ABŞ və Fransanın Şuşa ilə bağlı qaranlıq mövqeyi - ETİRAZ
"Başa düşmək istəmirlər ki, bölgədə status-kvo tamamilə dəyişib..."
Xəbər verildiyi kimi, avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Lakin ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Niyə? Paris və Vaşintonun bununla verdiyi mesajlar nədir? Əsl məqsədləri nədir və nəyə nail olmağa çalışırlar?
Versus.az xəbər verir ki, politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-Fransa səfirlərinin Şuşaya səfərdən imtina etmsinin arxasında pis niyyətlər dayanır.
Onun sözlərinə görə, bu niyyətlərin önündə Qarabağın “statusu” məsələsi əsas hədəflərdən biri kimi seçilib:
“Özünün dırnaqarası missiyasını başa çatdırmış ATƏT-in Minsk Qrupunun dirçəldilməsi də önəmli yer tutur. Üstəlik, bu dövlətlər heç cür başa düşmək istəmirlər ki, bölgədə status-kvo tamamilə dəyişib, yeni siyasi konfiqurasiya formalaşıb. Bu konfiqurasiya nə bölgəyə ATƏT-in Minsk Qrupunui, nə də Qarabağda qalmış bir ovuc erməni üçün hansısa statusun verilməsi məsələlərini gündəmə gətirə bilməz. Vaxtilə 20 min əhalinin yaşadığı ərazidə indi çox az sayda erməni yaşayır. Onlar da hər hansı müstəqillik, hər hansı bir status məsələsində ciddi arqument sayıla bilməz. Bu mənada ABŞ səfirliyi nə qədər israrla söyəsə də ki, Qarabağ məsələsinin həlllini hamıdan çox istəyir, yalandır. Əsində isə onlar öz məkirli niyyətləri ilə nizamlama prosesində son nöqtənin qoyulmasına əngəllər törədirlər. Bu əngəllər də bölgədəki əminəmanlığın sülhün yaradılması işinə müəyyən qədər maneçilik yarada bilir”.
Q.Hüseynli hesab edir ki, ABŞ-Fransa səfirlərinin məkirli niyyətlərindən uirəli gələrək Qarabağa səfərlər etməməsi Azərbaycanın öz hədəflərinə çatması üçün heç bir təsir göstərə bilməz, mövqeyimizdə heç bir dəyişikliyə gətirə bilməz. Onun sözlərinə görə, əgər ABŞ-Fransa Minsk Qrupunun həmsədrləri kimi bölgədə hər hansı imtiyazlara sahib olmaq istəyirlərsə, belə siyasət aparmaqla heç nəyə nail ola bilməyəcəklər:
“Onlar Azərbaycanda olan-qalan hörmətlərini də tamamən itirəcəklər. Azərbaycan xalqının nifrətini qazanıblar və belə addımlarla daha da əks münasibətlə qarşılanacaqlar. Belə bir deyim var: yaman siyasət bağdaddan dönər. Abş-Fransa yanlış siyasət aparırlar və bununla da öz hədəflərinə çata bilməyəcəkllər”.
Politoloq bildirib ki, biz ATƏT-in minsk Qrupunun gorbagor olduğunu bəyan etmişik. Azərbaycanın razılığı olmadan Minsk Qrupunun ortaya çıxması mümkün deyil. Azərbaycan bu istiqamətdə mövqeyini ortaya qoyub və bunu təkrarlamağa ciddi bir hacət yoxdur.
Siyasi şərhçi Aytən Qurbanova şərhində bildirib ki, əslində rəsmi Paris və Vaşinqtonun verdiyi və ya vermək istədiyi mesaj bizim üçün heç də aydın təsəvvür yaratmır:
“Çünki bir tərəfdən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiklərini iddia edirlər, digər tərəfdən isə işğaldan azad olunmuş bölgələrə, xüsusilə də Şuşa şəhərinə səfər etməkdən imtina edirlər. Bu nə deməkdir?! Azərbaycanın ərazi bütövlüyünə hörmət edirlərsə, bəs tarixi Azərbaycan torpağı olan Şuşa şəhərinin kimə məxsus olduğunu bilmirlər?! Təəssüf ki, bu addımları ilə onlar illərdir Azərbaycanın haqq mübarizəsinə qarşı tətbiq olunan ikili standartın təzahürlərini növbəti dəfə nümayiş etdirmiş olurlar. Digər tərəfdən, uzun illər münaqişənin həll olunmasında əsas vasitəçilərdən hesab edilən bu iki dövlətin Minsk formatı çərçivəsində danışıqlar prosesini məqsədli şəkildə uzatması məsələsi də artıq sübuta ehtiyacı olmayan faktdır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib ki, ABŞ və Fransanın belə bir münasibət nümayiş etdirməsinin əsas səbəbi bu dövlətlərin post-münaqişə dövrünün rerallıqlarını tam qəbul etməməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu dövlətlər hələ də hesab edirlər ki, Qarabağda “status” məsələsi müzakirə olunmalıdır, Minsk Qrupu fəaliyyətini davam etməlidir.
