Salman Mümtaza həsr olunmuş ekspozisiyanın AÇILIŞI
Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtazın həyat və yaradıcılığına həsr olunmuş ekspozisiyanın açılış mərasimi keçirilib.
Versus.az xəbər verir ki, muzeyin direktoru, akademik Rafael Hüseynov Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən ətraflı söz açıb.
Bu il 140 illiyi qeyd edilən Salman Mümtaz klassik ədəbi irsin toplanması, nəşri və tədqiqi sahəsində fəaliyyət göstərmiş, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır. Həmçinin S.Mümtaz, Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərin, Məhəmməd Füzuli əsərlərinin üç cildinin, "250 şair" toplusunun, "Xətai" divanının, "Səid Əhməd Hatif", "Əli Bakuvi", "Şəki savları" və digər əsərlərin müəllifidir.
Alim bildirib ki, 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçməyib. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideoloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edilirmiş. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilərək Bakıdakı evində siyasi düşmən kimi həbs olunub, ağır işgəncələrə məruz qalıb. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilib.
Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunaraq həmin bölgənin yaxınlığında Medvedski meşəsində güllələnib.
Akademik Rafael Hüseynov Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə əvvəldən-sonadək araşdırdığını, onun şəxsi kitabxanasında olmuş, evinə gedib-gələn alimlərin, ədiblərin şəhadətinə əsasən tərtib edilmiş 258 addan ibarət siyahını da o vaxt ilk dəfə gördüyünü qeyd edib.
Tədbirdə tədqiqatçı-alim Şəlalə Hümbətova, S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova Salman Mümtaz yaradıcılığı haqqında məlumat veriblər.
Salman Mümtazın nəvəsi şərqşünas Urxun Qalabəyli babasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonda qonaqlar Salman Mümtazın həyat və yaradıçılığına həsr olunmuş yeni açılmış əkspozisiyanı ziyarət etdilər.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."