Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?
Razi Nurullayev: “Hüquq-mühafizə orqanlarının açıqlamalını gözləməliyik”
“Bu, Azərbaycan parlamentinə açılmış bir güllədir. Bu, Azərbaycan dövlətçiliyini sarsıtmaq, ölkədə çaxnaşma, qarışıqlıq yaratmaq cəhdidir”.
Versus.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev həmkarı Fazil Mustafanın öz evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnməsi ilə bağlı ortaya çıxan suallar, ehtimallarla bağlı açıqlamasında bildirib.
R.Nurullayev bildirib ki, Milli Məclisin deputatına qarşı sui-qəsdin həyata keçirilməsi Azərbaycanda sabitliyi pozmağa, vətəndaşların gözünü qorxutmağa yönəlib. Deputat Azərbaycan xaqını belə aktlara qarşı bir olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb:
“Çünki Azərbaycan deputatına atılan güllələr, həm də cənab Prezidentin apardığı siyasətə qarşı bir hücumdur. Prezident Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə qoruyur. Vətəndaşlarımız belə vəziyyətlərdən qorxmaq yox, prezidentin ətrafında daha sıx birləşməlidir. Biz bu vəziyyətdə balaca bir boşluğa yol versək, üzərimizə daha çox gələcəklər”.
R.Nurullayev hadisənin ciddiliyini nəzərə alaraq ictimaiyyətin irəli sürdüyü müxtəlif ehtimallar və onların nə dərəcədə məntiqə söykənməsinə diqqət çəkib. O, irəli sürülən ehtimallar sırasında hadisədə İran izinin olması məqamına toxunub:
Onun fikrincə, Fazil bəy İranın Azərbaycandakı dini siyasətinə qarşı çıxış edən ən öndə gedən şəxslərdən biridir:
“Fazil bəy İranın Azərbaycandakı agentura şəbəkəsini, uzantılarını ifşa edən deputatdır. Ona görə də belə bir ehtimalın mediada ortaya atılması anlaşılandır. Amma ortada başqa versiyalar da ola bilər. Burada hansısa qüvvələrin bilərəkdən Azərbaycanla İran arasında münasibətləri daha da gərginləşdirmək, iki ölkəni bir-birinə qarşı qoymaq, vəziyyəti öz oxundan çıxartmaq istəkləri də ola bilər”.
Deputat bütün hallarda tezliklə hüquq-mühafizə orqanlarının apardığı istintaq araşdırmaları əsnasında əsl həqiqətlərin ortya çıxacağına ümidvar olduğunu vurğulayıb:
“Əsas ehtimallardan bir hələ ki, İranın üzərində dayanıb. Çünki Fazil bəyə qarşı bu kimi təhdidlər olub. O, İranın burdakı dini siyasətinə qarşı çıxaraq, burdakı İran şəbəkəsini ifşa etdiyinə görə bu ehtimal qüvvədə qalır. Bütün hallarda biz daha dəqiq nəticəyə gəlmək üçün hüquq-mühafizə orqanlarının açıqlamalını gözləməliyik”.
T.Qafarlı
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."