"Şuşa Qurultayı tarixi əhəmiyyətli hadisə olacaq”
Aydın Quliyev: “Qurultayın hazırlanması və nümayəndələrinin seçilməsi dəqiq aparılmalıdır”
“Dünya Azərbaycanlılarının 5-ci Qurultayının Şuşada keçirilməsi barədə qərarın özü tarixi əhəmiyyətə malikdir. İndiyə qədər keçirilmiş 4 qurultaydan sonra 5-ci Şuşa Qurultayı kimlərəsə formal görünsə də, tarixdə bunun ayrıca bir yeri olacaq”.
Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Şuşa Qurultayının əhəmiyyəti və diasporalarımızın inkişafında rolu, verə biləcəyi töhfələri şərh edərkən bildirib.
A.Quliyev qeyd edib ki, indiyə kimi Dünya Azərbaycanlılarının Qurultayları Azərbaycanın paytaxtında keçirildiyi halda, 30 ildən sonra ilk dəfə işğaldan azad olunmuş torpaqlarımızın gözündə- Şuşada keçirilməsi təsadüfi ola bilməz:
“Bu qurultay yəqin ki, dünya azərbaycanlılarının taleyində və həyatında xüsusi bir hadisə kimi qalacaq. Dünya azərbaycanlılarının Bakıda keçirilən qurultaylarda iştirakları onlar üçün nə qədər əlamətdar olsa da, Şuşa Qurultayı hər bir azərbaycanlının maraqla izlədiyi hadisəyə çevriləcək”.
Əvvəlki qurultaylarda xaricdən nümayəndələrin dəvət olunması və işin təşkilində müəyyən nöqsanların özünü açıq biruzə verdiyini qeyd edən A.Quliyev, Şuşa Qurultayında belə hallara qarşı xüsusilə diqqətli yanaşılmanın zəruriliyini önə çəkib:
“Ona görə də Şuşa Qurultayının hazırlanması və nümayəndələrinin seçilməsi olduqca dəqiq aparılmalıdır. Yaxşı olardı ki, Vətən Müharibəsində Azərbaycanın mənafelərinin və siyasətinin xaricdə müxtəlif dünya dövlətlərində müdafiəsi, təbliğ olunması istiqamətində həm ideoloji, həm də təşkilati mənada böyük aktivlik nümayiş elətdirmiş diaspor təşkilatlarımıza üstünlük verilsin. Seçilən nümayəndələr kimlər olcaqsa, bu seçim kənardan son dərəcə ədalətli və qüsursuz görünməlidir”.
A.Quliyev eyni zamanda hesab edir ki, Şuşa Qurultayının dünyaya çox böyük mesajları olacaq. Onun fikrincə, bu qurultay torpaqlarımızın işğaldan azad edilməsinin təkcə Azərbaycan dövlətinin və onun ölkədə yaşayan vətəndaşlarının yox, həm də dünyada yaşayan Azərbaycan diaspora üzvlərinin taleyi üçün önəmli hadisəyə çevrildiyini göstərəcək:
“Dünya görəcək ki, Şuşanın azadlığı üçün təkcə Azərbaycanda olan vətəndaşlar, Azərbaycan Ordusu, dövlət orqanları, vətəndaşlar yox, eyni zamanda xaricdə yaşayan diaspor üzvlərimizin də aktiv fəaliyyəti olub. Bu eyni zamanda onların böyük həyat arzularına çevrilib. Bu qurultayda veriləcək mesajların dünyada Azərbaycanı istəməyən, 44 günlük müharibənin nəticələri ilə barışmayan düşmən qüvvələrə də çox böyük təsir gücü olacaq. Diaspor qüvvələrinin Şuşada qurultaydakı çıxışı, dünyaya verəcəkləri müsajlar müxtəlif ölkələrdəki erməni lobbisinə, erməniləri hələ də dəstəkləmək istəyən müəyyən strukturların fəaliyyətinə qarşı güclü əks addım kimi ortaya çıxa bilər. Dünyada olan müxtəlif erməni diaspor təşkilatları, lobbi strukturları bir daha əmin olacaqlar ki, əgər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar fəal, ürək yanğısı ilə Şuşaya toplaşıblarsa, demək soydaşlarımız daim dövlətin yanındadırlar. Şuşa Qurultayı Azərbaycanın müxtəlif dövlətlərdəki diasporalarının gücünü nümayiş etdirmək baxımından əhəmiyyətli olacaq. Və bizim düşmənlər görəcək ki, Azərbaycanın gücü təkcə ölkə daxilində yox, eyni zamanda müxtəlif ölkələrdə yaşayan mütəşəkkil Azərbaycan diasporunun timsalındadır. Bir sözlə, Dünya Azərbaycanlılarınn 5-ci Şuşa Qurultayı tarixi əhəmiyyətli hadisə olacaq”. /hafta.az/
TAHİRƏ
Versus.az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."