Siyasi ekspert digər səbəbin həmin ölkələrdə fəaliyyət göstərən erməni lobbi qruplarının fəaliyyəti ilə bağlı olduğunu önə çəkib:
“Fransa və Birləşmiş Ştatlar erməni lobbisinin üstünlük təşkil etdiyi ölkələrdir. ABŞ və Fransann belə bir mövqe nümayiş etdirməsi Azərbaycanla bu ölkələr arasında münasibətlərə mənfi təsir göstərir. Hesab edirəm ki, həmin dövlətlər bu məqamı nəzərə almalıdırlar. Bellə davam edərsə, bu ölkələrlə Azərbaycan arasında münasibətlər zərər görəcək. Təbii ki, Azərbaycan bu ölkələrlə, xüsusən də ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Son 31 il ərzində xüsusillə ABŞ Azərbaycanla yaxın münasibətlər qurub, bir sıra vacib geosiyasi, geoiqtisadi layihələrdə birgə iştirak edirlər. Hansı ki, Azərbaycan o layihələrin həyata keçirilməsində əsas dövlət olub, ona ciddi dəstək verib. Ancaq təəssüf ki, 2020-ci ildə baş verən 44 günlük vətən müharibəsindən sonra bu məsələdə ölkələrimiz arasında ciddi fikir ayrılığı yaranıb”.
M.Məmmədli eyni zamanda bildirib ki, Birləşmiş Ştatlar və Fransanın ökəmizdəki diplomatik nümayəndəlikləri, Azərbaycan dövlətinin rəsmi dəvətinə baxmayaraq Şuşada keçirdilən tədbirlərdə iştirak etmirlər. Əvvəllər də belə hallar olub. Bu da onu göstərir ki, səfərdən imtina təsadüfi deyil:
“Hər iki ölkə müharibə bitəndən sonra mütəmadi olaraq ATƏT-in Minsk Qrupunun reanimasiya olunması ilə bağlı mövqe ifadə edirlər. Hər iki ölkə sanki Qarabağın statusunun hələ də müəyyən olunmadığını bəyan edirlər. Bu da təbii ki, Azərbaycann mövqeyi ilə ziddiyyət təşkil edir. Ölkəmizin rəsmi mövqeyi ondan ibarətdir ki, bölgədə yaşayan bir ovuc erməniyə biz hər hansı bir status vermək niyyətində deyilik. Münaqişə rəsmi olaraq bitib və Ermənistan – Azərbaycan arasında sülh prosesində də Qarabağa vurğu vurulmasını, status məsələsinin qabardılmasını Azərbaycan dövləti qəbul etmir. ABŞ və Fransa buna görə də Şuşada keçirilən konfransda iştirak etməkdən intina etdiklərini nümayişkaranə bildirdilər. Bununla bağlı cənab Hikmət Hacıyev həm dövlətimizin, həm də özünün mövqeyini, münasibətini dəqiq ifadə etdi”.
Siyasi şərhçi Əli Mustafa bildirib ki, ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtinasına Azərbaycana qarşı əks mesajların ifadəsi kimi baxılmalıdır. Ə.Mustafa hesab edir ki, bu, həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasına qarşı verilən bir reaksiyadır:
“Bu, eyni zamanda sülhyaratma missiyasında Fransanın və ABŞ-ın kənarda qalmasına bir etirazdır. Uzun illər ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya da daxil olmaqla birgə hərəkət ediblər. Əslində isə heç bir iş ortaya qoymayıblar. Bununla belə münaqişənin dondurulmasında, status-kvonun qalmasında əsas rol oynayıblar. Özlərinin maraqları, qazancları olub. Sonda münaqişə müharibə ilə çözülüb. Azərbaycan silahlı qüvvələri müharibə yolu ilə işğalçıları öz əraziərindən qovub. ATƏT-in Minsk Qrupu öz üzərinə düşən missiyanı həyata keçirmədiyinə görə, Azərbaycan dövlət başçısı da belə bir quruma ehtiyac olmadığını deyib. Eyni zamanda Azərbaycan ictimaiyyəti də bu qənaətdə olub ki, Minsk Qrupu fəaliyyətsizdir, faydasızdır. Nəticədə Rusiya xaric digər həmsədr dövlətlər indiki nizamlama prosesindən qıraqdadırlar. Əlbəttə ki, Fransa və ABŞ-ın demarşı buna qarşıdır. Onlar bir növ etirazlarını belə bildirirlər”.
