu ilə bağlı plankanı endirməyi gözləyir. Əks halda bizə ümid etməyin-deyir: “Ona görə yox ki, istəmirik. Ona görə ki, kömək edə bilməyəcəyik”
Ermənistan liderinin beynəlxalq birliyin bu tələbini qəbul etmək istəyini ermənilər hiddət və qəzəblə qarşılayıblar. Çünki, “plankanın endirilməsi”-dedikdə, ““müstəqillik xəyalları”ndan imtina olunmasının və Azərbaycan tərkibində yaşamağa hazırlaşmağın”-nəzərdə tutulduğunu anlayırlar”.
A.Səmədov qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir dəfə MDB-yə daxil olarkən tanıyıb və hazırlanan “sülh sazişini” imzalamaqla ikinci dəfə də tanıyacağı heç kimdə şübhə doğurmur.
“Yaxud, beynəlxalq birlik Qarabağla bağlı “plankanı” hara qədər endirmək istəyir və bu “endirmə əməliyyatını” necə təsəvvür edir?
Bu barədə bizə məlum olan odur ki, ötən ilin fevralında ABŞ Müdafiə nazirliyinin kollecində keçirilən müzakirələrdən sonra son dərəcə təhlükəli-“Azərbaycan üçün Deyton sazişi”-təklifi ortaya çıxmışdı. Bu təqribən, 1998-ci ilin noyabrında təklif olunan “ümumi dövlət” variantının yenidən ortaya atılmasıdır və bizimçün qətiyyən qəbul olunmazdır. Fransa rəsmiləri “status” barədə dəfələrlə danışsalar da, konkret olaraq nəyi nəzərdə tutduqlarını heç vaxt bəyan etməyiblər. Ancaq İkinci Qarabağ müharibəsinin gedişində parlamentin -“Qarabağın müstəqilliyinin tanınması”- təklifini qəbul edə bilməyən Fransanın ABŞ-la eyni mövqedən çıxış etməsi də heç kimdə şübhə doğurmur.
O ki qaldı Rusiyaya, 17 noyabr 2020-ci il tarixdə, yəni, müharibədən dərhal sonra Putin status barədə danışarkən-“bu məsələ gələcəkdə həll oluna bilər”-dedi və gələcəyi xeyli uzadaraq məsuliyyəti hətta “özündən sonrakıların” üstünə atdı. Həmin bəyanatdan sonra bir daha bu mövzuya qayıtmadı və bu səbəbdən Rusiyanın mövqeyini müəyyənləşdirmək çətindir.
Rusiyanın bu məsələdə tutduğu mövqe Paşinyanı ciddi şəkildə narahat edir. Ötən ilin noyabrında Soçi görüşü zamanı onun Rusiyanın vasitəçiliyi barədə Azərbaycan prezidentinin təklifinə qarşı çıxması və “vasitəçi Minsk qrupu olmalıdır”-deməsi də bu narahatçılıqla əlaqədardır”.
A.Səmədov bildirib ki, “Qarabağ məsələsi”nin tamamilə gündəlikdən çıxarılmasında bizi ümidləndirən əsas amil Azərbaycan prezidentinin- “münaqişənin bitdiyi və heç bir statusun olmayacağı” barədə 10 noyabr 2020-ci il və “Qarabağ münaqişəsinə münasibətdə Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı yoxdur”- fikrinin səsləndirildiyi 22 iyul 2021-ci il tarixli bəyanatlarıdır.
““Minsk qrupu”nun sıradan çıxmasından və Avropa İttifaqından fərqli olaraq Rusiyanın xüsusi nümayəndə təyin etməsindən sonra bu bəyanatlar bizim ümidlərimizi daha da artırır. Hiss olunur ki, Rusiya Avropa İttifaqını bu məsələyə yaxın buraxmaq istəmir və Türkiyə ilə birlikdə “sülh sazişi”nin imzalanmasına, “Qarabağ məsələsi”nin gündəlikdən çıxarılmasına nail olmaq istəyir.
T.Qafarlı
Versus.az
Xəbər lenti
Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI
"Ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib"