Öldürdükdən sonra yandırdılar
Cinayətkar qardaşlara ağır cəza verildi - biri məhkəmədə həbs edildi
Bakıda törədilən dəhşətli qətl hadisəsinə görə açılan cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Cinayətdə əli olan daha bir şəxs məhkəmə zalında həbs edilib.
Versus.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Tuqay Bayramov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Onun qardaşı Xəyal Bayramov da qətlin törədilməsində təqsirli bilinərək məhkəmə zalında həbs edilib. X.Bayramov məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin təfərrüatı...
Bakı şəhəri, Nərimanov rayonu Nürəddin Süleymanov küçəsində tikinti çuxurundan Naxçıvan şəhərində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi tapılıb.
Meyitin ekspertizası zamanı həkimlər çoxlu sayda bıçaq yaraları aşkar ediblər. İlkin məlumata əsasən, qətl hadisəsi başqa ünvanda həyata keçirilib. Cinayətin iştirakçıları öldürülən şəxsi avtomobil vasitəsilə Nürəddin Süleymanov küçəsinə gətirərək, tikinti aparılan ərazidə çuxur yerinə atıb, hadisə yerindən uzaqlaşıblar.
Şübhəli şəxs qismində ilk olaraq Tuqay Bayramov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, qətldən bir müddət öncə A.Abdullayev T.Bayramovla birlikdə spirtli içki qəbul ediblər. Bu məqsədlə onlar yaxınlıqda yerləşən apteklərin birindən tibbi spirt alıblar. Spirtli içki qəbulundan sonra tərəflər arasında mübahisə yaranıb. Tərəflər bir-birini təhqir etməyə başlayıb. Mübahisə nəticəsində Tuqay Bayramov bıçağa əl ataraq dostunu öldürüb.
İlkin istintaq dövründə hadisənin bir neçə şəxs tərəfindən həyata keçirildiyi barədə şübhələr olsa da, saxlanılan şəxs etiraf edib ki, cinayəti tək törədib.
İzahatının davamında Tuqay Bayramovun qətli qardaşı ilə birlikdə törətdiyi üzə çıxıb.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."