Ə.Mustafa Fransa və ABŞ-dan gələn bu yanaşmada erməni lobbisinin, diasporasının əlinin olduğunu istisna etməyib. Onun sözlərinə görə, hər iki dövlətdə olan erməni diasporası, lobbisi seçkilərin nəticələrinə təsir edəcək dərəcədə güclüdür:
“Bu baxımdan nə ABŞ, nə Fransa ermənilərin etirazlarını gözardına almır. Bu, bir növ erməni elektoratına hesablanmış addımlar da ola bilər. Nəzərə almaq lazımdır ki, payızda ABŞ-da seçkilər keçiriləcək. Bu dönəmdə erməni lobbisinin səsini itirmək istəmirlər. Azərbaycanın mövqeyi bəllidir və bəyan edir ki, Qarabağa status verməyəcək. Çox təəssüf ki, ABŞ-Fransa bu illər ərzində bitərəfli mövqe tutarq erməniləri müdafiə ediblər. Daha çox bir xiristian həmrəyliyi nümayiş etdiriblər. İndiki jestlərinə də xiristian təəsübkeşliyinin davamı kimi baxıram. İndi proses ermənilərin xeyrinə olmadığına görə etirazlarını bu formada bildirirlər”.
Politoloq Turan Rzayev bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərə vaxtaşırı bu cür səfərlər təşkil edilir:
“Rəsmi Bakı bununla həm erməni işğalının real mənzərəsini, həm də işğal sonrası görülən quruculuq, abadlaşdırma işlərini əyani surətdə səfər iştirakçılarına təqdim edir. Bu səfərlər həm də işğalçı və işğala məruz qalan arasındakı fərqi göstərmək məqsədi daşıyır”.
Politoloq ABŞ və Fransa diplomatlarının bundan öncəki səfərlərdə də bənzər şəkildə iştirak etmədiyini önə çəkib. Onun sözlərinə görə, əvvəl bunu səfirin cədvəli və ya müəyyən tədbirlərdə iştirak edə bilməməsi fonunda diplomatik üslublu bəhanələr gətirərək açıqlasalar da, budəfəki konfransda iştirak etməkdən sözün əsl mənasında nümayişkaranə şəkildə imtina ediblər.
T.Rzayev hesab edir ki, Fransa və ABŞ səfirlərinin indiki məqamda rəsmi Bakının dəvətini nümayişkanə geri çevirməsi və işğaldan azad edilən ərazilərə səfər etməməsi bir neçə məna kəsb edir:
“Birincisi, ABŞ və Fransa diplomatları işğaldan azad edilmiş ərazilərə səfər etməyərək vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər. Digər tərəfdən ABŞ və Fransa diplomatları Şuşanı hələ də keçmiş “Dağlıq Qarabağ” ərazisi olaraq görürlər və səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir.
İkincisi, ABŞ və Fransa həm də bununla Minsk Qrupundan əl çəkmək istəmədiklərini göstərir. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Aydın məsələdir ki, rəsmi Vaşinqton artıq tarix olan bu formatı dirildə biləcəyini, bununla da regionda qalmağa davam edəcəyini düşünür. Halbuki bu yanlış bir siyasi gedişdir. Çünki Azərbaycan-Ermənistan münasibətlərində yer almağın yeganə yolu Bakının gündəliyini qəbul etmək, bu aspektdən çıxış etməkdir. Azərbaycan Ordusu 44 günlük müharibə ilə regionada siyasi reallıqları əsaslı surətdə dəyişdi. Rəsmi Vaşinqton unutmamalıdır ki, hərbi güclə yaradılan reallığı diplomatiya ilə dəyişmək mümkün deyil!”
Politoloq məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi olaraq, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin - "dəfələrlə dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir" fikirlərini önə çəkib:
“Səfirlik açıqlamsında qeyd edir, “Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir.
Göründüyü kimi, söhbət Şuşa səfərindən imtinadan getdiyi halda səfirlik cavabında işğaldan azad olunmuş digər bölgələrdən bəhs edir. ABŞ səfirliyi “Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib” deyərərək əslində növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyur”.
Politoloq səfirliyin verdiyi bu açıqlamadan üç nəticəyə gəlməyin mümkün olduğunu önə çəkib:
“Birincisi, ABŞ əslində Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın “bütün ərazilərinə” aid olmadığını düşünür və bunu dolayı yolla bu cür ifadə edir. İkincisi, ABŞ səfirliyi Şuşaya getməkdən imtina edərək erməni separatizmini stimullaşdırmağa çalışır. Təsadüfi deyil ki, diplomatlarının Şuşaya getməkdən imtina etməsindən sonra erməni separatçılarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına təriflər yağdırırlar. Üçüncüsü, ABŞ və Fransa diplomatları işğaldan azad edilmiş ərazilərə səfər etməyərək vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər”. /hafta.az/
T.Qafarlı
Versus.az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."