Görkəmli bəstəkarın doğum günüdür

14:50 05-02-2024 | icon 222 | Mədəniyyət
Görkəmli bəstəkarın doğum günüdür

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür. 

 

Sənətkar 1918-ci ildə Bakı şəhərində məşhur həkim, təbabət professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub.

 

Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildə konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olub. 1935-ci ildə konservatoriyanın bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.

 

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub. 1941-ci ildə professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Hacıbəyov ilk andan Qara Qarayevin gələcək istedadını aşkarlaya bilib.

 

Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk skripka, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb.

 

1938-ci ildə ilk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını - bəstələyib.

 

1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb. 1943-cü ildə ilk simfoniyanı yazıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti sədrinin müavini olub.

 

1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub. 1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri təyin olunub. Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilib, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri təyin olunub. Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konfransının nümayəndəsi seçilib və Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildən 1976-cı ilə qədər SSRİ Ali Sovetinin IV-IX çağırış deputatı olub.

 

1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi olaraq fəaliyyət göstərib, 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə, 1957-ci ildə SSRİ Kinematoqrafiya İşçiləri İttifaqının üzvü seçilib. Həmin ildə “Don Kixot” filminə musiqi bəstələyib.

 

1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olub. Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olub. Çexoslovakiyada “Yeddi gözəl” baletinin premyerasında iştirak edib.

 

1963-cü ildə “Yeddi gözəl” baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulub.

 

Qara Qarayevin yaradıcılığında Vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil edib. İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək mahnısı” kantatası, “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir.

 

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. O, öz həyat yoldaşını çox sevib, başa düşüb və etibar edib. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri - “Prelüdiya lya major”u Qarayev yuxuda eşidib, səhər isə qələmə alaraq Tatyanaya təqdim edib. 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib, 1984-cü ildə “Bəstəkar Qara Qarayev” gəmisi dənizə buraxılıb, 1989-cu ildə səkkizillik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib. 1991-ci ildə Bakı şəhərində metronun “Avrora” stansiyasının adı dəyişdirilərək bəstəkarın xatirəsinə “Qara Qarayev” adlandırılıb. Həmin ildə Bakı şəhərinin küçələrindən birinə Qara Qarayevin adı verilib. 1998-ci ildə “Qara Qarayev” poçt markası buraxılıb. 2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib.

 

TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib. 2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsində yerləşən ev-muzeyinin açılış mərasimi olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK