2020-ci ilin 27 sentyabrı...
Yayılan rəsmi məlumatlar, Azərbaycanın qələbəsinin ilk müjdəsi
İki il bundan öncə, səhər 6:00-da Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada genişmiqyaslı təxribat törətdi, Azərbaycan isə sürətli əks-həmlə əməliyyatına başladı.
Müharibə, onsuz da, gözlənilirdi, sentyabrın 26-dan etibarən sosial şəbəkələrin həm erməni, həm də Azərbaycan seqmentində cəbhəyə qoşun cəmləşdirilməsi haqqında çoxsaylı məlumatlar tirajlanırdı.
Qoşunların toqquşması və ermənilərin genişmiqyaslı təxribatı barədə ilk rəsmi məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaydı.
Həmin məlumatda deyilirdi:
“Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür”.
Müdafiə Nazirliyi bunun ardınca düşmənin itkiləri barədə məlumat yaydı, daha sonra isə nazirliyin mətbuat katibi Anar Eyvazov ilk dəfə media önündə çıxışını etdi və həmin informasiyanı yenidən çatdırdı. Anar Eyvazov təmsil etdiyi nazirliyin əhaliyə müraciətini də xüsusi vurğu ilə qeyd etdi:
“Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıq göstərərək helikopteri qoşunlarımızın nəzarət etdiyi əraziyə endirməyi bacarıblar. Canlı itki yoxdur. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatları davam edir.
Əhali arasında ajiotaj və süni çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”.
Bundan sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi.
Daha sonra Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində birgə brifinq keçirdilər və Azərbaycana Vətən müharibəsinin ilk qələbə müjdəsi burada verildi.
Bunun ardınca isə Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və iclasda aparılan hərbi əməliyyatlar barədə bəzi məlumatlar açıqlandı.
Axşam saatlarına doğru Milli Məclis Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının təsdiq edilməsi barədə qərar qəbul etdi.
Qeyd edək ki, fərmana əsasən, sentyabrın 28-dən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan, həmçinin Abşeron ərazisində, Bərdə, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyətlə əlaqədar saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olundu.
Saat 18:00-dan sonra Hikmət Hacıyevlə Anar Eyvazov yenidən mətbuat önünə çıxdılar. Hikmət Hacıyev hərbi vəziyyətin detallarını açıqladı.
Bir azdan Anar Eyvazov Azərbaycanın növbəti uğurunu təqdim edəcəkdi. Anar Eyvazov qeyd etdi ki, Ordumuzun cəbhənin Goranboy rayonu istiqamətində keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Bununla da Azərbaycanın işğal altındakı ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.
Ermənistanın baş naziri Nikol Paşinyan cəbhədəki uğursuzluqları görüb, necə deyərlər, telefondan sallanmışdı. O müxtəlif ölkələrin liderlərinə zəng edərək onlardan yardım diləyirdi.
Azərbaycan Prezidenti İlham Əliyevə isə həmin gün iki ölkədən zəng gəlmişdi.
Günorta saatlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi.
Ərdoğan Türkiyənin, həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğuladı.
Sentyabrın 27-də İlham Əliyevə zəng edən digər şəxs Fransa Prezidenti Emmanuel Makron idi. O isə döyüşlərdən narahatlığını ifadə etsə də, Azərbaycana dəstək göstərməyəcəyi sonrakı günlərdə də açıq-aşkar bəlli oldu.
2020-ci il sentyabrın 27-sini beləcə gözlənti içində başa vurduq. Azərbaycan Prezident İlham Əliyev qətiyyət göstərirdi və bu, sonrakı günlərdə Ordumuzun uğurlarını stimullaşdırdı.
Azərbaycan sürətlə işğalda olan torpaqları azad etdi və 44 günün tamamında Ermənistan kapitulyasiya aktına imza atdı. /oxu.az/
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."