"27 sentyabr ən yeni tariximizdə böyük bir gündür"
Mətin Məmmədli: “44 günlük qələbədə əldə etdiyimiz uğura borcluyuq”
2020-ci il sentyabrın 27-də Ermənistanın 30 illik işğalı nəticəsində ərazilərimizdə yerləşən, mühəndis ehkamları quran qeyri-qanuni erməni hərbi birləşmələrinə, eləcə də dövlət sərhəddi istiqamətində törədilən hərbi təxribatlara qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən savaşı alnı açıq, qələbə ilə bitirdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu savaş Vətən Müharibəsi kimi qürurla anılır. Bu Anım günü Azərbaycan ictimaiyyətinə çox şeyləri xatırlatdı və anlatdı.
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli ilk olaraq bu zəfəri bizə yaşadan Şəhidlərimizə Allahdan rəhmət dilədi:
“Allah Şəhidlərimizə rəhmət eləsin, yaralanan qazilərimizə cansağlığı versin. Məhz onların həyatı, canı bahasına Ordumuzun gücü, dövlətimizin düşünülmüş siyasəti, hərbi-siyasi strategiyası nəticəsində biz 2 il əvvəl belə bir böyük qələbə əldə etdik. Qələbənin başlanğıcı 27 sentyabrda Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatıdır. 27 sentyabr ən yeni tariximizdə böyük bir gündür. Məhz bu 44 günlük Vətən Müharibəsi nəticəsində həm böyük bir qələbə əldə etdik, həm torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik və düşmən dövləti kapitulyasiya sənədini imzalamağa məcbur etdik”.
M.Məmmədli böyük qələbə ilə yanaşı regionda geosiyasi reallıqların əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd etdi. Onun sözlərinə görə, dəyişən geosiyasi reallıqlardan ən əsası ölkəmizin Cənubi Qafqaz regionunda mövqeyinin xeyli güclənməsidir:
“Artıq mövqelərimiz qalib dövlət kimi güclənib. Bu da həm region dövlətləri tərəfindən, həm də böyük dövlətlər tərəfindən nəzərə alınır. Azərbaycanla bərabər həm də qardaş, müttəfiq dövlət olan Türkiyə Cumhuriyyətinin də Qafqazda təsir imkanları xeyli genişlənib. Bu da qeyd etdiyim kimi yeni geosiyasi reallıqlardan biridir”.
M.Məmmədli mövcud reallığı əks etdirən digər məqamlara diqqət çəkərək bildirib ki, bu gün Azərbaycan iki ölkə arasında münaqişəni bitmiş saysa da, problemlər qalmaqdadır və bu problemlərin həlli məqsədi ilə noyabrın 10-dan sonra sülh prosesi istiqamətində danışıqlar başlayıb:
“Təqdirəlayıq haldır ki, sülh prosesindəki diplomatik gündəlik də ölkəmizin maraqları və mövqeyi nəzərə alınaraq müəyyənləlşib. 4 vacib mövzu var ki, tərəflər onların ətrafında danışıqlar aparırlar. Bu, iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regional kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi və humanitar məsələlərdir. Yəni göründüyü kimi 44 günlük vətən müharibəsinə qədər danışıqların əsas predmeti olan ermənilərin “status”, “Minsk Qrupunun vasitəçilik missiyası” və digər erməni diplomatlarının çalışdığı iddialar gündəmdən çıxarılıb. Bu, bizim diplomatiyamızın uğurudur və biz bu uğura görə də 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə borcluyuq”.
LƏMAN
Versus.az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."